İrəvan Bakının sülh sazişi üzrə növbəti təkliflərinə cavab verib. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda qeyd olunub. Məlumatda bildirilib ki, Ermənistan baş nazir Nikol Paşinyanın noyabrın 18-də Azərbaycanla sülh müqaviləsinin imzalanmasına nail olmaq üçün diplomatik səylərin gücləndirilməsi ilə bağlı açıqladığı bəyanatdan sonra Ermənistan tərəfi sülh sazişi üzrə altıncı təkliflər paketini Azərbaycan tərəfinə təqdim edib: “Ermənistan əvvəllər elan edilmiş prinsiplər əsasında münasibətlərin normallaşdırılmasına dair sənədi yekunlaşdırmaq və imzalamaq öhdəliyinə sadiqdir”.
“Ermənistan Azərbaycanla danışıqlara hazırdır”. Bu sözləri isə Ermənistan Parlamentinin vitse-spikeri Akop Arşakyan deyib. Arşakyan qeyd edib ki, sülh sazişi ilə bağlı müxtəlif layihələr üzərində fikir mübadiləsi aparılır. Vitse-spiker bildirib ki, Ermənistan XİN-in bəyanatlarına diqqət edilməlidir: “Əlavə şərhə ehtiyac olarsa, XİN şərh verəcək. Ermənistan heç vaxt danışıqlardan yayınmayıb və onun effektiv hesab etdiyi platformada danışıqlarda iştirak edib”.
Xatırladaq ki, son günlər rəsmi İrəvan tərəfindən sülhlə bağlı bəyanatlar səsləndirilir. Eyni zamanda, Avropa Birliyindən də sülh sazişinin tezliklə imzalanması tövsiyə olunur. Məsələn, Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar belə bir tövsiyə ilə çıxış edib.
Sülh bəyanatları ilə bağlı Azpost.info-ya danışan hərbi ekspert Üzeyir Cəfərov deyib ki, Azərbaycana yarımçıq sülh müqaviləsi lazım deyil: “Ümumiyyətlə, sülh sazişi hazır deyil axı ki, onu tərəflər imzalasınlar. Ermənistanın baş naziri bildirir ki, Azərbaycanın təklif etdiyi beş prinsipdən üçü üzrə razılaşma var. Demək ki, ikisində razılıq yoxdur. Belə olan halda, hansı sazişdən söhbət gedə bilər?! Unutmamaq lazımdır ki, Azərbaycan yarımçıq sənəd imzalamayacaq. Hər kəs anlayır ki, Cənubi Qafqazda sülh və sabitliyi təmin edə biləcək fundamental sənəd olmalıdır. Bu sənəd isə faktiki olaraq, hazırlanmayıb. Artıq il başa çatmaqdadır. Ona görə də 2023-cü ili də Ermənistan müxtəlif bəhanələrlə yola verdi. Üç ildə sülh sazişinin imzalanmasına nail olunmadı”.
Ekspert qeyd edib ki, bu gün tərəflər bir kənarda qalıb, Rusiya ilə Qərb arasında sülh sazişi məsələsində mübarizə gedir: “Rusiya istəyir saziş Moskvada imzalansın, Qərb də istəyir ki, ya Vaşinqtonda, ya Brüsseldə imzalansın. Demək istəyirəm ki, hələ bunların mübarizəsi də davam edir. Tovio Klaar bəyan edir ki, sənəd imzalansın, amma hansı sənədi demir. Cənab Klaardan soruşmaq lazımdır ki, sülhdə maraqlıdırlar, yoxsa Ermənistanın maraqlarına uyğun yarımçıq sənədin imzalanmasında?”.
“Azərbaycan üçün də, Azərbaycan cəmiyyəti üçün də sülh sazişinin harada imzalanmasının önəmi yoxdur. Yetər ki, Azərbaycanın haqlı tələblərinə uyğun, milli maraqlarına uyğun sənəd ortaya qoyulsun, müqavilə də imzalansın. Bu gün vasitəçilik iddiası ilə çıxış edən Rusiya da, Qərb də Ermənistanın nazı ilə çox oynayır. Vasitəçilər sülh istəyirlərsə, o zaman İrəvana öz təzyiqlərini göstərməlidirlər, sazişə imza atmağa məcbur etməlidirlər. Bizim üçün vacib olan Azərbaycanın dövlət maraqlarına cavab verən sülh sazişidir. Prinsipcə, bu sənədin Moskvada, Vaşinqtonda, Brüsseldə, yaxud Tiflisdə imzalanmasının heç bir əhəmiyyəti yoxdur”, – hərbi ekspert vurğulayıb.
Ü.Cəfərov deyib ki, İrəvandan verilən sülh bəyanatları şübhəlidir: “Ola bilsin ki, Ermənistan yenə də zaman qazanmağa çalışır, belə yarımçıq sənədləri imzalamağa hazır olduğunu bildirməklə baş qatırlar. Ermənistan rəhbərliyi də anlayır ki, Azərbaycan yarımçıq sülh sənədinə imza atmayacaq. Onlar sülh bəyanatları verməklə həm də beynəlxalq aləmə mesaj verirlər ki, “baxın, biz razıyıq, amma rəsmi Bakı müsbət reaksiya vermir”. Yəni yenə də Azərbaycanı günahlandırmaq üçün siyasətlərini işə salıblar. Digər tərəfdən, Ermənistan sülh istəyirsə, o zaman silahlanmanı nə üçün var gücü ilə həyata keçirir? Hər kəsə bəllidir ki, silahlanma müharibə üçündür. Bu baxımdan, düşünürəm ki, İrəvandan verilən bəyanatlara ehtiyatlı yanaşmada fayda var”.
Anar ABDULLA
Azpost.info