AXC Şeyxülislamı nə üçün Bakıya köçürdü?  

Cəmiyyətin idarə olunmasında, həmrəylik prioritetlərinin formalaşmasında siyasi təsisatlarla yanaşı ictimai yükü olan qurumların böyük təsir imkanları olur.

Əgər dövlət inzibati rıçaqlarla bunu tənzimləyirsə, ictimai qurumların mövqeyi müxtəlif təsir metodlarından ibarətdir.

Bir sıra dairələr ara-sıra ictimai rəyə Qafqaz Müsəlmanları İdarəsinin lazımsız olduğunu, qurumun ləğv olunmasını təlqin edən çıxışlar edirlər. Onların sırasında siyasətçi, ictimai xadim, KİV nümayəndələrini də görmək olur.

Bəs QMİ-nin ləğv olunması ilə bağlı çağırışların əsası varmı? Nə üçün ölkədə din və dövlətin əməkdaşlıq platforması üçün mühüm təsisat olan QMİ haqqında belə iddialar səslənir?

Qafqaz Müsəlmanları İdarəsinin şərəfli tarixi Azərbaycan dövlətinin mühüm səhifələrindən biridir. Dini mərkəz olaraq QMİ son 200 ildə azərbaycanlı müsəlmanların avanqardı kimi çıxış edib, Rusiya İmperiyasından üzü bəri Azərbaycan tarixinin ən müxtəlif dövrlərində xalqın təşəkkülündə əhəmiyyətli rol oynayıb.

Şeyxülislamlıq institutunun bu illərdə xalqın milli özünüdərk prosesində xidmətləri bütün təqiblərə rəğmən unudulmayıb.

Din xadimlərimiz əsrin çağırışlarına cavab verərək tarixin müxtəlif dövrlərində xalqın maariflənməsi üçün səy göstərib, inam və mənəvi zənginlik kodlarını çətinliklə də olsa, gələcək nəsillərə ötürə biliblər.

Azərbaycanda din xadimlərinin taleyi çox keşməkeşli olub. Xüsüsən ateist sovet ideologiyasının hökm sürdüyü  zamanda repressiyalara məruz qalmış ruhani elitasının acı taleyi öz izini müsəlman icmasında da saxlayıb.

İstər çar Rusiyası, istərsə də ateist SSRİ dönəmində ölkəmizin müsəlman cameəsi inancını və dinin sabitqədəmliyini  məhz nüfuzlu din xadimlərinin sayəsində qoruya bilib. Böyük əzablar bahasına olsa da, islam dini bu illərdə Azərbaycan xalqının formalaşması üçün mühüm amillərdən biri kimi çıxış edib və xalqın öz milli köklərini saxlamasında müstəsna rol oynayıb.

Dövrünün mükəmməl dini təhsilini almış Azərbaycan Şeyxülislamları yaşadıqları ömür çərçivəsində xalqın yaddaşında iz saxlaya biliblər. Onlar mənəviyyat çarçıları olaraq zəhmət sərf etmiş hörmətli şəxsiyyətlər kimi xatırlanır.

Qafqazda və Azərbaycanda Şeyxülislamlıq institutunun yaranma tarixi min illik bir dövrü əhatə edir.

Orta əsrlərdə Azərbaycanda da şeyxülislamlıq institutu mühüm rol oynamışdı. Səfəvilər dövlətində, Osmanlı İmperiyasında dövlət idarəçiliyində böyük nufuza malik Şeyxülislamlar ümumi işin, əmin-amanlığın və ictimai sabitliyin qorunmasında mühüm rol oynayırdılar.

Cənubi Qafqazı işğal edən Rusiya İmperiyası yerli müsəlmanların qonşu ölkələrlə, xüsusən də İranla dini bağlarını zəiflətmək üçün yerli dini mərkəzə ehtiyac duyurdu. 1823-cü ildə təsis olunan Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin tərkibinə Şimali Azərbaycan, Qərbi Azərbaycan, Qars, Ərdahan, Batumi, Krasnodar, Terek və Gürcüstan ərazilərində yaşayan müsəlman əhali daxil idi.

O vaxtdan etibarən Qafqazın bütün şeyxülislamları Azərbaycandandır.

FOTO: Şeyxülislam Məhəmməd Pişnamazzadə və Hacı Zeynalabdin Tağıyev

1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyəti elan edildikdən sonra hökumətin ilk işlərindən biri Şeyxülislamın Tiflisdən Bakıya köçürərək Qafqazın dini mərkəzi olaraq Azərbaycanı təqdim etmək olub. Bu təsisat milli hökuməti dəstəkləməklə Azərbaycan xalqının öz dövlətinin qurulmasında mühüm rol oynayıb. Milli həmrəyliyin, xalqın mənəvi birliyinin qorunmasında böyük işlər görüb. Bu sırada xalqın təhsilə cəlb olunması, qız məktəblərinin açılmasına dəstək, məzhəblərarası qardaşlıq prinsiplərini dəstək ciddi yer tutur.

AXC hökuməti Şeyxülislamlıq təsisatını Bakıya köçürməklə ölkənin dini həmrəylini dağıtmağa çalışan, ən müxtəlif təxribatlar üçün zəmin hazırlayan qüvvələrin niyyətlərini puç etdi.

1918-ci ilin 1 sentyabrında iki ruhani idarə birləşdirilərək “Məşixət” (Şeyxlik) adı altında yenidən qurulub. Şeyxülislam Məhəmməd Pişnamazzadə və müfti Mustafa Əfəndi Əfəndizadənin 1 sentyabr 1918-ci il tarixli birgə qərarı ilə hər iki idarə “Məşixət” adlanan vahid bir idarədə birləşdirildi. Bakının azad edilməsindən sonra isə Məşixət paytaxt Bakıya köçüb.

Bununla da müsəlmanların dini işlərinin idarə edilməsində ikili ruhani rəhbərliyi aradan qaldırılır, Qafqaz müsəlmanlarının vahid idarəsi yaranır. Şeyxülislam Qafqaz müsəlmanlarının ruhani başçısı, müfti isə onun müavini oldu. O zamandan etibarən Qafqaz Müsəlmanları İdarəsi Azərbaycanın paytaxtı Bakı şəhərində fəaliyyət göstərir.

Şeyxülislam məqamını digər din adamlarından fərqləndirən əsas xüsusiyyət onun öz biliyini bir məscidin, bir şəhərin, bir icmanın maraqları baxımından deyil, bütövlükdə Allaha, Vətənə və xalqa xidmət naminə tətbiq etməsidir.

 

Müstəqil Azərbaycanın son 30 illik tarixində ölkəmizə məqsədi dini parçalanma, bölücülük salmaq olan ən müxtəlif qruplar daxil olmağa cəhd edib.

QMİ Ssf din” adı ilə maskalanan bu qrupların qarşısına ciddi sipər çəkərək dövlətin təhlükəsizliyinin qorunmasında yardımını əsirgəməyib.

Şeyxülislam və QMİ-nin ölkə daxilində və regionda nufuzu Azərbaycanı tolerant mərkəz kimi tanıdır. Bu baxımdan dövlətin öz dini rəhbərinin olması zəruri amildir.

Allahşükür Paşazadə təkcə Azərbaycanının deyil, bütövlükdə Qafqaz xalqlarının dini rəhbəridir. 10 milyondan artıq olan Qafqaz xalqlarının mənəvi rəhbəri kimi tanınmaq böyük məsuliyyət yaradır. Şeyx Azərbaycanın və Qafqazın ən çətin  vaxtlarında öz mövqeyini qorxmadan nümayiş etdirə bilib.

Şeyxülislamın Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsində tutduğu əsl vətəndaş mövqeyi tariximizin parlaq səhifəsidir.

1990-cı il yanvarın 20-də sovet ordusunun Bakıda dinc vətəndaşlara qarşı törətdiyi qırğına etiraz edən Şeyxülislam SSRİ tarixində sovet rəhbərini açıq mətnlə lənətləyən və ittiham edən ilk dini rəhbər oldu. QMİ sədrinin Mixail Qorbaçovu qanlı cinayətdə suçlayan bəyanatı bütün dünyada rezonans vermişdi. Onun 90-cı illərdə Qafqazda Çeçen xalqına qarşı aparılan qanlı müharibə zamanı Rusiya prezidentinə etiraz bəyanatı da yaddan çıxmayıb. Şeyxülislam prezident Yeltsindən günahsız çeçen xalqına qarşı soyqırımı dayandırmağı tələb etmişdi.

Vətən Müharibəsi zamanı QMİ üçün ən ağır sınaq Şəhid dəfnləri oldu. Din xadimlərimiz vətənin müdafiəsi naminə xalqın səfərbər olunması üçün var-gücləri ilə çalışdılar.

Azərbaycanda müxtəlif dini konfessiyalar və xalqlar bir yerdə qardaşcasına ömür sürür.

Dinləri bir-birinə qarşı qoymaqla siyasi  dividend qazanmağa çalışan qüvvələrin  at oynatdığı bir dünyada tolerantlıq prinsipləri, birgəyaşayış mesajları sülh və barış üçün əsas resept sayılır.  Azərbaycanın uğurlu nümunəsi və çağırışları dünya üçün öz aktuallığını saxlayır.

QMİ müsəlmanların dini-mənəvi birliyinin möhkəmləndirilməsi işində böyük rol oynayan mühüm mərkəzlərdən birinə çevrilib.

Bu gün QMİ bütün dünya dövlətləri, beynəlxalq təşkilatlar tərəfindən tanınır. Qafqaz müsəlmanlarının səsi ən mötəbər beynəlxalq məclislərdən, nüfuzlu təşkilatlardan gəlir. Bunların sırasında BMT, UNESCO, İƏT kimi nüfuzlu təşkilatların adlarını qeyd etmək olar.

 

Şeyxülislam Allahşükür Paşazadə Müstəqil Dövlətlər Birliyi Dinlərarası Şurasının həmsədri, Qafqaz Xalqları Ali Dini Şurasının sədridir. Prezident İlham Əliyev A.Paşazadənin çoxşaxəli fəaliyyətini yüksək qiymətləndirib: “Şeyx həzrətlərinin Azərbaycanda dini tolerantlığın inkişafında çox böyük əməyi, çox böyük xidmətləri var. Bunu biz bilirik, başqa dinlərin başçıları və nümayəndələri də bilir. Bütün dünyada şeyx həzrətlərinə çox böyük hörmət, çox böyük inam var. Bu, bütövlükdə Azərbaycana olan hörmətin böyük nümunəsidir”.

Bu baxımdan QMİ-nin  cəmiyyətdə birliyi təmin etməkdə göstərdiyi xidməti ilə dövlət üçün xüsusi əhəmiyyət daşıyır. Belə status dövlətə kənar qüvvələrin müdaxilə imkanlarını zəiflədir və xalqın vahid mövqeydən çıxış etməsi üçün imkan yaradır.

Emin ABBASOV

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Nazarbayev özü Təhlükəsizlik Şurasının sədri vəzifəsini Tokayevə verib” –

Sonrakı məqalə

Sabaha olan hava proqnozu