“Narazılığın ifadə olunmasının da hüquqi və ictimai məsuliyyət çərçivəsi var. Təhsil müəssisələrinə hücum etmək, məktəb binalarını dağıtmaq, dövlət əmlakına ziyan vurmaq nə etiraz mədəniyyətinə, nə də qanunun aliliyi prinsipinə uyğundur”.
Bunu “Azərbaycan müəllimi”nə Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.
Onun sözlərinə görə, məktəb ilk növbədə uşaqların təhsil aldığı, müəllimlərin fəaliyyət göstərdiyi və cəmiyyətin gələcəyinin formalaşdığı məkandır:
“Bu məkanlara zərər vurmaqla uşaqların təhsil mühitinə, ictimai təhlükəsizliyə və dövlət əmlakına ziyan vurulur. Burada əsas məsələ cəmiyyətdə qanuna, ictimai qaydaya və dövlət əmlakına münasibətdir. Heç bir narazılıq qanunu pozmağa, təhsil müəssisələrinə hücum etməyə və dağıntılar törətməyə bəraət qazandıra bilməz. Dövlətin və qanunun aliliyi hər kəs üçün əsas prinsip olmalıdır. Hər bir şəxs hüquq və məsuliyyət arasındakı sərhədi gözləməli, başqalarının təhlükəsizliyinə və cəmiyyətin ümumi mənafeyinə hörmətlə yanaşmalıdır”.
Onun sözlərinə görə, dövlət ümumi təhsil müəssisələrində şagirdlər üçün vahid məktəbli formasının, müəllimlər üçün isə işgüzar geyim tələblərinin müəyyənləşdirilməsi məktəbdə vahid davranış və geyim mədəniyyətinin formalaşdırılması, nizam-intizamın möhkəmləndirilməsi və təhsil mühitinin daha səmərəli təşkili baxımından əhəmiyyətlidir:
“Məktəb yalnız bilik və bacarıqların aşılandığı məkan deyil, eyni zamanda uşaqların məsuliyyət, intizam, qarşılıqlı hörmət və ictimai davranış qaydalarını mənimsədikləri mühüm sosial institutdur. Bu baxımdan, müəyyən edilmiş qaydalara riayət olunması təhsil prosesinin təşkilinə və məktəbdə sağlam münasibətlərin formalaşmasına müsbət təsir göstərəcək. Şagirdlərin vahid məktəbli formasında dərsə gəlməsi onların özlərini ümumi kollektivin üzvü kimi hiss etmələrinə, məktəbə bağlılıq və məsuliyyət duyğularının güclənməsinə şərait yaradır. Eyni zamanda, müəllimlərin səliqəli və işgüzar geyim üslubuna riayət etməsi məktəbdə peşəkar mühitin qorunmasına, müəllim nüfuzunun və pedaqoji fəaliyyətə hörmətin möhkəmlənməsinə töhfə verəcək. Müəllim yalnız tədris etdiyi fənn vasitəsilə deyil, həm də davranışı, ünsiyyət mədəniyyəti və şəxsi nümunəsi ilə şagirdlərin tərbiyəsinə təsir göstərir. Burada əsas məsələ geyim qaydalarını formal tələb kimi deyil, məktəbin ümumi təşkilati mədəniyyətinin tərkib hissəsi kimi qəbul etməkdir. Ümumi qaydalara əməl olunması məsuliyyət hissinin inkişafına, tədris mühitində nizamın qorunmasına və məktəb kollektivində vahid yanaşmanın formalaşmasına kömək edəcək”.
Deputat qeyd edib ki, vahid məktəbli formasının mühüm üstünlüklərindən biri şagirdlər arasında ailələrin maddi imkanlarından irəli gələn fərqlərin geyim vasitəsilə ön plana çıxmasının qarşısını almaqdır:
“Uşaqların eyni geyim formasında məktəbə gəlməsi onların zahiri görünüş əsasında müqayisə edilməsinin və geyimlə bağlı sosial təzyiqlərlə üzləşməsinin qarşısını almağa kömək edəcək. Beləliklə, şagirdlərin diqqətinin geyimin markasına, qiymətinə və ya dəbdə olan üslublara deyil, dərslərə, bilik əldə etməyə və şəxsi inkişafa yönəlməsi üçün daha əlverişli şərait yaranacaq. Məktəbli forması, eyni zamanda, uşaqlarda kollektivə mənsubluq və məktəbə aidlik hissini gücləndirən amillərdən biridir. Şagirdlər eyni təhsil mühitinin iştirakçıları olduqlarını daha aydın hiss edir, ortaq qaydalar və dəyərlər ətrafında birləşirlər. Bu, qarşılıqlı münasibətlərin inkişafına, kollektiv ruhunun möhkəmlənməsinə və məktəbdə bərabər münasibət mədəniyyətinin formalaşmasına müsbət təsir göstərəcək. Nəticə etibarilə, vahid məktəbli forması yalnız xarici görünüşün tənzimlənməsi deyil, həm də məktəb mədəniyyətinin, sosial uyğunlaşmanın və kollektiv məsuliyyətin formalaşmasına xidmət edən yanaşmadır. Bu qaydaların məqsədyönlü tətbiqi, müəllimlərin peşəkar geyim mədəniyyətinə riayət etməsi və valideynlərlə məktəb arasında əməkdaşlığın gücləndirilməsi təhsil müəssisələrində daha nizamlı, inklüziv və qarşılıqlı hörmətə əsaslanan mühitin yaranmasına şərait yaradacaq”.
V. Rəhimzadə vurğulayıb ki, bir sözlə, vahid məktəbli forması şagirdlərin geyimləri ilə bağlı sosial-iqtisadi fərqlərin ön plana çıxmasının qarşısını alır, onların diqqətinin tədris prosesinə və şəxsi inkişafa yönəlməsini şərtləndirir:
“Təhsilin millətin gələcəyi olduğunu, hər bir ölkənin inkişafında müasir çağırışların rolunu və onlara nail olmağın prioritetliyini diqqətdə saxlayan Azərbaycan hər zaman bu sahədə uğurlu addımları ilə diqqətdə olur. Hazırda ölkəmizdə savadlılıq səviyyəsinin 100 faiz olması bu sahədə görülən işlərin, qəbul edilən təkmil qərarların, təşəbbüslərin ümumiləşdirilmiş ifadəsidir”.