Azərbaycan və Almaniya XİN rəhbərlərinin geniş tərkibdə görüşü keçirilib

4 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizə səfəri çərçivəsində Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbokun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə XİN məlumat yayıb.

Nazirlər arasında keçirilmiş geniştərkibli görüş zamanı iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüş zamanı, post-münaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, bu fəaliyyətə maneə törədən mina təhdidi, Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesinin irəlilədilməsi istiqamətində ölkəmizin səyləri, bu istiqamətdə mövcud çağırışlar qarşı tərəfin diqqətinə çatdırılıb.

Cari ilin 19-20 sentyabr tarixlərində Qarabağ bölgəsində həyata keçirilmiş anti-terror tədbirlərinin ölkəmiz tərəfindən beynəlxalq ictimaiyyətin qarşısında daimi əsasda qaldırılan qeyri-qanuni erməni silahlı qüvvələr təhdidinə qarşı yönəldiyi bildirilib. Görülən tədbirlər nəticəsində suveren ərazilərimizdəki dəhşətli hərbiləşmənin miqyasının bir daha aydın olduğu diqqətə çatdırılıb.

Son 30 ildə bölgəyə ilk dəfə səfər edən beynəlxalq təşkilatların nümayəndələrinin də təsdiqlədiyi kimi, mülki şəxslərə qarşı heç bir zorakılıq faktının olmadığı, erməni sakinlərin bölgəni könüllü şəkildə tərk etməsinin səbəbinin isə ərazilərimizdəki qeyri-qanuni rejimin azərbaycanlılar və ermənilərin birgəyaşayışının mümkünsüzlüyü ilə bağlı apardığı təbliğat, habelə Azərbaycan Hökumətinin nümayəndələri ilə erməni sakinlərin nümayəndələri arasında görüşlərin nəticələrinin onlara çatdırılmaması olduğu vurğulanıb.

Bu istiqamətdə, ərazilərimizi tərk edən erməni sakinlərin axınının baş verməsinin məsuliyyətinin Azərbaycanın yox, qeyri-sabit bəyanatlarla çıxış edən Ermənistanın üzərinə düşdüyü vurğulanıb.

Bütün bunlara baxmayaraq, son dövlərdə ölkəmizə qarşı sərgilənən ədalətsiz mövqeyin təəssüf və təəccüb doğurduğu, bu istiqamətdə beynəlxalq hüququn əsas prinsipləri, o cümlədən ərazi bütövlüyü, suverenlik kimi prinsiplərə münasibətdə selektiv yanaşmanın nümayişinin qəbuledilməzliyi qeyd olunub.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Daha sonra keçirilmiş mətbuat brifinqində nazirlər görüşün nəticələrinə dair bəyanatlarla çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar.

Əvvəlki məqalə

“Netanyahunun üstündən xətt çəkdim…” –

Sonrakı məqalə

Türkiyədə CHP-yə yeni sədr seçildi, Kılıcdaroğlu məğlub oldu –