ATƏT sədri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Mayın 14-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizə səfəri çərçivəsində ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici işlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, Ceyhun Bayramov və İan Borq arasında təkbətək müzakirələrdən sonra, hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib, bir neçə əsas istiqamət üzrə ətraflı müzakirələr aparılıb.

Azərbaycan və Malta arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə toxunulub, enerji və turizm kimi sahələrdə münasibətlərin gücləndirilməsi üçün geniş imkanların mövcudluğu qeyd edilib.

Maltanın ATƏT-də sədrliyinin prioritetləri arasında ətraf mühit, bağlantılar kimi sahələrin əks olunmasının Azərbaycan tərəfindən müsbət qarşılandığı bildirilib. Xüsusilə Azərbaycanın COP29 sədrliyi ilə Maltanın ATƏT sədrliyinin birgə səylər sayəsində qlobal ətraf mühit dəyişikliyinə reaksiya verilməsində sinerji effekti yarada biləcəyi diqqətə çatdırılıb.

Avropada təhlükəsizliyin ciddi çağırışlarla üzləşdiyi hazırkı dövrdə ATƏT-in regional ölçülü məsələlərin həllində rolunu qoruyub saxlaya bilmək üçün özünün hərtərəfli təhlükəsizlik konsepsiyasından və geniş üzvlük coğrafiyasından maksimum istifadə etməli olduğu vurğulanıb. Burada suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı kimi prinsiplərin ATƏT çərçivəsində təhlükəsizliyin təmini, inamın bərpası və əməkdaşlıq üçün təməl rolunu oynamalı olduğu xatırladılıb.

Ceyhun Bayramov postmünaqişə dövründə regional vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi barədə maltalı həmkarına ətraflı məlumat verib. Ermənistan-Azərbaycan əlaqələrinin normallaşdırılması və nəticə etibarilə sülh sazişinin imzalanması üzrə birbaşa ikitərəfli danışıqların irəliyə getmək üçün ən yaxşı yanaşma olduğu bildirilib.

Keçmiş münaqişə dövründə bir sıra ATƏT təsisatlarının Ermənistan ilə Azərbaycan arasında 30 il davam etmiş münaqişənin həlli prosesində müvafiq mandat daşımasına baxmayaraq, hər hansı irəliləyişə nail ola bilmədiyi qeyd olunub. Keçmiş münaqişənin nəticələrinin aradan qaldırılması mövzusu üzrə danışarkən aktuallığını itirmiş təsisatlara istinadlar edilməsinin Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesinə xələl gətirdiyi bildirilib.

Postmünaqişə dövründə Azərbaycan tərəfinin tələbatı və müvafiq müraciətinə əsaslanaraq, ölkəmizdə minalardan və partlamamış sursatlardan təmizləmə, eləcə də məcburi köçkünlərin qayıdışını sürətləndirmə işlərinə dəstək verilməsinin vacibliyi vurğulanıb.

Nazirlər daha sonra mətbuat brifinqində görüşlərin nəticələrinə dair bəyanatlarla çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar.

Əvvəlki məqalə

Özünü MİDA-nın vəzifəli şəxsi kimi təqdim edən şəxs 430 min manatlıq dələduzluqda ittiham olunur

Sonrakı məqalə

Dövlət Xidməti istehlakçılara qanunsuz idman mərc oyunları ilə bağlı xəbərdarlıq edir