Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələrinə Laçın sərhəd-buraxılış məntəqəsində Ermənistanın bir sərhədçimizin yaralanması ilə nəticələnən son təxribatı haqqında məlumat verilib.
Diplomatik korpusun nümayəndələrinin diqqətinə çatdırılıb ki, silahlı təxribata qədər Xankəndidə yaşayan erməni əsilli sakinlər sərhəd-keçid məntəqəsindən heç bir maneə olmadan istifadə edib.
Bildirilib ki, hazırda da Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə tibbi təxliyəyə şərait yaradılır. Başqa sözlə, bəzi dairələrin iddia etdiyi kimi, yol bağlı deyil. Sadəcə, Ermənistanın son təxribatı ilə bağlı müvəqqəti istintaq tədbirləri həyata keçirilir.
Xarici diplomatların diqqətinə o da çatdırılıb ki, Ermənistan tərəfi sərhəd-gömrük buraxılış məntəqəsindəki hazırkı vəziyyətdən təbliğat vasitəsi kimi istifadə edir. Belə ki, bəzi Avropa siyasətçiləri də gəlib körpünün digər hissəsində dayanıb, həqiqəti əks etdirməyən birtərəfli məlumatlar paylaşırlar. Bu vəziyyətdən öz piar kampaniyaları üçün istifadə edirlər.
Qeyd edək ki, Laçın səfəri çərçivəsində xarici diplomatlar Ermənistanla Azərbaycan arasında Laçın sərhəd-gömrük buraxılış məntəqəsinin yerləşdiyi körpüdə olublar. (APA)