Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi general-mayor Mövlam Şıxəliyev, 2-ci şöbənin rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin rəis müavini Yasin Məmmədov və şöbə rəisinin müavini olmuş Sahib Ələkbərovun apellyasiya şikayəti üzrə proses davam edir.
Azpost.info xəbər verir ki, artıq proses yekunlaşmaq üzrədir.
İş üzrə zərərçəkənlər yekun çıxışlar edirlər. Sonuncu prosesdə zərərçəkən Hüseyn Səfərov çıxış edib. Deyib ki, müttəhimlər məhkəmə dövründə yalan danışıb, dövlətə, istintaq orqanına, məhkəmələrə, zərərçəkənlərə iftira, şər atıblar: “Mövlam Şıxəliyev Hərbi Məhkəmədə də, burada da deyir ki, guya məni tanımır, mənimlə kabinetində dəfələrlə görüşməyib. Mən Qurana and içirəm ki, saxlandığım günün səhərisi Mövlam Şıxəliyev məni müstəntiq və Vüsal Ələkbərovla birgə qəbul edib. Məni məcbur edib 1 milyon sözünü aldılar. Gördülər ki, 1 milyon söz verirəmsə, qaldırdılar 3 milyona. Bizi 2008-ci ilin oktyabrında saxlayıblar, Mövlam Şıxəliyev həmin ilin martında MTN İstintaq Baş İdarəsinə rəis təyin olunub. Ona görə də yalan danışır ki, guya mən saxlanılanda ümumiyyətlə rəis olmayıb. Guya məni ümumiyyətlə görməyib. Saxlanıldığım müddətdə 3 dəfə Mövlam Şıxəliyevlə görüşmüşəm. Bir dəfə saxlanılan günün səhəri, bir dəfə buraxılmağıma 10 gün qalmış Vüqar Əliyevin otağında, bir də buraxıldığım gün Vüsal Ələkbərov aparıb sənədlərimi təcridxanaya qol çəkdirib və gəlib deyib ki, Mövlam Şıxəliyev səni çağırır. Onun yanına getmişik. Mənə dedi ki, 1 milyon 650 min çatıb, 350 mini nə vaxt gətirirsən? Mənimlə hədə ilə danışırdı. Dedi ki, pulu verməsən, məsələ başqa cür olacaq. Bir yerdə bu haqda danışsan, bizdən incimə. 30 il əvvəl videokamera, mobil telefon yox idi, istintaq gedib gizli şəkildə törədilən cinayətlərin üstünü açmırdı? Bunlar deyirlər ki, telefon danışığı yoxdur, video yoxdur, belə şey də olmayıb. Boş-boş danışırlar”.
Zərərçəkən daha sonra bunları deyib: “Vüsal Ələkbərovun otağında oturmuşdum, 3 nəfər ora gəldi. Böyük-böyük “klyok”lar götürüb getdilər ki, oğlun gəlib, pul gətirib. Getdilər oğlumdan pulu almağa. Düşüblər aşağı, gedib 7-10 dəqiqə sonra pulu oğlumdan alıb gəldilər. Əllərindəki “klyok”lar boş idi. Oğlum pulu idman çantasında gətirmişdi. Gəlib kabinetdə çantanı açdı, sevindiyindən sifəti gülürdü. Öz otağından Mövlama zəng elədi, dedi ki, Hüseynin oğlu gəlib. O da yanına çağırdı. Vüsal Ələkbərov pulu aparıb onun kabinetinə qoyub qayıtmağı 2-3 dəqiqə çəkdi. Ailəm o pulu yığmaq üçün Naxçıvandakı evimi satıb, 3 uşağımın evləri banka girov qoyulmaqla kredit götürülüb. Məni həbsdən buraxandan sonra Vüsal gəlib qalan 350 mini istəyirdi. Dedim ki, 1 evim var, onun da üzərinə həbs qoymusuz. Dedi ki, məktub verim, get həbsdən çıxar, sat. Nətəhər oldu, elə bunların hamısı bir vaxta düşdü? Müstəntiq də Mamed Musayevin oğlu idi. Onu da Vüsal qoşdu yanıma, getdik Səbayel məhkəməsinə. Hakim Rauf Hüseynov idi. Getməyimizlə 5 dəqiqəyə qərar çıxardı, evi həbsdən çıxardı. Mən də evi 300 minə satdım. Bu gün də evimin əşyalarını kirayədən-kirayəyə daşıyıram. Bunu Allah götürər? Vüsal da, Mövlam da bunları çox yaxşı bilirlər. Bu cinayətlərin başında Mövlam Şıxəliyev durur. Dövlətə, dövlətçiliyə xəyanət edib”.
Hüseyn Səfərov deyib ki, həbsdən azad ediləndən sonra da ondan əl çəkməyiblər: -Vüsal zəng edib deyirdi ki, Mövlam Şıxəliyevin ad günüdür. Mən də məcbur olub iki ədəd “Vertu” telefon almışdım. Üstündən bir müddət keçəndən sonra dedi ki, Mövlam Şıxəliyev general rütbəsi alıb, hədiyyə gətir. Mən də 21 min dollara saat alıb aparıb otağında özünə verdim. Onun otağını “su yolu”na döndərmişdim. İndi də deyir ki, guya mən onun otağında olmamışam. Halbuki mən dəfələrlə orada olmuşam”.
Hüseyn Səfərov Mövlam Şıxəliyevin cinayətləri barədə film çəkdirdiyini bildirib: “Sovet dövrü olsaydı, bunlara birbaşa güllələnmə hökmü çıxarılardı. Bunlar prezidentin sözlərindən belə nəticə çıxarıb cinayətərini etiraf etmirlər. Məhkəmə gedən dövrdə Mövlam Şıxəliyev mən də daxil olmaqla bir neçə zərərçəkənin pulunu ödəməyə cəhd edib. Vəkili Arzu Cavadov vasitəsi ilə belə təklif edib. Deyib ki, pulunuzu Eldar Mahmudov verəcək. Məndə səs yazısı da var. Mən də məhkəmədə Mövlam Şıxəliyevə yaxınlaşmışam, soruşmuşam ki, vəkilin deyir ki, pulumuzu Eldar Mahmudov ödəyəcək. Bu düzdürmü? Mövlam da cavab verib ki, kişinin sözü bir olar. 2 dəfə Eldar Mahmudovla görüşmək üçün onun bağına getmişəm. Yanımda zərərçəkən Əfsəl Həsənəliyev də olub. Eldar Mahmudov da xəbər göndərib ki, mənimlə tək görüşə bilər. Görüşmüşük, deyib ki, bu işlərdə onun əli yoxdur, bu işləri görən Mövlam Şıxəliyevdir”.
Hüseyn Səfərov çıxışının sonunda müttəhimlərə ittiam üzrə ən ağır cəzanın verilməsini, xüsusi müsadirə üçün istintaq zamanı üzərinə həbs qoyulan bütün əmlakların müsadirə edilməsini xahiş edib. Hakim zərərçəkəni dayandıraraq iş üzrə konkret danışmasını istəyib.
Əfsəl Həsənəliyev qanunsuz həbs olunuduğunu deyib. Bildirib ki, əlində Gömrük Komitəsi sədrinin müavini Əsgər Abdullayevin məktubu var: “Həmin məktubu o, Mövlam Şıxəliyevə yazıb. Yazır ki, mal gömrük nəzarəti altında tranzit olaraq Azərbaycan ərazisindən keçməklə İrana gedir. Bu məktub işin içində də var, sizə də təqdim edəcəyəm. Bunların bizim malı qaçaqmal kimi saxlamaları qanunsuz idi. Ona görə də gömrük nəzarəti altında Azərbaycan ərazisindən keçən malı zorla gömrükçülərin əlindən alıblar. İlk gündən də bizdən pul tələb ediblər”.
Bundan sonra proses aprelin 3-nə qədər təxirə salınıb.
Abbas