“Avropa Şurası ilə münasibətlər qurarkən milli maraqlar çərçivəsində ciddi düşünməliyik”

- Səməd Seyidov
01 Fevral 2020 - 13:47

“Avropa Şurası ilə hər hansı münasibətləri qurarkən milli maraqlar çərçivəsində ciddi düşünmək lazımdır”.

Bunu APA-ya açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

S.Seyidov bildirib ki, Avropa Şurasının daxilində çox ciddi proseslər gedir: “AŞPA-nın yanvar sessiyası bunu bir daha göstərdi. Bu qurumda sistemli böhran yaşanır. Buna görə də bu təşkilatın dövlətlərlə münasibətlərində ciddi problemlər müşahidə edirik. Avropa Şurasının ölkələrlə münasibət qurması müşkül məsələyə çevrilib. Bunun bir nümunəsi kimi Azərbaycana olan münasibəti canlı şəkildə gördük. Hətta bu böhran içərisində belə Azərbaycan kəskin, tənqidlərlə dolu olan məruzəyə normal, konstruktiv yanaşma ortaya qoymağa cəhd göstərdi”.

S.Seyidov diqqətə çatdırıb ki, Avropa Şurasında konstruktiv yanaşma, əlaqə qurmaq cəhdləri, normal münasibətin yaradılması istiqamətində aparılan işlərin üstündən tamamilə xətt çəkdilər: “Nəticədə təhqirlə, böhtanla, yalanla dolu bir məruzə təklif olundu. Yalnız məruzə yox, AŞPA-nın deputatları tərəfindən məruzəyə təklif olunan əlavələrdə də qeyri-obyektiv, qərəzli yanaşmanı müşahidə etdik. Onların bu yanaşması Azərbaycana qarşı təzyiq vasitəsidir. Bu təzyiq vasitəsi Avropa Şurasının özünə daha çox problemlər yaradır, nəinki Azərbaycana…”.

S.Seyidov qeyd edib ki, AŞPA-da münasibət sadəcə Azərbaycanla bağlı deyil: “Avropa Şurası ilə münasibətlər qurarkən milli maraqlar çərçivəsində ciddi düşünməliyik. Bu münasibətlərə Avropa Şurasının strukturları qarşılıqlı hörmətlə yanaşdığı halda Azərbaycan da konstruktiv yanaşma göstərməyə hazırdır. Amma onlar yenə də düşünülməmiş, qeyri-obyektiv iddialarla Azərbaycana qarşı çıxış edəcəklərsə, onda böhranı daha da gərginləşdirəcək və dərinləşdirəcəklər. Nəticədə Avropa Şurasının  özünün daha çox problemləri olacaq. Hazırda müxtəlif Avropa strukturlarında mərkəzdənqaçma tendensiyaları baş alıb gedir. Böyük Britaniyanın Avropa Birliyindən çıxması, Avropanın daxilində hakimiyyətə populist qüvvələrin gəlməsi, Avropa Şurasının içərisində mövcud olan böhran və bu kimi digər hadisələr Avropanın ciddi düşünməyə ehtiyacı olduğuna dəlalət edir”.