Azərbaycan əhalisinin 80 faizi internet istifadəçisidir

02 Mart 2020 - 11:29
network cables connected to switch

Ölkə əhalisinin 80 faizi internet istifadəçisidir.

Bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə ikinci beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində deyib.

O bildirib ki, Azərbaycanda kibertəhlükəsizliyin təmin olunmasına dövlət səviyyəsində xüsusi diqqət göstərilir: “Bu gün ölkəmizdə rəqəmsal transformasiya sürətlə davam edir. Bu sahə dövlət başçısının diqqət mərkəzindədir. Strateji yol xəritəsi qəbul edilib”.

Nazir müavini bildirib ki, ölkədə fiber-optik rabitə, LTE şəbəkəsi genişlənir, 5G formatına keçid üzrə hazırlıq işləri görülür: “Dövlət idarəetməsi, təhsil, səhiyyə, energetika, təhlükəsizlik, müdafiə, ədliyyə, kənd təsərrüfatı, maliyyə və digər sahələrdə müasir informasiya texnologiyalarından istifadə olunur, data-mərkəzlər fəaliyyət göstərir və beləliklə hökumətin elektron informasiya buludu formalaşır”.

Qeyd edək ki, 2-6 mart tarixlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təşkil olunan II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi”nin ilk tədbiri – Kibertəhlükəsizlik konfransı işə başlayıb.

Tədbir kibertəhlükəsizlik sahəsində milli ekosistemin formalaşdırılması və inkişafı üzrə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata keçirilən əlaqəli fəaliyyətin davamı olaraq, dövlət-özəl əməkdaşlığı çərçivəsində sahə üzrə ümumilikdə 30-dan çox qurum, müəssisə və təşkilatın tərəfdaşlığı ilə baş tutub.

Qeyd edək ki, kibertəhlükəsizlik sahəsində yerli və beynəlxalq ekspertlər ilə təcrübə mübadiləsinin aparılması, müvafiq sahədə siyasəti müəyyən edən qurumlar və fəaliyyət göstərən şirkətlər arasında əməkdaşlığın gücləndirilməsi, kibertəhlükəsizlik sahəsində əlaqəli fəaliyyətin səmərəliliyinin artırılması “Kibertəhlükəsizlik konfransı”nın əsas məqsədidir.

Kibertəhlükəsizlik konfransı sual-cavab sessiyaları, ikitərəfli və çoxtərəfli görüşlər və müzakirələr, özəl-dövlət, dövlət-dövlət, özəl-özəl və s. üzrə əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün əvəzolunmaz platforma rolunda çıxış edib.

Tədbirdə günün müasir trendləri və çağırışları nəzərə alınaraq, sahə üzrə yerli və beynəlxalq şirkətlərin təmsilçilərinin yeni kibertəhlükəsizlik həlləri ilə bağlı təqdimatları və məruzələri dinlənilib. “Kritik infrastrukturun kibertəhlükəsizliyi”, “Sənaye və bank sistemlərinin pentesti”, “Ağıllı şəhərlərin kibertəhlükəsizliyi”, “Kiberstartaplara investisiya qoyuluşu”, “Müasir iş yerlərinin kibertəhlükəsizliyi”, “Kibersığorta”, “Elektron ticarətdə kibertəhlükəsizlik” və digər önəmli mövzular bu sırada yer alıb.

Kibertəlükəsizlik konfransında dövlət qurumlarının, özəl təşkilatların, akademik və ali təhsil müəssisələrinin, beynəlxalq təşkilatların, mobil operatorların, bankların, İKT şirkətlərinin, internet xidmət provayderlərinin və operatorlarının, diplomatik korpusların, qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyəti və internet ictimaiyyətinin, ABŞ, Macarıstan, İsrail, Belarus, Rusiya, Hindistan və s. ölkələrin nümayəndələrindən ibarət ümumilikdə 250-dən çox səlahiyyətli şəxs və sahə üzrə mütəxəssis iştirak edib.

Konfransla paralel olaraq 15 yerli və beynəlxalq şirkətin kibertəhlükəsizlik üzrə həllərinin nümayiş etdirildiyi “Cyber Village” sərgisi keçirilib.