Azərbaycan-İran-

Gərginlikdən kim itirə bilər? (TƏHLİL)
10 Oktyabr 2021 - 15:56

Azərbaycanla həmsərhəd İran bölgəsində Gorus-Qafan yolu ilə bağlı mübahisələrin ardınca ötən həftə başlayan hərbi təlimlər Bakı ilə Tehran arasında münasibətləri gərginləşdirib.

Üzdən sabit görünsə də, əslində İranla Azərbaycan arasında pərdə arxasında hər zaman qarşılıqlı narazılıqlar olub və bəzi dönəmlərdə üzə çıxıb. İllərdir ki, Bakıda Tehranın Ermənistanla əlaqələri və onun İran azərbaycanlılarına qarşı rəftarı qeyri-rəsmi qınaqlara səbəb olub. Azərbaycan həmçinin İranın ölkəyə mümkün ”İslam İnqilabı ixrac etmə ambisiyalarından” narahat olub. Tehranda isə Azərbaycanın İranın içərisindəki milyonlarla azərbaycanlılara təsir imkanları, eyni zamanda İsrailin Azərbaycanda artan mövcudluğundan narahat olublar.

Hesab olunur ki, Azərbaycan illərdir ki, İsraildə səfirliyini məhz “İran amilinə” görə açmayıb. Tehranda Azərbaycanı İsrail və ABŞ-la əməkdaşlığa görə tənqid edirlər. Buna rəğmən indiyədək İran və Azərbaycan güzəştə getməyi bacarıblar və narazılıqlar üzə çıxsa da bu qədər sərt şəkil almayıb.

Hazırkı gərginlik daha böyük bir böhran vəziyyətinə çevrilərsə, bundan Azərbaycan və İran nələri itirə bilər?

Dəmir yolu

İki ölkənin ərazisində və regionda sabitliyə böyük zərbədən başqa, belə bir böhran, həm də tərəflər üçün mümkün iqtisadi itkilər riskini artıra bilər – BBC News Azərbaycancaya danışan müsahibələrin çoxu burada Şimal-Cənub dəmir yolu layihəsini qeyd edirlər.

İrandakı Astara ilə Azərbaycandakı Astaranı birləşdirəcək Şimal-Cənub xətti Şimali Avropa ilə Hindistanı bağlamalıdır. Onun istifadəyə verilməsi Azərbaycan, İran və Rusiya dəmir yollarını birləşdirməyə imkan verəcək.

ADA Universiteninin “Baku Dialogues” nəşrindəki təhlilə əsasən, nəqliyyat layihəsi (INSTC) çərçivəsində İranın Azərbaycan və Rusiyanın dəmir yolu şəbəkəsinə çıxışı Tehran üçün əsas tranzit və iqtisadi imkanlardan birini təşkil edir.

Moskvanın Xalqlar Dostluğu İnstitutun professoru artan gərginliyin bu layihəyə maneə ola biləcəyini hesab edir.

“Hər iki ölkə üçün bu bağlantını itirmək riski yaranır. Bu yol Rusiya ilə birbaşa dəmir yolu ilə əlaqəni təmin edir”, – professor Əhməd Vaxşetəh BBC News Azərbaycancaya bildirib.

Onun sözlərinə görə, bu layihəyə alernativlər mövcud olsa da, bu, xətt İran üçün Rusiya ilə ən qısa dəmir yolu əlaqəsi kimi itki ola bilər.

İqtisadi şərhçi Natiq Cəfərli Şimal-Cənub layihəsinin əhəmiyyətini dəyərləndirərək deyir ki, onunla bağlı aparılan danışıqlar çox güman ki “gərginliyin “çox da yüksəlməməsinin” əsas səbəblərindən biri ola bilər.

Azərbaycan Prezidenti İranın öz ərazisində təlim keçirmək haqqı olduğunu desə də, İranın Qarabağa yük nəql etməsinin iqtisadi cəhətdən əhəmiyyətini sual edib.

“İndi orada – rus sülhməramlı qüvvələrinin nəzarətində olan Qarabağ bölgəsində cəmi 25 min adam yaşayır. Yəni, bu bazar o qədər önəmlidir?”, – İlham iqtisadi mənfəətə aid sual verib.

Ticarət

Hazırda gərginlik ölkələr arasında iqtisadi əlaqələrin inkişafına da təsir göstərə bilər, BBC-yə danışan təhlilçilər deyir.

Natiq Cəfərliyə əsasən, İran Azərbaycana daha çox mal satdığı üçün ticarətdən daha çox mənfəət əldə edir. Onun sözlərinə görə, cari ilin ilk 8 ayında ki ölkə arasında artan iqtisadi ticarət mübadiləsi 270 milyona dollara yaxın olub və bunun cəmi 19 milyonu Azərbaycanın payına düşür. Yerdə qalanı “böyük üstünlüklə” İranın ixracatıdır. “

Onların bizə 10 dəfə artq mal satdığını görürük”- Natiq Cəfərli deyir. – Yəni Azərbaycan bazarı İran üçün kifayət qədər cəlbedici idi”.

Ötən il ümumi həcmi 25 milyard dollara çatan Azərbaycanın xarici ticarət mübadiləsində İranın payının (pandemiyanın başlandığı ötən ilin istisnası ilə) davamlı artmasını görmək olar. 2015-ci ildən bəri 125 milyon dollar təşkil edən bu rəqəm 2019-ci ildə az qala yarım milyard dollara yaxınlaşıb.

Sahibkarlıq

Gərginliyin artması nəticəsində ikitərəfli əlaqələrdən əziyyət çəkən sahələrdən biri də yerli sahibkarlıq proqramları ola bilər, professor Əhməd Vaxşetəh deyir.

O, bu müstəvidə xüsusən Şərqi Azərbaycan sahibkarlar qurumun nümayəndələrinin Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycandakı layihələri marağının zərbə altına düşə biləcəyini qeyd edir.

Onun sözlərinə görə, Azərbaycanda biznesin fəallığı həm də o cəhətdən vacibdir ki, İran burada Qərb şirkətləri, xüsusilə İsrail və Türkiyə ilə rəqabətdə itirmək istəmir.

Bu baxımdan gərginlik onların mövqelərini zəiflədə bilər, Əhməd Vaxşetəh deyir.

3+3 platforması

Azərbaycan-İran gərginliyi həm də İkinci Qarabağ müharibəsindən sonra elan olunan ən iri nəqliyyat layihəsinə təsirsiz ötüşməyib. İranın şimalında təlimlər keçirilərkən, bu barədə Azərbaycan Prezidenti çıxış edib. İlham Əliyev Türkiyənin təşəbbüsü ilə irəli sürülən və İranla Gürcüstanın iştirakını da nəzərdə tutan “Altılıq” platforması üçün “Türkiyə-Rusiya-Azərbaycan-Ermənistan” dördlüyünün kifayət etdiyini bildirib.

“Kim istəyir qoşulsun, kim istəmir özü bilər”, – İlham Əliyev deyib.

Lakin onun bəyanatı Rusiyanın müdaxiləsindən sonra bəlkə də “Altılıq” platformasının sonu demək deyil. Bu fikirdə olan təhlilçilər mövzunun çərşənbə günü Moskvada Rusiya və İran xarici işlər nazirləri Sergey Lavrov və Hüseyn Əmir Abdullahianın görüşündə qaldırıldığını qeyd edirlər. Sergey Lavrov bu layihədən bütün region ölkələrinin qazanacağını deyib.

Ortaq maraqlar

Azərbaycanın və İranın son bəyanatları kifayət qədər sərt səslənir və bəzi təhlillərdə vəziyyətin kəskinləşdyini göstərən məlumatlar yayılıb. Lakin BBC-nin müsahiblərinə əsasən, hazırda bölgəni silkələyən ritorikaya rəğmən, ortaq maraqlar tərəfləri eskalasiyadan çəkindirir.

BBC Fars Televiziyasının redaktoru İbrahim Xəliliyə əsasən, İran daxilində bu məsələyə yanaşma birmənalı deyil, media və ictimai müzakirələrdə bəzən sərt ifadələr nəzərə çarpsa da, rəsmilərə gəlincə bəyanatların daha təmkinli olduğunu görmək olar.

“Onların (İran hakimiyyətinin) iqtisadiyyat və nüvə danışıqları kimi, o qədər daxili problemləri var ki, onun üstünə daha bir diplomatik böhranı gətirmək istəmirlər”, İbrahim Xəlili deyir.

”İranla-Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafı hazırda siyasi amillərin kölgəsində qalsa da, beynəlxalq sanksiyalara görə Tehranın qərar qəbul etməsində iqtisadi amillərin əhəmiyyəti artıb”, İran məsələləri üzrə şərhçi Əsgər Əbdi BBC News Azərbaycancaya müsahibəsində deyib.

Lakin Əsgər Əbdi və İbrahim Xəliliyə əsasən, İran üçün iqtisadi amillər mühüm olsa da, hazırkı böhranda o, təhlükəsizlik məsələlərindən sonra ikinci yerdə gəlir. Natiq Cəfərliyə görə, bütün hallarda tərəflər “artıq dediklərini deyiblər” və onlar daha böyük itkilər riskinə “getmək istəməzlər”.