ATƏT Parlament Assambleyasının (PA) Prezidenti Pia Kauma və Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndə Kari Henriksen Azərbaycanın Ermənistanla sülh sazişinin yekunlaşdırılması istiqamətində səylərini davam etdirməyə sadiqliyini alqışlayıb.
Bu barədə ATƏT PA-nın nümayəndə heyətinin Azərbaycana səfərinin yekunlarına dair bəyanatında bildirilib. Qeyd olunub ki, bu gün başa çatan səfər çərçivəsində Azərbaycanın siyasi rəhbərliyi ilə Ermənistanla hərtərəfli tənzimləməyə nail olunması istiqamətində müzakirələr aparılıb.
“Azərbaycana bu gün başa çatan səfər çərçivəsində ATƏT PA prezidenti Pia Kauma (Finlandiya) və Cənubi Qafqaz üzrə xüsusi nümayəndə Kari Henriksen (Norveç) ölkənin siyasi liderliyi ilə sentyabrda Azərbaycanın öz Qarabağ regionu üzərində nəzarətini bərpa etməsindən sonra Ermənistanla tam nizamlamaya nail olunmasına ehtiyac müzakirə edilib. Sülh sazişi və əlaqələrin normallaşmasının irəliyə aparılması üçün konstruktiv iştirak vacibdir”.
Bəyanatda vurğulanıb ki, Azərbaycanın ATƏT PA-da güclü iştirakı regionda çoxtərəfli diplomatiya və dialoq üçün müsbət işarədir.
Əlavə olunub ki, Prezident Kauma, xüsusi nümayəndə Henriksen və Baş Katib Roberto Montella Bakıda keçirilmiş bir sıra görüşlərdə Azərbaycan Prezidenti İlham Əliyev, Milli Məclisin spikeri Sahibə Qafarova, xarici işlər nazirinin müavini Fariz Rzayev, ATƏT PA-da Azay Quliyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti ilə cari vəziyyəti müzakirə edib.
Bəyanatda ATƏT PA nümayəndələrinin eyni zamanda minaların təmizlənməsi, itkin düşənlər və insan haqları, həmçinin qaçqın və məcburi köçkünlərlə bağlı çalışan rəsmilər, o cümldən Beynəlxalq Qırmızı Xaç Kopmitəsi və digər beynəlxalq ictimaiyyətin nümayəndələri ilə Azərbaycanın işğaldan azat etdiyi rayonlarındakı humanitar vəziyyətin müzakirə edildiyi əlavə olunub.
Nümayəndə heyətinin azad edilmiş ərazilərdə aparılan minaların təmizlənməsi, yenidənqurma və bərpa işlərinin irəliyə doğru aparılması istiqamətində nəzərə çarpan səyləri xüsusi qeyd etdiyi vurğulanıb.
Bəyanatda ATƏT PA prezidentinin və xüsusi nümayəndənin regiona səfərinin qarşıdakı günlərdə Gürcüstan və Ermənistan ziyarətləri ilə davam edəcəyi qeyd olunub.
Əlavə olunub ki, regional səfərin sonunda ATƏT PA İrəvanda payız iclasını keçirəcək və burada Prezident Pia Kauma apardığı müzakirələrə dair hesabatını təqdim edəcək.