Avropanın enerji dəhlizini silkələyən Tovuz döyüşü –

Azərbaycana hansı mesajlar verilir? (TƏHLİL)  
19 İyul 2020 - 17:00

İyulun 12-də Ermənistan-Azərbaycan sərhəddində, Tovuz istiqamətinə açılan top atəşi bir ucu İtaliyaya, o biri ucu Almaniyaya qədər uzanan enerji dəhlizində böyük silkələnmə yaradıb.

Ermənistanın təxribatı nəticəsində yaranmış silahlı qarşıdurmanın gərginliyi yatmamış dünyanın mötəbər təhlil mərkəzlərində bu toqquşmanın pərdəarxası motivlərini çözməyə çalışırlar.

Belə demək olarsa artıq ilkin rəylər yaranmaq üzrədir: Qanlı toqquşmanın arxasından böyük enerji layihələri uğrunda dalaşan beynəlxalq güclərin geopolitik maraqlarının “qulaqları” görünməyə başlayıb.

Bəlli olduğu kimi Tovuz rayonu Azərbaycanın həyati əhəmiyyət daşıyan enerji layihələrinin keçdiyi mühüm ərazisidir. Ölkəmizin enerji ehtiyatlarını Avropaya daşıyan əsas marşrutlar Cənub Qaz Dəhlizi Bakı-Tiflis-Ceyhan neft kəməri, Bakı-Supsa neft kəməri, Bakı-Tiflis-Ərzurum qaz kəməri və digər xətlər hazırda hərbi əməliyyatlar baş verən ərazinin yaxınlığından keçir.

Bəs beynəlxalq təminatlar altında olan bu marşrutlar ətrafında gərginlik və hərbi toqquşmaları gerçəkləşdirən hansı amillər olub?

Çox guman ki, səbəblərdən biri kimi burada enerji bazarı uğrunda döyüşən ABŞ və Rusiyanın maraqları çıxış edib.

Tovuzda döyüşlər başlayandan bir gün sonra ABŞ dövlət katibi Mayk Pompeo Rusiyanın “Şimal axını-2” layihəsinin iştirakçılarını yeni sanksiya ilə hədələdi. Dövlət Departamentində keçirdiyi brifinqdə “Şimal axını” layihəsinin iştirakçılarına müracət edən dövlət katibi “Bu müəssələrə aydın xəbərdarlıqdır: Layihəni tərk edin! Yoxsa xoşagəməz nəticələrlə üzləşəcəksiniz” dedi. Pompeo bildirdi ki, əlavə sanksiyalar təkcə “Şimal axını-2” yə yox “Türk axını”na da şamil olunacaq.

Bəs “Şimal axını-2” ilə Tovuzdakı top atəşini bağlayan nədir?

Bir sıra məqamlara diqqət yetirdikdə müəyyən nəticələr çıxarmaq olur.  “Şimal axını-2” (Nord Stream-2)  Rusiyadan Almaniyaya çəkilən qaz kəməridir. Uzunluğu 1234 kilometr olan kəmər Baltik dənizindən keçərək bundan əvvəl istifadə edilən “Şimal axını” kəmərini genişləndirmək məqsədini daşıyır. Boru kəməri beş Avropa ölkəsinin – Almaniya, Danimarka, Rusiya, Finlandiya və İsveçin ərazisindən keçir.

“Şimal axını-2” layihəsi barədə təhlillər birmənalıdır.

Müşahidəçilərin fikrincə, bu layihənin əsas məqsədi Ukraynadan keçən tranzit qaz xəttini dayandırmaqdır.   

Layihənin əsas əelyhdarı ABŞ-dır. Vaşinqtondakı strateqlər hesab edir ki, Ukraynadan yan keçəcək bu marşrut Ukrayna iqtisadiyyatının iflasına səbəb olacaq, Avropada Rusiyanın geopoltik maraqlarının artmasına gətirəcək. Bu isə ABŞ-ın maraqlarına ziddir. ABŞ “Şimal axını-2”nin işə düşməsinə Avropanın Rusiyadan asılılığının güclənməsi kimi baxır.

Marşrutun əleyhdarları bu ölkələrdir: Polşa, Estoniya, Latviya, Litva, Rumıniya, Macarsıtan, Ukrayna, ABŞ.

Layihənin digər əleyhdarlarının da özünə məxsus arqumentləri var: Ukrayna və Polşa tranzit ölkə rolunu itirəcəklərindən, Macarıstan və Ruminya qaz paylayıcı nöqtədən uzaqda qalacaqlarından narahatdırlar. Son iki ölkə üçün bu tranzit ödəmənin məbləğinin artaması deməkdir.

ABŞ hesab edir ki, bu layihə Ukrayna və digər Avropa ölkələrinə təzyiq alətidir. Təsadüfi deyil ki, Ukraynaın sabiq prezidenti Poroşenko “Şimal axını-2” qaz layihəsini “enerji təcavüzünün” aləti adlandırmışdı. Hazırkı Prezident Zelenski isə layihəni “qəbuledilməz” adlandıraraq bəyan edib ki, “Şimal axını-2” bütün Avropa üçün təhlükə daşıyır.  

Polşada hesab edirlər ki, bu layihə Mərkəzi Avropanın təhlükəsizliyini təhdid edir. Belə ki, Ukraynanı qaz tranzitindən çıxarmağa hesablanıb. Eyni zamanda bu layihə Rusiya və Almaniyanın əlaqələrini möhkəmləndirir. Burada isə Polşa yenidən “Qazporm”un qiymət diktaturasının altına düşmə təhlükəsi yaranır.

Qaz kəmərinin əleyhinə olan ABŞ Konqresi 2017-ci ilin iyulunda qəbul etdiyi CAATSA qanunu ilə “Şimal axını-2” layihəsinə sanksiya qoyub.  2018-ci ilin martında isə 39 senator Dövlət Departamentidən və maliyyə nazirliyindən bu layihəni bloklamağı tələb ediblər. Onların fikrincə bu layihə baş tutsa Amerikanın Avropadakı müttəfiqləri və tərəfdaşları Moskvanın pisniyyətli təsiri altına düşəcəklər. “Şimal axını-2” Ukrayna və tranzit qaz keçən Mərkəzi Avropadakı digər ölkələrin iqtisadiyyatını dağıdacaq.

Həmin ilin dekabrında ABŞ Konqressi Avropa İttifaqı ölkələrini boru xəttinin tikintisindən imtina etməyə  çağırıb. Dünyanın pandemiya qarşı mübarizə apardığı bir zamanda – 2020-ci ilin fevralında Münxen Təhlükəsizlik Konfransında çıxış edən ABŞ dövlət katibi Pompeo yenidən çağırış edərək ”Şimal axını-2” layihəsinin iqtisadi layhə olduğu barədə deyilənlərə inanmamağa çağırdı.

Bundan bir ay əvvəl -11 yanvar 2020-ci ildə Moskvada Putinlə birgə mətbuat konfransıda kansler Merkel bəyan edib ki, Berlin ABŞ sanksiyalarını rədd edir.

Belə bir durumda ABŞ Dövlət katibinin yenidən “Şimal axını-2”və “Türk axını” layihələrinə sanksiya hədəsi çox gərgin ortam yaradıb. Kreml ABŞ-ın sanksiya təhdidini qeyri-səmimi rəqabət və Avropadakı biznesə kobud təzyiq olduğunu bəyan edib. Rusiya və Almaniya rəsmiləri bəyan edib ki, bu layihə sırf iqtisadi əhəmiyyət daşıyır və heç bir siyasi yükü yoxdur.

Belə bir vəziyyət Rusiya və Türkiyə üçün də xoşagəlməz vəziyyət yaradıb. Moskva və Ankara Yaxın Şərqin bir sıra bölgələrində geopolitik maraqlarını tarazlaşdırmağa cəhd edərək tərəfdaşlıq imkanı əldə edə biliblər.

Amma Rusiya enerji bazarları uğrunda apardığı davada ABŞ-a güzəştə getmək fikrində deyil. Avropadakı bir sıra dövlətlərlə özünə “çətir” düzəltmək niyətində olan Moskva öz enerji layihələrinin həyata keməsində son dərəcə israrlı görünür.

Türkiyə Rusiyadan hər il 27-29 milyard kubmetr təbii qaz alır. Bunun tən yarısı “Mavi axın” marşrutu ilə, digər hissəsi isə Ukrayna, Rumıniya və Bolqarıstandan keçən Transbalkan qaz kəməri ilə alınır. “Türk axını” layihəsinin işə düşməsi Türkiyənin və Avropa İttifaqının cənubunu Ukrayna ərazisindən traznit qazının asılılığını azaldacaq.

Sırf iqtisadi maraqlar üçün Rusiya ilə enerji əməkdaşlığına gedən Türkiyə Moskvanın geopolitik maraqları ilə üzləşərək seçim qarşında qalıb. ABŞ-ın NATO-dakı müttəfiqi olan Türkiyə kimi, yoxsa regional güc kimi formalaşmaq istəyən Türkiyə kimi çıxış etməli? 

Bir sıra təhlilçilərin fikrincə, Rusiya və Türkiyə arasında geopolitik maraqlar mübarizəsi başlayanda “Türk axını” layihəsi mənasını itirəcək. Xüsusən Kremlin Liviyada, Suriyada yaxud imepriya ambisiyalarının çəkib gətirdiyi başqa tranzit ölkələrdə Ankara ilə toqquşanda bu qaçılmaz olacaq.

Belə bir vəziyyətdə Azərbaycan ərazisindən çəkilən alternativ TANAP kəmərinin geopolitik əhəmiyyəti son dərəcə artır.  Türkiyədən keçən TANAP-ın gücü cəmi ildə 31 milyard kubmetr nəzərdə tutlub. Hazırda bu həcm 16 milyarddır. Bunun 6 milyrad kubmetri Türkiyə alacaq. Avropaya bundan cəmi 10 milyard kubmetr qaz düşəcək. Halbuki, “Qazprom” təkcə 2018-ci ildə Avropaya Türkiyə də daxil olmaqla 200 milyard kubmetr qaz idxal edib.

Odur ki, TANAP hələki “Qazprom” üçün təhlükə törətmir. TANAP-dan fərqli olaraq Rusiyanın “Türk axını” kəmərinin nəqletmə imkanı iki dəfə çoxdur. İldə 31,5 milyuard kubmetrdir. Qara dənizin dibi ilə çəkilən bu kəmər Türkiyə sahillərinə çıxır.Oradan da quru tranzit yolu ilə digər ölkələrə ixrac olunacaq.

“Qazprom”un potensial müştəriləri kimi Yunanıstan, İtaliya, Bolqarıstan, Serbiya və Macarıstan nəzərədə tutulur.

Hələki bu layihə Rusiya üçün rəqabətli deyil.

Amma bu yalnız bu gün belədir.

Azərbaycandan keçən “Cənub Qaz Dəhlizi”nin “təhlükəyə” çevrilməsi üçün layihənin bütün fazalarının reallaşması, Azərbaycan qazına Türkmənistan qazının əlavə ediməsi lazımdır.

Beləliklə Rusiya üçün təhlükəni Türkmənistanın Cənub Qaz Dəhlizi layihəsinə qoşulması yarada bilər. Hələlik Türkmənistanın Avropaya qazı necə verəcəyi barədə birmənalı qərar yoxdur.

Bu layihəyə Moskvanın “qarmaq ata” biləcəyi  istisna olunmur. “Cənub Qaz Dəhlizi” layihəsi üçün Avropa Birliyinin “Üçüncü enerji paketi”nin tələbləri keçərlidir. Bu qanuna görə, bir idxalçı bütün ixracın yarısına sahib ola bilməz. Yəni, TANAP çərçivəsində Türkiyəyə ixrac olunan qaz üçün AB-nin bu qanunu aid deyil. Lakin xətt Yunanıstan ərazisinə keçən kimi boruya 50 faiz qaz Azərbaycan ərazisindən kənarda doldurulmalıdır. Rusiya hesab edir ki, “Qazprom” burada da alternativ Avropa qazının təminatçısı kimi Cənub Qaz Qəhlizinə daxil ola bilər.

Azərbyacan qazının CQD ilə Avropaya nəqli 2020-ci ilin sonlarında nəzərdə tutulur. Həmin vaxt “Türk axını”nın istifadəyə verilməsi gözlənilir.  

Cənub Qaz Dəhlizi Avropanın alternativ enerji təchizatı üçün bir layihə hesab olunur. Onun siyasi yükü, geopolitik mövqeyi bu baxımdan enerji bazarına sahiblik edən qüvvələr üçün çox önəmlidir.

Cənub Qaz Dəhlizinin açılşı 2018-ci ilin noyabrında Prezident İlham Əliyevin iştirakı ilə baş tutub. Mərasimdə Britaniya baş nazirinin ticarət elçisi baronessa Emma Nikolson və ABŞ dövlət katibinin köməkçisinin müavini Sandra Audkreyk iştirak edib.

Prezident İlham Əliyev ABŞ, Britaniya, Avropa Birliyi, Türkiyə, Gürcüstan rəhbərliyinə layihəyə verdikləri dəstəyə görə təşəkkür edib. ABŞ nümayəndəsi Audkreyk çıxışında deyib ki, Prezident Tramp layihəyə dəstək verdiklərini dəfələrlə bəyan edib.

Audkreyk deyib ki, 2018-ci ildə, AXC-nin 100 illik yubileyi münasibəti ilə İlham Əliyevə göndərdiyi məktubunda Tramp “Cənub Qaz Dəhlizini “inanılmaz uğur” adlandırıb və bu layihənin Avropanın enerji təhlükəsizliyi təmin edəcək bir layihə adlandırıb.

Göründüyü kimi “Şimal axını-2”, “Türk axını”, TANAP, Cənub Qaz Dəhlizi regionda geopolitik maraqları olan dövlətlərin rəqabət məkanına çevirəcəyini istisna etmir.

Ermənistanın oyuncaq rejiminin təxribatı bir daha göstərir ki, üçüncü əl Azərbaycana enerji müttəfiqinin seçilməsi üçün ilk mesajlarını göndərir. Tovuz döyüşü, Bakının döyüşkən ruhu, Türkiyə, Ukrayna, Pakistanın birmənalı dəstəyi enerji bazarı uğrunda gərgin mübarizənin ilk notlarını proqnozlaşdırmağa imkan verir.

Təsadüfi deyil ki, SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov bu gün ABŞ-a məxsus “The Caspian Policy Center” adlı analitik mərkəzinin təşkil etdiyi onlayn konfransda  Azərbaycan Ermənistanla sərhəddəki hərbi əməliyyatlara görə, Avropa bazarına idxal olunan neft və qaz kəmərlərinin risk altına düşdüyünü bəyan edib.  Qərb ölkələrinə müraciət edərək onları Azərbaycanın enerji ixracının müdafiəsi üçün dəstək verməyə çağırıb.

Xaqani SƏFƏROĞLU

Azpost.info