Bakı-Ağstafa-Bakı marşrutu üzrə ilk sürətli sərnişin qatarı yola düşüb

Bu gün saat 8:25-də və 8:45-də Bakı Dəmiryol Vağzalından Bakı-Ağstafa-Bakı istiqaməti üzrə ilk sürətli sərnişin qatarları yola düşüb. Bu gün daha bir qatar saat 17:00-da Bakıdan Ağstafaya yola düşəcək. Qatarın yolda olma müddəti 4 saat 55 dəqiqədir.

“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) AZƏRTAC-a bildirilib ki, 459 kilometr uzunluğunda olan Bakı-Ağstafa-Bakı marşrutu üzrə İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan dörd vaqonlu, ikimərtəbəli sürətli sərnişin qatarı hərəkət edir. Qatarın ümumi sərnişin tutumu 364 yerdir.

ADY Novruz bayramı ilə əlaqədar artan sərnişin tələbatını nəzərə alaraq, Bakı-Ağstafa marşrutu üzrə martın 19 və 20-də əlavə bir reys də təyin edib. Qeyd olunan tarixdə sərnişin qatarı müvafiq olaraq hər gün saat 8:25 və 8:45-də Bakıdan Ağstafaya yola düşəcək.

Marşrut üzrə Bakıdan Ağstafaya kimi bir istiqamətə gediş haqqı standart sinif üçün yerlərdə 17 AZN, Bakı-Tovuz istiqaməti üçün isə 16 AZN təşkil edir. Biletləri Dəmiryol vağzallarının kassalarından və ya ADY-nin rəsmi saytından (https://ticket.ady.az/ticket-search/) onlayn əldə etmək mümkündür.

Əvvəlki məqalə

57 yaşlı Məleykə Əsədova idman zalında hamını təəccübləndirdi –

Sonrakı məqalə

“Xalqımıza qarşı törədilmiş hərbi cinayətləri heç vaxt unutmayacağıq” –