Avropa İttifaqı ilə müqavilə Moskva və Bakı arasında gərginlik yaradacaqmı? –RƏYLƏR

Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanan qaz müqaviləsi rəsmi Moskva və Bakı arasında gərginliyə səbəb olmayacaq.

Azpost.info bildirir ki, bu barədə Siyasi şərhçi Leyla Əliyeva BBC radiosuna deyib.

Onun sözlərinə görə, böyük ehtimalla Azərbaycan hökuməti Avropa ilə enerji əlaqələrini inkişaf etdirməyi artıq Rusiya ilə razılaşdırıb.

Müsavat partiyasının başqanı Arif Hacılı BBC -yə bildirib ki, Azərbaycanın Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığı artırması Rusiyanın maraqlarına uyğun deyil: “Çünki enerji məsələsində Azərbaycan Rusiyanın rəqiblərindən biridir. Bu baxımdan Kreml daim Azərbaycana təzyiqləri artırmaq xəttini əsas götürür”.

Bununla belə o, hesab edir ki, Rusiyanın Ukraynaya təcavüzündən sonra Kremlin Azərbaycana təsir imkanları bir qədər məhdudlaşıb. “Bundan əlavə, Azərbaycanla Türkiyə arasında hərbi müqavilə bağlandıqdan sonra Rusiyanın Azərbaycana təzyiq rıçaqları xeyli zəifləyib. Ona görə də hesab edirəm, Azərbaycan, eləcə də Qazaxıstan və Mərkəzi Asiya ölkələrinin enerji ehtiyatlarının Azərbaycan üzərindən Avropaya daşınması üçün daha əlverişli şərait yaranıb”, – Arif Hacılı qeyd edib.

Onun sözlərinə görə, mövcud vəziyyətdə Rusiyanın Azərbaycanla, dolayısı ilə Türkiyə ilə münasibətlərini gərginləşdirməsi Moskvanın maraqlarına ziddir: “Ona görə də Rusiyanın düşdüyü hazırki durum Moskvanı Azərbaycana təzyiq göstərməkdən çəkindirir”.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov isə Azərbaycan və Avropa İttifaqı arasında enerji əməkdaşlığının Rusiyada qısqanclıq yaradacağına inanmır: “Çünki Azərbaycanın xarici siyasətinin bir xüsusiyyəti var ki, biz heç kimə qarşı siyasət aparmırıq. Biz milli maraqlarımızı müdafiə edən bir siyasət aparırıq. Prezident İlham Əliyev də bildirib ki, Azərbaycanın neft və qaz potensialı Rusiyanın enerji potensialı ilə müqayisə edilə bilməz. Bu isə o deməkdir ki, biz sadəcə öz imkanlarımızı genişləndiririk. Sadəcə Avropa ilə deyil, Mərkəzi Asiya ilə də enerji əlaqələrimizi şaxələndiririk,” – parlament üzvü əlavə edib.

Qeyd edək ki, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen bazar ertəsi günü Azərbaycana rəsmi səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdükdən sonra tərəflər enerji münasibətlərinə dair Anlaşma Memorandumu imzalayıblar.

Azpost.info

Əvvəlki məqalə

“İran-Ermənistan sərhədi bağlansa, Tehran buna qarşı çıxacaq” –

Sonrakı məqalə

“Azərbaycanla yeni sazişlə bağlı danışıqların vacib mərhələsindəyik” –