Azərbaycan-İran münasibətlərində bəlli bir gərginlik var, vəziyyəti çox dramatikləşdirmək istəməzdim-Nazir

“3+3 formatı ilə bağlı təşəbbüs Azərbaycan Prezidenti tərəfindən irəli sürülüb, Türkiyə Prezidenti tərəfindən dəstəklənib. “3+3” formatında ilk görüş keçən il keçirilib, Gürcüstan qatılmayıb”.

Bunu bu gün 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov “3+3” formatı və İran-Azərbaycan münasibətləri ilə bağlı sualı cavablandırarkən bildirib.

Ceyhun Bayramov deyib ki, Azərbaycan formatı faydalı sayır və dəstəkləyir: “Bu format çərçivəsində görüşün keçirilməsinin nə vaxt uyğun olması ilə bağlı düşünməyə ehtiyac var”.

 

Xarici işlər naziri qeyd edib ki, Azərbaycan xarici siyasətinin əsas prioriteti qonşu ölkələrlə dost, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsidir: “Son dövrlər Azərbaycan-İran münasibətlərində bəlli bir gərginlik var. Mən vəziyyəti çox dramatikləşdirmək istəməzdim. İqtisadi sahədə əldə olunmuş razılaşmalar icra olunur. Azərbaycan-İran münasibətləri mövcud durumda daha yaxşı ola bilərdimi? Ola bilərdi. Azərbaycan heç bir halda bu münasibətlərin gərginləşməsinin tərəfdarı olmayıb. İranlı həmkarımla da çoxsaylı danışıqlarımız olub, o da münasibətlərin inkişafının tərəfdarı olduğunu bildirib. Azərbaycanın mövqeyi belədir ki, qarşılıqlı hörmət, bir-birinin işlərinə qarışmamaq çərçivəsində münasibətlər inkişaf etməlidir”.

Əvvəlki məqalə

Peskov Ermənistan Təhlükəsizlik Şurasının katibinə “təxribatçı” dedi

Sonrakı məqalə

Bayram tətilindən sonra dərslərin başlayacağı gün açıqlanıb-