AŞPA-da Azərbaycanda siyasi məhbuslar haqqında qətnamə qəbul olunub –

Səməd Seyidov avropalı məruzəçi ilə mübahisə edib
30 Yanvar 2020 - 21:25

Yanvarın 30-da Avropa Şurası Parlament Assambleyası (AŞPA) “Azərbaycanda siyasi məhbuslarla bağlı məlumatlar haqqında iş” üzrə qətnaməni qəbul edib.

Qətnamə layihəsi Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi, islandiyalı deputat Torhildur Sunna Evarsdottirin hesabatı əsasında hazırlanıb. Müzakirələr zamanı deputatların əksəriyyəti hesabatı dəstəkləyib.

Əsasən fransalı millət vəkili Bernard Furnye Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarını icra etmədiyini bildirib və qeyd edib ki, bu yolverilməzdir.

O bildirib ki, hüquq müdafiəçilərinin, fəalların fəaliyyəti bəzən onların həbsxanalara düşməsinə səbəb olur.

Furnye cəza və məhkəmə-hüquq sistemində islahatlarla bağlı Azərbaycan prezidentinin fərmanlarını yüksək qiymətləndirib. Ancaq o bu tədbirləri yetərli saymayıb. Furnyenin fikrincə, icra hakimiyyətinin Hüquq-Məhkəmə Şurasının işinə müdaxiləsi yolverilməzdir ki, bu da hakimlərin müstəqilliyini pozur.

Öz növbəsində, Azərbaycan nümayəndə heyətinin üzvləri hesabatın müddəaları ilə qəti şəkildə razılaşmayıblar. Sahibə Qafarova məruzədə cinayət əməllərinə görə mühakimə olunan dini radikalların siyasi məhbus kimi təqdim olunduğunu bildirib. Azərbaycandan digər deputatlar da tənqidi qəbul etməyərək Azərbaycanın AŞ ilə əməkdaşlığa sadiq olduğunu qeyd ediblər, eyni zamanda demokratiya quruculuğunda obyektiv çətinliklərin və keçmişin “ağır irsi” ni qeyd ediblər.

Rusiya, Türkiyə və bir sıra digər ölkələrin bəzi deputatları Azərbaycan nümayəndə heyətini dəstəkləyib. Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov məruzəçini qərəzli sayıb və AİHM qərarlarını sərbəst şərh etməkdə, həmçinin fevral ayında keçiriləcək parlament seçkilərinə “müdaxilədə”, onların “demokratikliyini” qəsdən şübhə altına almaqda ittiham edib. “Azərbaycanda siyasi məhbusların olması barədə bəyanat ağır ittihamdır və biz bunu heç vaxt qəbul etmirik”, Seyidov deyib.

Öz növbəsində Evarsdottir öz ünvanına ittihamlara reaksiya verərək bildirib ki, ötən ilin dekabr ayı ilə müqayisədə məsələ AŞPA Komitəsində müzakirə olunanda o, öz mövqeyini 180 dərəcə dəyişdirmişdi. “İndi başa düşdüm ki, niyə Azərbaycanda siyasi məhbuslar var. Siz tənqidə dözümsüzsünüz”, məruzəçi deyib. O hesab edir ki, siyasi məhbus probleminin həll olunmaması ölkənin Avropa Şurasına üzvlüyünü risk altına alır. “Heç birimiz bunu istəmirik. Azərbaycanın Avropa Şurasında öz yeri var. Ancaq bu ölkə öz öhdəliklərinə hörmətlə yanaşmalıdır”, Evarsdottir deyib.

Azərbaycan nümayəndə heyətinin təklif etdiyi üç düzəlişdən heç biri qəbul edilməyib. Qətnamə 28 əleyhinə olmaqla 82 səs çoxluğu ilə qəbul edilib. Təxminən bu nisbətlə tövsiyələr qəbul edilib.