Azərbaycanda əhali zəlzələ riskini necə qiymətləndirir? –STM-in RƏY SORĞUSU

Sosial Tədqiqatlar Mərkəzi Türkiyənin 11 vilayətində humanitar fəlakətlərə yol açmış, son rəqəmlərə əsasən 46 min 104 nəfər insanın həlak olması ilə nəticələnmiş zəlzələ hadisəsindən irəli gələrək, Azərbaycanda bu kimi fövqəladə hallara qarşı ictimai davranış və mühakimələrin öyrənilməsi, risklərin qiymətləndirilməsi məqsədilə rəy sorğusu keçirib.

Qeyd edək ki, zəlzələ və bənzər fövqəladə hadisələr təbiət elmlərinə aid mövzu kimi qəbul edilsə də, bu kimi fəlakətlər zamanı sosial-psixoloji travmalar və ictimai sabitliyin pozulması, ümumi nizamın yenidən qurulması və həmrəylik prosesləri sosiologiyanın, xüsusilə “fəlakət sosiologiyası” (sociology of disaster) sahəsinin predmetidir. Başqa sözlə, fəlakətlərlə bağlı tədqiqatlarda sosioloji yanaşma elmi ədəbiyyatlarda əksini tapan altı əsas yanaşmadan biri hesab olunur.

Sorğunun sahə işi 11 fevral – 14 fevral 2023-cü il tarixində icra olunub. Sorğuda könüllülük prinsipi əsasında 18 yaşından yuxarı 384 respondent iştirak edib. Sorğular telefonla müsahibə formasında aparılıb. Sorğu ölkənin üç böyük şəhərində – Bakı, Sumqayıt və Gəncə şəhərlərində yalnız bina evlərində yaşayan şəxslər arasında keçirilib. Bu məqsədlə müvafiq məlumat bazasından sözügedən şəhərlərə aid stasionar telefon nömrələri təsadüfi qaydada seçilərək zənglər edilib, bina evində yaşadığı təsdiqlənən şəxslərə sorğuda iştirak etməsi təklif olunub. Sorğuda əhatə olunan respondent sayı statistik tələblərə və beynəlxalq elmi metodologiyaya uyğun olaraq müəyyən edilib. Nəticələr 95% əminlik intervalında olmaqla xəta əmsalı 5%-ə bərabərdir.

Rəy sorğusu göstərir ki, ölkənin üç ən böyük şəhərində insanların 58%-i istismar müddəti 30 ildən yuxarı olan binalarda məskunlaşıb. Onların 23%-i son 30 il ərzində tikilmiş binalarda yaşayır. İştirakçıların 19%-i yaşadığı binanın yaşı barədə məlumatsız olduğunu bildirib ki, onların da əksəriyyəti köhnə binalarda məskunlaşanlardır. Başqa sözlə, istismar müddəti 30 ildən yuxarı olan binalarda məskunlaşanların sayının sözügedən göstəricidən yüksək olması istisna edilmir.

Bakı şəhəri üzrə sorğuda iştirak edənlərin 26%-i, Gəncə şəhəri üzrə 18%-i son 30 il ərzində inşa edilmiş binalarda yaşadığını qeyd etdiyi halda, Sumqayıt şəhəri üzrə analoji göstərici cəmi 7% təşkil edib.

İştirakçıların 44%-i istismar müddəti 30 ildən 60 ilə qədər olan, 13%-i 60 ildən yuxarı olan binalarda məskunlaşıb. Həmçinin 7%-i son 10 il ərzində, 16%-i 10 ildən 30 ilə qədər müddətdə tikilmiş binalarda yaşayır.

Rəy sorğusunda iştirak edənlərin 9%-i iki-dörd mərtəbəli binalarda, 39%-i beş mərtəbəli binalarda, 1%-i altı-yeddi mərtəbəli binalarda, 31%-i doqquz mərtəbəli binalarda məskunlaşıb. Həmçinin iştirakçıların 9%-i 15-24, 11%-i 15-24 mərtəbəli binalarda yaşayır.

Sorğu çərçivəsində iştirakçılardan hazırda yaşadıqları binaların birinci (giriş) mərtəbəsinin nə dərəcədə ticarət və iaşə obyektlərindən ibarət olması öyrənilib. Qeyd edək ki, bu hal binanın bünövrə və konstruksiyasına sonrakı müdaxilə halları baxımından riskli hesab olunur. Nəticələr istismar müddəti 30 ildən artıq olan binalarla müqayisədə yeni tikilmiş binaların birinci mərtəbəsinin əsasən ticarət və iaşə obyektlərindən ibarət olduğunu göstərib.

15-24 mərtəbəli binaların 88%-nin, 10-14 mərtəbəli binaların 63%-nin birinci mərtəbəsində ticarət və iaşə obyektləri mövcuddur. Doqquz mərtəbəli və beş mərtəbəli binalarda yaşayan iştirakçıların isə 70-73%-i yaşadıqları binanın ilk mərtəbəsində bu kimi obyektlərin mövcud olmadığını bildirib.

İstismar müddəti 10 ilə qədər olan binaların 39%-nin, 10 ildən 30 ilə qədər olanların 46%-nin və 30 ildən çox olanların 10-11%-nin birinci mərtəbəsi tamamilə ticarət və iaşə obyektlərindən ibarətdir.

Nəticələri binanın istismar müddətindən və mərtəbə sayından asılı olmayaraq ümumi nəzərdən keçirdikdə məlum olur ki, sözügedən üç şəhərdə binaların 37%-nin birinci (giriş) mərtəbəsi ticarət və iaşə obyektlərindən ibarətdir. İştirakçıların 20%-i binanın birinci mərtəbəsinin tamamilə17%-i müəyyən qədər obyektlərdən ibarət olduğunu qeyd edir. 63%-i binanın giriş mərtəbəsində ticarət və iaşə obyektlərinin olmadığını bildirir.

Bakı şəhərində məskunlaşanların 41%-i, Sumqayıt şəhəri üzrə 24%-i, Gəncə şəhəri üzrə 22%-i yaşadığı binanın birinci mərtəbəsinin ticarət və iaşə obyektlərindən ibarət olduğunu qeyd edir.

Sorğu iştirakçıları arasında son 30 il ərzində tikilən binalarda yaşayanların 67%-i, 30 ildən daha uzun müddətdir inşa edilmiş binalarda yaşayanların isə 83%-i yaşadığı binanın tikinti norma və qaydalarına uyğun inşa edildiyi mövqeyindədir.

Sorğu nəticələri yeni inşa edilmiş yaşayış binalarının etibarlılığının, təhlükəsizliyinin ictimai rəydə köhnə binalarla müqayisədə aşağı olduğunu deməyə əsas verir. Binaların istifadə müddətinin artmasına paralel olaraq, respondentlərin yaşadıqları binanın etibarlılığı və təhlükəsizliyi barədə mövqeyinin də artdığı müşahidə olunur.

Son 10 il ərzində tikilən binalarda yaşayan iştirakçıların cəmi 29%-i binanın tikinti norma və qaydalarına uyğun tikildiyini və etibarlı olduğunu bildirib. Analoji mövqe yaşı 30 ildən yuxarı olan binalar üzrə 54%-ə bərabərdir.

Həmçinin son 10 il ərzində tikilən binalarda məskunlaşanların 36%-i binanın tikinti norma və qaydalarına uyğun tikilməsinə baxmayaraq, etibarlılığından əmin olmadığını ifadə edib. İştirakçıların 21%-i yaşadığı binanın tikinti normalarına uyğun tikilmədiyini və etibarlı olmadığı mövqeyini bölüşüb.

Respondentlərin rəylərindən də göründüyü kimi, beş və doqquz mərtəbəli binaların əksəriyyəti 30 ildən daha artıq müddətdir istifadə olunur. On və daha yüksək mərtəbəli binaların isə 84%-i son 30 il ərzində inşa olunub. Başqa sözlə, ictimai rəydə binaların yaşı və davamiyyəti arasındakı əlaqə, mərtəbə sayı və davamiyyəti üçün də keçərlidir.

Beş və doqquz mərtəbəli binalarda yaşayanların 52%-i binanın tikinti norma və qaydalarına uyğun tikildiyini və etibarlı olduğunu düşünərkən, on və daha yüksək mərtəbəli binalarda yaşayanlar arasında bu mövqedə olanlar 33%-ə bərabərdir.

Sorğuda iştirak edənlərin cəmi 11%-i yaşadığı binanın zəlzələ ehtimalına qarşı möhkəmliyinin yoxlanıldığını və dözümlülüyünün təsdiq edildiyini bildirib. 28%-i ümumiyyətlə yoxlanılmadığını, 61%-i bu barədə məlumatsız olduğunu ifadə edib.

15-24 mərtəbəli binalarda məskunlaşan iştirakçıların 19%-i, 10-14 mərtəbəli binalarda məskunlaşanların 12%-i yaşadığı binanın zəlzələ riskinə qarşı yoxlanıldığını qeyd edib. On və daha yüksək mərtəbəli binalarda yaşayanların ümumilikdə 11%-i yoxlanılmadığını, 73%-i bu barədə məlumatsız olduğunu bildirib.

Beş və doqquz mərtəbəli binalarda yaşayanların cəmi 9%-i yaşadığı binanın zəlzələ riskinə qarşı yoxlanıldığını qeyd edib. Onların 31%-i ümumiyyətlə yoxlanılmadığını, 60%-i bu barədə məlumatı olmadığını bildirib.

Əvvəlki məqalə

“Simonyanın Ermənistana girişinə qadağa qoyulmasını mənfi qarşıladıq”

Sonrakı məqalə

“Azercell” gəlirini niyə açıqlamır?” –