Xarici ticarət və biznesin idarə edilməsində mühüm rol oynayan bir neçə alət tərəfimizdən istifadəyə verilib. Bunlardan elektron hesab səhifəsinin tətbiqi, gömrük biznes subyektləri arasında münasibətlərin vahid elektron bildiriş əsasında təşkil edilməsi və digər bu kimi vacib alətlər artıq istifadədədir.
Bunu Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov jurnalistlərə açıqlamasında deyib.
Şahin Bağırov vurğulayıb ki, forumda əsas məqsəd yeni alətlər olan “Transxəzər gömrük tranzit portalı”, “Süni intellekt əsaslı avtomatlaşdırılmış risk analizi sistemi”, “Səlahiyyətli iqtisadi operator proqramı” və “Smart-Bot” mobil tətbiqi kimi konseptual layihələri sahibkarlara təqdim etməkdir.
“Həmçinin yeni Avtomatlaşdırılmış Risk Analizi Sisteminin (ARAS) bu gün təqdimatı baş tutdu. Dekabr ayında ARAS artıq istifadəyə veriləcək. Qeyd olunan layihələr biznes subyektləri üçün asan, şəffaf, təhlükəsiz və sadələşmiş gömrük həllərini bir araya gətirir. Dövlət Gömrük Komitəsinin əsas hədəfi gömrük orqanlarının fəaliyyətində şəffaflığın yüksəldilməsi, sahibkarlığın və vətəndaş məmnuniyyətinin artırılması, rəqəmsal gömrük sisteminin yaradılması, büdcə ödənişlərində gömrük daxilolmalarının dayanıqlılığının təmin edilməsi və daha güclü, güvənli hüquq- mühafizə tədbirlərinin həyata keçirilməsidir”, – deyə Şahin Bağırov əlavə edib.