“Azərbaycanın təklif etdiyi 5 prinsip beynəlxalq hüquq normalarına söykənir”

Çoxqütblü dünya nizamına keçid ağrılı və uzunmüddətli adaptasiya tələb edən bir proses kimi qarşımıza çıxır. Bu uzunmüddətli və gərgin keçid kontekstində milli təhlükəsizliyi təmin etmək olduqca çətin milli vəzifədir. Xüsusilə, tarixən mürəkkəb geostrateji rayon kimi xarakterizə edilən Cənubi Qafqazda bu vəzifənin öhdəsindən gəlmək strateji uzaqgörənlik, qətiyyətli siyasi iradə və mümkün geostrateji gedişləri əvvəlcədən dəqiq proqnozlaşdıraraq qərar qəbulunu tələb edir.

Nəzərə almaq lazımdır ki, Azərbaycan 30 ildən sonra öz ərazi bütövlüyünü bərpa edərək, hələ də region ölkələrinin və bütövlükdə dünyanın adaptasiya olunmaqda çətinlik çəkdiyi, yaxud qəbul etmək istəmədiyi yeni reallıqlar yaradıb. Belə olan halda əlbəttə, milli təhlükəsizlik problemləri daha da aktuallıq kəsb etməyə başlayıb. Ona görə də məhz indi, dünyada baş verən qlobal geostrateji zəlzələlər və postsovet məkanının yenidən dizayn edilməsi kontekstində Azərbaycan etibarlı və nüfuzlu müttəfiqlərlə öz milli təhlükəsizliyini təmin etmək çağırışı ilə üzləşib.

Ölkəmiz tərəfindən Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasının əsası olmalı 5 əsas prinsipi irəli sürüb. Bunlar beynəlxalq hüququn fundamental prinsipləridir və bu əsasda normallaşmaya nail olmaq mümkündür.

-Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması.

– Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;

– Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;

– Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;

– Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.

Qeyd etmək istərdik ki, iki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər

Azərbaycanın sülh prosesinə başlamaq üçün irəli sürdüyü 5 baza prinsipi beynəlxalq hüquq normalarına və dövlətlər arasında diplomatik münasibətlərin qurulmasının beynəlxalq təcrübəsinə söykənir.

Bu sənəddə yazılanlar əslində, Ermənistana verilən ən sonuncu şansdır, qonşuluq şansı, mövcudolma şansıdır. 44 günlük ağır müharibə Ermənistana əsl dərs oldu, işğalçı bir dövlətin layiq olduğu cəzanı aldı.

Ermənistanın silahlı qüvvələri tərəfindən 30 il işğal altında saxlanılan ərazilərimiz azadlığına qovuşandan sonra Azərbaycan Qarabağ iqtisadi rayonunda və Şərqi Zəngəzurda quruculuq işlərinə start verib. Zəfər yolunun, Horadiz-Ağbənd dəmir yolunun, Qarabağın qapısı adlandırılan Füzuli Hava Limanının tikintisi, Zəngilan rayonunda Ağalı “ağıllı kənd” və bir sıra infrastruktur layihəsinin həyata keçirilməsi günümüzün reallığıdır. Bəli, Azərbaycan Ermənistandan fərqli olaraq quruculuqla məşğuldur və Ermənistana da işğalçılıq, anti-Azərbaycan siyasətindən əl çəkməyi, sülh şəraitində yaşamağı təklif edir.

Əminə Ağazadə,
Milli Məclisin deputatı

Əvvəlki məqalə

Həbsdə olan sabiq icra başçısının 10 milyonluq əmlakı üzərinə həbs qoyulub –

Sonrakı məqalə

Şeyxülislamın İran demarşı