Avropa Məhkəməsindən Rusiyaya ciddi zərbə –

"Qazprom"un Avropaya qaz göndərən kəmərə çıxışını bağladı (QƏRAR)
16 Sentyabr 2019 - 13:57

Avropa məhkəməsi “Şimal axını-2” layihəsinə Rusiyadan alınan qazın qiymətinin azaldılmasına kömək edən Avropa Komissiyasının 2016-cı ildə verdiyi qərarı ləğv edib. Məhkəmənin qərarında deyilir ki, Avropa Komissiyası “qərarın Polşa və Ukraynadakı boru kəmərləri üçün hansı nəticələrə səbəb ola biləcəyini” düşünməli idi.

AB məhkəməsinin qərarına əsasən Rusiya şirkəti böyük əhəmiyyətə malik boru kəmərindən tam istifadə edə bilməyəcək. Polşa və Ukrayna Avropa Komissiyası üçün də məğlubiyyətə çevrilən bu qərara görə sevinir. Bu barədə jurnalist Florian Hassel (Florian Hassel) “Süddeutsche Zeitung” qəzetində yazır.

AB məhkəməsi öz hökmü ilə Almaniya Federal Şəbəkə Agentliyi və Avropa Komissiyasının qərarını ləğv edib. Belə ki, onlar Rusiyanın “Qazprom” şirkətinə Almaniya-Polşa sərhədində yerləşən “Opal” qaz kəmərindən tam istifadə etməyə icazə vermişdilər. Məhkəmənin qərarına əsasən, “Qazprom” boru kəmərinin buraxıcılıq qabiliyyətinin ən çox yarısından istifadə edə biləcək.

Bundan başqa, AB məhkəməsi öz qərarında Birliyin enerji sahəsində həmrəylik nümayiş etdirməsinin əsas əhəmiyyətini vurğulayıb. Polşa və Ukrayna sevinir. Belə ki, Rusiya bundan sonra da qazı Polşa və Ukrayna vasitəsilə nəql etmək məcburiyyətində qala bilər. Lakin qərar Avropada enerji siyasəti üçün uzunmüddətli perspektivə malik ola bilər. “T-883/16” nömrəli işin predmeti “Opal” boru kəmərindən istifadə olub. “Opal” Qraysfveldə “Şimal axını – 1” boru kəmərindən qaz qəbul edir və onu Qros Keri vasitəsilə 470 kilometrlik məsafəyə Berlindən Çexiya sərhədinə kimi nəql edir. AB qanunvericiliyinə əsasən, qaz kəmərləri bazar iştirakçılarının hamısına açıq olmalıdır. Yeni boru kəmərlərinə istisna tətbiq edilə bilər.

Bu, 2011-ci ilin iyul ayında istismara verilən “Opal” boru kəmərinə də aid olub. “Qazprom” və onun alman tərəfdaşları “BASF” ilə “E.ON Ruhrgas” təkbaşına boru kəmərindən istifadə edə bilirdilər, lakin kəməri buraxıcılıq qabiliyyətinin yarısına qədər (36,5 milyard kub metr) doldura bilirdilər. “Qazprom” qazın başqa treyderlərə satışı üçün digər yarısından istifadə edə bilərdi, ancaq AB qaydalarına müvafiq şəkildə, yalnız maya dəyərindən bir qədər baha qiymətə. “Qazprom” isə bunda maraqlı deyil, – deyə mənbə bildirib. – “Ona görə qazı başqalarına satmaqdansa, kəmərin ikinci yarısını istifadəsiz saxlamağa üstünlük veriblər”.

Məqalə müəllifi xatırladır ki, Polşa 2017-ci ilin əvvəlində Avropa Komissiyası ilə bağlı Avropa Məhkəməsinə müraciət edib və Almaniya Federal Şəbəkə Agentliyi tərəfindən “Qazprom” şirkətinin “Opal” boru kəmərindən istifadəsinin genişləndirilməsinə verilən icazənin ləğv edilməsini tələb edib. Varşavanın mövqeyinə əsasən, Avropa Komissiyası AB-nin enerji bazarında rəqabətlə bağlı direktivlərini, həmçinin 194-cü maddədə öz əksini tapan AB-nin enerji sahəsində həmrəylik prinsipini pozub. İş daha böyük əhəmiyyət qazanıb, çünki Almaniya hökuməti Avropa Komissiyasının tərəfini tutub.

Çərşənbə axşamı Avropa məhkəməsinin beş hakimi “Qazprom” şirkətinin “Opal” boru kəmərindən genişləndirilmiş istifadə imkanı ilə bağlı icazəni ləğv edib və qərarın dərhal qüvvəyə minməsini tələb edib. Məhkəmənin gəldiyi yekun nəticəyə görə, Komissiyanın iddialarına rəğmən enerji sahəsindəki öhdəliklər təbii fəlakətlər və ya terror hücumları səbəbilə qaz çatışmazlığı kimi “istina hallar əsasında” məhdudlaşdırılmayıb.

Almaniya Federal Şəbəkə Agentliyi rəsmi olaraq “Qazprom” və tərəfdaşlarını məhkəmənin qərarını icra etməyə və qərara uyğun şəkildə kvotları azaltmağa çağırıb. “Qazprom” qərarın hüquqi və iqtisadi nəticələrinin yoxlanışını həyata keçirəcəyiiə bildirib. Polşanın Xarici İşlər Nazirliyi məhkəmənin qərarını “ölkənin böyük uğuru” adlandırıb. Energetika naziri Kşiştof Txujevski (Krzysztof Tchórzewski) bəyan edib ki, “Qazprom” çətin ki, qış mövsümündə Ukraynadan tranziti dayandıra bilsin. Ukraynanın “Naftoqaz” şirkətindən Yuri Vitrenko məhkəmənin qərarını “xoş süpriz” adlandırıb. O, bunun “Avropanın “Qazprom” şirkətinə və Rusiyanın qazdan siyasi təsir vasitəsi kimi istifadə etməsinə qarşı mövqeyinin tədricən dəyişməsinin əlaməti” olduğuna ümid etdiyini bildirib. “Naftoqaz” sentyabrın 19-u Brüsseldə Avropa Komissiyanın iştirakı ilə “Qazprom” ilə danışıqlar aparacaq. Danışıqların əsas mövzusu 2020-ci ildən sonra yeni qaz sazişi olacaq. Ukrayna sentyabrın 1-dən Amerika qazının tədarükü haqqında razılaşma imzalayıb. Amerika qazı Polşa vasitəsilə Ukraynaya tədarük edilməlidir. (Xpressa.net)