Avropa Şurası ilə əməkdaşlıq indikatoru –MEDİA haqqında qanunla bağlı rəydə nələr var?

Avropa Şurası Venesiya Komissiyası iyunun 20-də Azərbaycanın “Media haqqında” qanunu ilə bağlı rəyini açıqlayıb.

Buna qədər avropalı nümayəndələr yerli media cameəsi ilə görüşlər keçirib, rəsmi qurumlarla müzakirə aparıblar.

Venesiya Komissiyasının rəyi ilə tanışlıq onu deməyə əsas verir ki, MEDİA haqqında qanunla bağlı təkliflər və tövsiyələr hakimiyyətlə qarşılıqlı əməkdaşlıq çərçivəsində qiymətləndirilib.

Venesiya Komissiyası rəydə bir sıra parametrlər üzrə qanunun münasibətləri tənzimləmək üçün vacibliyini vurğulayır. Qeyd edilir ki, Milli Məclisdə jurnalistlərin iştirakı ilə müzakirə təşkil edilib, parlament iclasında qanun layihəsini müzakirə edərkən bir sıra düzəlişlər olunub.

Rəydə qeyd olunur ki, MEDİA haqqında qanunun Milli Məclisdə keçirilən müzakirələrində müxtəlif KİV-ləri təmsil edən 110 vəzifəli şəxslər, jurnalistlər, media ekspertləri iştirak edib.

Venesiya Komissiyası Azərbaycan Konstitusiyasının azad sözə, fikir azadlığına dəstək verdiyini xatırladıb, KİV üzərində dövlət senzurasının qadağan edildiyini xüsusi vurğulayıb.

Hesabatda həmçinin qeyd edilir ki, Azərbaycan insan hüquqları üzrə Avropa Konvensiyasını imzalayan dövlət olaraq söz azadlığını dəstəklədiyini bəyan edib.

Tövsiyələrdə qanunun bir sıra məqamları haqqında qeyd edilən təkliflər qarşılıqlı müzakirələrə rəvac verib. Məsələn, terror hadisələri zamanı KİV-lərin fəaliyyətinə məhdudiyyət qoyulması ilə bağlı tələbə etiraz etmir, amma qeyd olunur ki, bu qadağa qısamüddəli olmalı, bu zaman jurnalistlərin informasiya əldə etməsinə mane olmamalıdır. Bu tövsiyə isə MEDİA haqqında qanunda əks olunan maddələrlə ziddiyyət təşkil etmir.

Venesiya Komissiyası qanunun hüquqi əsaslarını şübhə altına almır, daha çox əməkdaşlıq ruhunda fikir mübadiləsinə üstünlük verir.

Rəydə həmçinin dini ekstremzim, terrorçuluğu yayma, zorakılığın təbliğ edilməsi ilə bağlı qanunda nəzərdə tutulan qadağalar dəstəklənir. Qeyd edilir ki, demokratik cəmiyyətlərdə nifrət və dözümsüzlük təbliğatının formalarına qarşı sanksiya tətbiq etməyin vacibliyi vurğulanır. Müxtəlif beynəlxalq sənədlərdə dövlət israrlı olaraq belə nifrət təbliğinə qarşı tədbirlər görməyə çağrılır.

Venesiya Komissiyanın fikrincə, KİV-in tənzimlənməsi üçün Avropa təşkilatının vahid modeli yoxdur. Əsas məqam ondan ibarətdir ki, bu nəzarət tərəfsiz olmalıdır.

Audivizual KİV-lər üçün lisenziyanın qeyri-müəyyən vaxt üçün verilməsi, həmçinin çap və onlayn KİV təsis edilməsi üçün dövlət qurumlarının icazəsinin tələb olunmaması ilə bağlı maddə Venesiya komissiyası tərəfindən alqışlanıb.

Rəydə həmçinin  qanunda jurnalistlərin müstəqilliyinə, onların peşə fəaliyətinə qeyri-qanuni müdaxiləni qadağan edən maddələr qanedici sayılır. KİV-lərin və jurnalistlərin azad fəaliyyəti, fikir müxtəlifliyi dövlətin ayrılmaz öhdəliyi olaraq qoyulması dəstəklənir. Venesiya Komissiyası sonda bəyan edir ki, qanunla bağlı köməyini göstərmək üçün hər zaman hakimiyyətlə əməkdaşlığa hazırdır.

Bu rəydə subyektiv mülahizələrə əsaslanan, səbəbsiz ehtiyat və əsaslı olmayan tövsiyələr də nümayiş olunub.

Bütün bunlar yeni qanunla bağlı gözləntiləri önə çəkməklə hakimiyyətlə konstruktiv əsasda müzakirələr üçün imkan yaradıb. Azərbaycanın Venesiya Komissiyası ilə əməkdaşlığı sənədlə bağlı tövsiyələrdə əksini tapır. Bunu beynəlxalq təşkilatla səmərəli dialoqun nəticəsi hesab etmək olar.

Əsas məsələ müzakirələrdə mövqeləri uzlaşdırmaq və obyektiv təhlilə söykənən mənzərəni təqdim etməkdir.

Göründüyü kimi, MEDİA ilə aparılan müzakirələr hesabatda bu və ya digər şəkildə əks edilib. Məsələn, Media Reysterinə daxil olmaq üçün jurnalistlər üçün qoyulmuş tələbələrə münasibətə rəsmi cavabda deyilir ki, reyster könüllüdür, hər hansı məhdudlaşdırma nəzərdə tutlmur.

Digər tərəfdən  MEDİA-nın cavabından sonra çap mediası və onlayn media olaraq fəaliyyət göstərmək üçün Agentliyə ərizə ilə müraciəti nəzərdə tutan hər hansı maddə ilə bağlı tövsiyyə rəydən çıxarılıb. Komissya həmçinin müzakirələr nəticəsində fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslərin media subyektinin təsisçisi ola bilməməsi maddəsi ilə bağlı  MEDİA Agentliyinin yanaşmasını qəbul edib.

Venesiya Komissiyası MEDİA ilə müzakirələrdə bir sıra rəylərini nəzərə aldığını görmək olur. Burada jurnalistin öz informasiya mənbəyini açıqlaması, jurnalist vəsiqəsinin verilməsi ilə jurnalistlərin akkreditasiyasını fərqləndirən izahat və digərləri göstərmək olar.

Narazılıq doğuran məqamlardan biri və ən başlıcası ölkənin ərazi bütövlüyünün pozulmasına açıq çağırışlarla bağlı məsələdir. Venesiya Komissiyası hesab edir ki, əgər zorakılıq elementləri yoxdursa buna yol vermək olar. Belə bir tələb uzun illər separatizmdən əzab çəkmiş ölkəmizin maraqlarına qətiyyən uyğun sayıla bilməz.

“Media haqqında” Qanun jurnalistlərin peşəkar fəaliyyətinin maneəsiz həyata keçirilməsi üçün hüquqi baza rolunu oynayır. Azərbaycan bu qanunu qəbul edərkən Avropanın KİV -lə bağlı qanunvericilik prinsiplərini əsas götürüb və Avropa Şurasının üzvü kimi öhdəliklərinə, beynəlxalq konvensiyalara və ictimai rəyə söykənərək hazırlayıb.

Bu baxımdan Venesiya Komissiyasının rəyi Azərbaycan hakimiyyəti ilə Avropa Şurası arasında konstruktiv əməkdaşlığın nümunəsi olmaqla qarşılıqlı etimadı nümayiş etdirir. Bakı bütün məsələlər üzrə açıq müzakirələrə, dialoqa və tərəfdaşlığa hazır olduğunu bəyan edib.

2021-ci il dekabrın 10-da üzə çıxan “Media haqqında” qanun layihəsini Milli Məclis həmin ayın 30-da qəbul edib. 2022-ci il fevralın 8-də prezident İlham Əliyev qanunu imzalayaraq onun tətbiqinə fərman verib.

“Analitik” Təhlil Mərkəzi

 

 

 

 

 

Əvvəlki məqalə

Gömrük generalı barəsində həbs qətimkan tədbiri seçilib –

Sonrakı məqalə

“Özbək və Azərbaycan xalqları bir yumruq kimi birlikdə olacağıq” –