Azad edilən rayonlara qayıdacaq məcburi köçkünlər üçün imtiyazlar və güzəştlər nəzərdə tutulur –

RƏSMİ
08 Yanvar 2021 - 13:08

“İşğaldan azad olunmuş ərazilərdə bərpa işlərinin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi üçün Prezidentin sərəncamı ilə Əlaqələndirmə Qərargahı yaradılıb”.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Yeni TV-yə deyib. Hüseynov bildirib ki, həmin qərargahda idarələrarası mərkəz formalaşdırılıb: “Bu mərkəz nəzdində 16 İşçi Qrup yaradılıb. Bu İşçi Qruplar tərəfindən Strateji Fəaliyyət Planı əsasında hazırlanacaq tədbirlər planında həmin ərazilərə qayıdan məcburi köçkünlərə hansısa imtiyazlar, güzəştlər edilməsi məsələləri əksini tapacaq. Bununla bağlı qərarlar qəbul olunacaq və ictimaiyyətə məlumat veriləcək”.

Sədr müavini qeyd edib ki, işğaldan azad olunmuş ərazilərə qayıtmaq üçün ilkin mərhələdə Qarabağdan olan, məcburi köçkün və qaçqın statusu olan insanlara üstünlük veriləcək: “Gələcəkdə daimi məskunlaşma yekunlaşandan sonra hər bir ölkə vətəndaşının ölkəmizin müxtəlif şəhər və rayonlarında mülkiyyət əldə etmək hüququ olduğu kimi, bu ərazilərdən də torpaq almaq hüququ olacaq”.