Astarada Qazinin yaşadığı “ev” hamını şoka saldı –İcra hakimiyyəti açıqlama yaydı (FOTO)

Jurnalist Kamil Həmidovun paylaşdığı Astara rayonu, Səlivə kəndində yaşayan Vətən Müharibəsi Qazisi Məlik Nəhmət oğlu Məlikovun yaşadığı “ev”in fotoları sosial şəbəkədə ciddi rezonas verib. 
Azpost.info bildirir ki, Məlik Məlikov 2020-ci ilin sentyabırnda, müharibənin ilk günündən səfərbərliyə cəlb olunub, Füzuil və Xocavənd istiqamətlərində döyüşüb.

Döyüşdə yaralanıb ağır kəllə-beyin travması alsa da döyüşdən geri dönməyib. Müharibədən sonra da bir ay 21 gün Xocavənddə olub və dekabrın 31-də təxris olunub.  İgidliyinə, Qəhrəmanlığına görə Prezident İlham Əliyev tərəfindən “Cəsur döyüşü”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Qazinin yaşadığı bu ev isə heç bir halda bu qəhrəman oğula adekvat deyil.

Fotolar yayıldıqdan sonra Astara rayon İcra Hakimiyyəti məsələ ilə bağlı rəsmi açıqlama verib.

Azpost.info-ya daxil olan açıqlamada bildirilir ki,  Astara rayonu Səlivə kənd sakini Vətən müharibəsi iştirakçısı Məlikov Məlik Nəhmət oğlunun müharibə əlili statusu olmadığından müharibə əlilləri və şəhid ailələri üçün nəzərdə tutulan mənzil növbəsinə götürülməsi mümkün deyil. “Vətəndaş rayon icra hakimiyyətinə işlə təmin olunması ilə bağlı müraciət etmiş, Vətən müharibəsində yaralananların və şəhid ailələrinin məşğulluğun təminatında daha fəal iştirakının təşviqi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılmış “Məşğulluq marafonu”nda Məlik Məlikovun işlə təmin olunmaqla bağlı qeydiyyatı aparılmışdır. Rayon icra hakimiyyəti tərəfindən Məlik Məlikovun ailəsinə ərzaq və maddi yardımlar edilmişdir. Ailənin maddi vəziyyəti aşağı olduğundan rayon icra hakimiyyəti tərəfindən müvafiq yardımların edilməsi zamanı ailə nəzərə alınacaqdır. Məlumat üçün bildiririk ki, eyni həyətdə vətəndaşın ailəsinə məxsus yeni yarımtikili ev vardır”.

Rəsmi mətndən belə aydın olur ki, Qazi Məlikovun durumu rəsmi orqanlara məlum olsa da mənzil məsələsi ilə bağlı hər hansı addım və təşəbbüs göstərilməyib. Ümid edirik ki, bu rezonansdan sonra müharibə iştirakçısı olmuş Məlik Məlikovun problemləri həllini tapacaq.

Azpost.info

 

Əvvəlki məqalə

“Finlandiya Rusiya vətəndaşları üçün viza siyasətini sərtləşdirməlidir”

Sonrakı məqalə

“Rusiya ilə bağlı səhvlərimizdən dərs çıxarmalıyıq”