Azərbaycanla Ermənistan arasındakı delimitasiya prosesini yaxşı qarşılayırıq- Yan Borq

“Azərbaycanda olmağa şadam. Bu mənim ATƏT-in fəaliyyətdə olan sədri kimi ölkəyə ilk səfərimdir”.

Bunu Bakıda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri və Maltanın xarici işlər və ticarət naziri Yan Borq Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, ATƏT bu gün müəyyən çağırışlarla üzləşir: “Rusiyanın Ukraynaya qarşı müharibəsi bu çağırışlar arasında ilk sıradadır və ümumilikdə sözügedən münaqişə bütövlükdə regiona təsir edir. Ancaq biz hesab edirik ki, təşkilatın – ATƏT-in bu çağırışlara cavab verməyə gücü var”.

Yanq Borqun sözlərinə görə, Malta da çoxtərəfliliyi, dialoqu, konsensus əsasında qərarların alınmasını dəstəkləyir: “Biz bütün iştirakçı dövlətlərin səylərinə arxalanaraq inanırıq ki, onlar öz siyasi iradələrini konsesus əsaslı məsələlərdə ifadə edəcəklər”.

ATƏT sədri Azərbaycan XİN rəhbəri ilə görüşdə müzakirə olunan məsələlər barədə də məlumat verib.

“Biz münaqişədən sonra Azərbaycanın Ermənistanla münasibətlərini, təhlükəsizlik və humanitar məsələləri müzakirə etdik, eyni zamanda, danışıqlarda Azərbaycanın mövqeyini, ölkənin üzləşdiyi çağırışlar ətrafında fikir mübadiləsi apardıq. Dayanıqlı və hərtərəfli sülhün əldə olunması ATƏT üçün də əsas prioritetdir. Və bu istiqamətdə praqmatik və bərabərhüquqlu danışıqlar vacibdir.

ATƏT olaraq biz həmçinin delimitasiya prosesinin başlamasını yaxşı qarşılayırıq və düşünürük ki, bu proses qarşıdakı aylarda da davam edəcək. Uzunmüddətli sülh üçün dialoq vacibdir. Dünən İrəvandakı görüşlərimdə də qeyd etdim ki, danışıqlar yaxşı niyyətlə aparılmalıdır ki, həll yolları tapılsın”.

Diplomat onu da vurğulayıb ki, ATƏT sədri kimi praqmatik yanaşmaları dəstəkləyəcək: “Ölkələr öz xalqlarının gələcəyi naminə işləməlidir”.

Yanq Borq ekologiya və iqlim təhlükəsizliyi məsələləri ilə bağlı COP29-a ev sahibliyi edəcək Azərbaycanla işləyəcəklərini qeyd edib:

“Qonaqpərvəlik üçün təşəkkür edirəm və əməkdaşlıqda sizin dəstəyinizə etimad edirik”.

Əvvəlki məqalə

“Son zamanlarda baş verən müsbət inkişafı tarixi nəticə adlandırmaq olar”

Sonrakı məqalə

Azərbaycan Çinin ərazi bütövlüyünü və “Vahid Çin” siyasətini daim dəstəkləyib