Futbol üzrə Azərbaycan millisi “Avro-2024″ün seçmə mərhələsində növbəti oyununu keçirib.
Millimiz ilk ev oyununda Estoniya yığmasını qəbul edib.
“Dalğa Arena”da keçirilən matçda Azərbaycan millisinin start heyətində Şahrudin Məhəmmədəliyev, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Höccət Haqverdi, Elvin Cəfərquliyev, Emin Mahmudov, Aleksey İsayev, Elvin Camalov, Renat Dadaşov, Mahir Emreli və Ramil Şeydayev yer alıblar.
Çexiyalı FIFA referisi Andrey Berkanın idarə etdiyi oyunda Estoniya seçməsinin heyətində isə meydana Karl Yakob Heyn, Myarten Kuusk, Marko Lukka, Mattias Kyayt, Rasmus Peetson, Henri Anier, Konstantin Vassilyev, Rauno Sappinen, Martin Miller, Karol Mets və Vlasi Sinyavski çıxıblar.
Qarşılaşmanın birinci hissəsi qonaqların üstünlüyü şəraitində keçib. Nəticədə 27-ci dəqiqədə Rauno Sappinen hesabı açıb.
Fasilədən sonra heyətdə edilən əvəzləmələrlə ikinci hissəyə daha sürətli başlayan Azərbaycan millisi 62-ci dəqiqədə hesabı bərabərləşdirib. Künc zərbəsindən ötürməni Anton Krivotsyuk başla qola çevirib.
Komandaların qalan dəqiqələrdəki cəhdləri bir nəticə verməyib və oyun 1:1 hesabı ilə başa çatıb. Beləliklə, hər iki yığma seçmə mərhələdə ilk xalını qazanıb.
Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk iki oyununda Avstriyaya 1:4, İsveçə isə 0:5 hesabı ilə məğlub olub. Yığma növbəti matçını sentyabrın 9-da evdə Belçika seçməsinə qarşı keçirəcək.