“Aqrolizinq”də  ciddi maliyyə pozuntuları –

Sabiq nazir “korrupsiya olmayıb”, nazirlik “bizlik deyil” dedi
18 Fevral 2020 - 16:37

Maliyyə Nazirliyinin dövlət maliyyə nəzarəti Xidməti “Aqrolizinq” ASC-də yoxlama aparıb və ciddi maliyyə pozuntuları aşkar edib.

Xidmətin bildirdiyinə görə, “Aqrolizinq”də yoxlama 2017-ci ilin yanvarından 2019-cu ilin sentyabrına qədər olan dövrü əhatə edib, yoxlama zamanı ciddi mənimsəm və korrupsiya halları aşkarlanıb. “Bu pozuntular 2006-2019-cu illər ərzində kənd təsərrüfatı texnikasının lizinqə verilməsinə, texnoloji avadanlıqların alınmasına, göstərilmiş xidmətlərə görə mövcud olan borclara aid olub”,-məlumatda deyilir.

Yoxlamanın gedişində bir sıra təchizatçı şirkətlər və borclular tərəfindən 14.3 milyon manat vəsaitin “Aqrolizinq”in hesabına ödənilməsi təmin edilib, dövlət büdcəsinə çatmalı olan 52.4 min manat da ödənilib.

Habelə aqrotexniki xidmətlər göstərən şirkətlər tərəfindən daha 7.5 milyon manatın “Aqrolizinq”ə 2020-ci ilin sentyabrına qədər ödənilməsi üçün vaxt qoyulub.

“Bundan əlavə cins mal-qaranın, texnoloji avadanlıqların alınması üçün 11 milyon 259 min manat alan, amma işləri yerinə yetirməyən bir sıra şirkətlər barədə materiallar yoxlamaq üçün hüquq-mühafizə orqanlarına göndərilib”,-Maliyyə Nazirliyi bildirir.

“Aqrolizinq” ASC Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxildir.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov isə Azpost.info-ya açıqlamasında deyib ki,  “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində yoxlamalar təkcə Maliyyə Nazirliyi tərəfindən aparılmayıb. “Aqrolizinq”də həmçinin son bir ildə iki beynəlxalq şirkət tərəfindən audit və qiymətləndirmə keçirilib.

O bildirib ki, yoxlamalar zamanı qeydə alınan pozuntular 2018-ci ilədək olan dövrü əhatə edir: “Aqrolizinq ASC” 2019-ci ilin yanvarından etibarən kənd təsərrüfatı texnikası və damazlıq heyvanların alqı-satqısı ilə məşğul olmur”.

Sabiq Kənd Təsərrüfatı Naziri Heydər Əsədov “Aqrolizinq”də aparılan yoxlamalarla bağlı danışıb. Onun sözlərinə görə, “Aqrolizinq” ASC-də aparılan yoxlamaların materialları borcların 2006-cı ildən bu günə qədər yarandığını göstərir: “Ancaq söhbət korrupsiya və mənimsəmə barədə deyil, fermerlərin və şirkətlərin ASC-dən aldıqları borcların qaytarılması ilə bağlıdır”.

Heydər Əsədov virtualaz.org-a deyib ki,  borcların yaranmasına gəlincə, çalışdığı dövrdə texnoloji avadanlıqlar ümumiyyətlə alınmayıb: “Texnoloji avadanlıqlar üzrə bütün borclar əvvəlki vaxtda verilib. Bəli, nazirliyə rəhbərlik etdiyim müddətdə heyvanların alınması ilə əlaqədar müəyyən borclar yaranmışdı. Onların geri qayıtması normal bir prosedurdur. Vaxtı keçmiş borcların qaytarılmasını sürətləndirməyə gəlincə, mən özüm bu məsələ ilə bağlı iki dəfə prokurorluğa müraciət etdim. Bütün müvafiq sənədlər var və Maliyyə Nazirliyi bunu təsdiqləyəcək. Müraciətlərimdə bu kimi borcluların ödənişləri gecikdirdiyini qeyd etdim”, – eks-nazir əlavə edib.

Heydər Əsədov bir daha vurğulayıb ki, söhbət korrupsiya və mənimsəmədən getmir: “Söhbət fermerlərin aldıqları borcları qaytarmaqdan gedir. Texnoloji avadanlıqların alınmasından yaranan borclara gəldikdə isə, bir daha təkrar edirəm ki, bunlar mənim dövrümə aid deyil”, – H. Əsədov qeyd edib.