Azərbaycanın Ukraynadakı səfiri:"70 min insanı birdən-birə təxliyə etmək çətindir"

Azərbaycan səfiri Elmira Axundova Ukraynada ağır şəraitdə olan soydaşlarımıza kömək məqsədilə Diasporla İş üzrə Dövlət Komitəsinə və diaspor təşkilatlarına müraciət edib.

Azərbaycanın Ukraynadakı səfiri APA-ya açıqlamasında bildirib ki, Ukrayna Azərbaycanlıları Radası təşkilatında çox sayda insan cəmləşib, onların arasında iş adamları da var.

“Onlardan çətinliklə üzləşən soydaşlarımıza kömək etmələrini xahiş edirəm. İndi əsas məsələ vətəndaşlarımıza yardım göstərilməsi və onların sərhədlərə yaxın ərazilərə aparılmasını təmin etməkdir. Bəzilərinin pulu yoxdur, avtomobil tapa bilmirlər. İndi avtomobillər də bahalaşıb. Bu amilləri nəzərə alaraq, diaspor təşkilatlarının rəhbərlərinin köməklik göstərmələrini xahiş edirəm”, – səfir vurğulayıb.

Elmira Axundovanın sözlərinə görə, Özbəkistan, Türkiyə, Qazaxıstan səfirlikləri dövlət xətti ilə Polşa və Slovakiyada təyyarələr ayırıb və insanların avtobuslarla mərkəzləşdirilmiş qaydada təxliyəsi həyata keçirilir: “Əlbəttə ki, onlara daha asandır, çünki onların vətəndaşlarının sayı çox deyil. Məsələn, türklər 3-4 min, özbəklər 2 min nəfərdirsə, azərbaycanlıların sayı isə 60-70 mindir. Bu sayda insanı birdən-birə təxliyə etmək çətindir. Digər bölgələrdəki diaspor təşkilatları, diaspor rəhbərlərinin vasitəsilə bu işi həyata keçirmək barədə fikirləşmək lazımdır. Hamımız birlikdə köməkləşib soydaşlarımıza kömək etməliyik. Mən hamıya müraciət edirəm. Yoxsa bir-birimizi ittiham etmək düzgün deyil”.

Səfir təhlükəsizliklə bağlı azərbaycanlılara da müraciət edib: “Soydaşlarımızdan hərbi texnikaların olduğu, döyüşlərin getdiyi ərazilərdən uzaq durmalarını, özlərini qorumalarını xahiş edirik. İstərdim ki, hər kəs öz təhlükəsizliyi haqqında düşünsün, evdən çıxmasın. Sığınacağa gedəndə özləri ilə yemək, su götürsünlər”.

Elmira Axundovan 8 tələbənin zirzəmidə ac-susuz qalmasına dair yayılan məlumatlara da münasibət bildirib. Səfir qeyd edib ki, bu, dezinformasiyadır: “Əvvəla Səfirlik əməkdaşları da, onların ailələri də həyəcan siqnalı olduqda zirzəmiyə düşür, əvvəlcədən yemək, su tədarükü görülür. ötürülür. Axı necə olub bu tələbələr ac-susuz qalıb?! Bundan ötrü “Facebook”da, sosial şəbəkələrdə qalmaqal yaratmaq, səfirə, səfirliyə qarşı xoşagəlməz sözlər işlətmək yaraşmaz”.

Səfir diqqətə çatdırıb ki, 6-7 diplomat və səfirliyin 20-ə yaxın əməkdaşı, onların ailələri, uşaqları Səfirlikdədir: “Biz də soydaşlarımız kimi çətin şəraitdəyik. Ona görə bizi də başa düşmək lazımdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“İlham Əliyev və Ərdoğan Rusiya ilə müzakirənin başlanmasına yardımçı olacağını dedi” –

Sonrakı məqalə

Rusiya 3 gündə Ukraynaya 250-dən çox raket atıb