“Azərbaycanda su təsərrüfatı çox bərbad haldadır. Su idarə edilmir. Oliqarx məmurların yaratdıqları aqroparklar və iri fermer təsərrüfatları mövcud su resurslarını ələ keçiriblər. Onlar sudan səmərəli istifadə etmirlər, israfcılığa yol verirlər”.
Azpost.info bildirir ki, bu sözləri kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli bildirib.
Onun sözlərinə görə, Dövlət Statistika Komitəsinin Müstəqil Dövlətlər Birliyinə üzv olan ölkələr üzrə təbii mənbələrdən götürülən su, onun istehlakı və itkisi ilə bağlı təqdim etdiyi statistik məlumatda Azərbaycan su itkisinə görə 28,3 faizlə birinci yerdədir:
“Azərbaycan təbii mənbələrdən götürdüyü 13,22 milyard kubmetr suyun (2019-cu il) 9,47 milyard kubmetrini istehlak edir. Təbii mənbələrdən götürülən suyun 3,75 milyard kubmetri itkiyə gedir.
Təsəvvür edin, Azərbaycan qədər əhalisi olan İsrail cəmi 1,12 milyard kubmetr suvarma suyundan istifadə edir və ölkənin kənd təsərrüfatı məhsullarına olan təlabatını 90% ödəyir. Azərbaycan isə ümumilikdə əhalinin kənd təsərrüfatı məhsullarına olan təlabatını cəmi 50% ödədiyi halda İsraillə müqayisədə mənbədən 11,8 dəfə çox su götürür. Azərbaycan İsrailin istehlak etdiyi suyun həcmindən 3 dəfə çox su itkisinə yol verir. Yəni Azərbaycanda itkiyə gedən su ilə 3 İsrail kimi ölkə su təlabatını tam ödəyər”.
V. Məhərrəmli bildirib ki, “Strateji Yol Xəritəsi”ndə və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-i saytında yerləşdiyi məlumatna görə hazırda respublikada orta illik su çatışmamazlığı 3,7 km³ təşkil edir: “Baxın, təbii mənbələrdən götürülən suyun nəqli zaman itkiyə gedən suyun həcmi də 3,7 km³ təşkil edir. Onu da qeyd etməliyəm ki, Azərbaycanın suvarma suyuna olan təlabatı ümumilikdə 3,7 km³-dən çox deyil. Ölkənin su resurslarından səmərəli istifadə olunarsa, 3,7 km³ suvarma suyu ilə Azərbaycan özünün ərzaq və kənd təsərrüfatı məhsullarına olan təlabatını 100% ödəyə bilər”.