“Bakı çalışır ki, Rusiyanı qıcıqlandıracaq addımlar atmasın” –Politoloq Şahin Cəfərli

“Azərbaycan-Ukrayna əlaqələri həmişə yaxşı olub. Iki dövlətin maraqlarının üst-üstə düşməsini şərtləndirən ən vacib məsələ hər iki dövlətin ərazisində münaqişənin mövcudluğu olub. Bu baxımdan bu dövlətlər hər zaman bir-birinin ərazi bütövlüyünə, müstəqilliyinə dəstək verib”.

Azpost.info bildirir ki, bu sözləri politoloq Şahin Cəfərli prezident İlham Əliyevin Ukraynaya səfərinin nəticələrini Amerikanın Səsinə şərh edərkən deyib.

Onun sözlərinə görə, digər amil, postsovet dövründə yaranan GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) təşkilatıdır: “Düzdür, son zamanlar bu təşkilat o qədər də fəal olmayıb. Ancaq, prezident Əliyevin Ukraynaya səfəri zamanı bu təşkilatın dirçəldilməsi barədə razılıq əldə edilib. Xüsusilə iqtisadi, nəqliyyat və kommunikasiya sahəsində GUAM təşkilatının aktivləşdirilməsi qərara alınıb.”

Politoloq hesab edir ki, prezident Əliyevin səfərinin vacib məqamlarından biri də Azərbaycanın Ukraynadan torpaq sahələri icarəyə götürərək kənd təsərrüfatı məhsulları əkməsi olacaq: “Bu razılaşma Azərbaycanın bu torpaqlarda ərzaq buğdası əkərək öz ərzaq təhlükəsizliyinin təmin olunması baxımından vacibdir.”

Ekspert GUAM daxilində siyasi fəaliyyətin aktivləşdirilməsinin Rusiyanın təzyiqlərinə səbəb olma ehtimalları ilə bağlı sualın cavabında deyib ki, Azərbaycan GUAM-da fəaliyyətində həmişə Rusiya faktorunu nəzərə alır: “Azərbaycan Ukraynanın ərazi bütövüyünə dəstək versə də bu sahədə ehtiyatlı siyasət yürüdür. Çalışır ki, Rusiyanı qıcıqlandıracaq addımlar atmasın. Buna misal kimi, Azərbaycanın Krım platformasının təsis konfransında iştirak etməməsini göstərə bilərik. Yəni, hansı məsələlərdə Rusiyanın Azərbaycana qarşı aqressivliyi yarana bilər, o sahələrdə Azərbaycan bir qədər geri planda durur. Rusiyanın aqressiv addımlar atacağından çəkinir. Bu baxımdan Azərbaycan GUAM daxilində əməkdaşlığın siyasi komponentlərinə deyil, daha çox iqtisadi komponentlərinə üstünlük verir. Səfər zamanı da bunu müşahidə etdik,”- o qeyd edib.

Politoloq GUAM dövlətləri arasında nəqliyyat dəhlizi barədə danışarkən deyib ki, nəqliyyat dəhlizi dedikdə daha çox Azərbaycanın Gürcüstan və Ukraynanın Qara dəniz limanlarından daha geniş istifadəsindən söhbət gedir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şeyxülislam Müqəddəs Komodilla katakombalarını ziyarət edib

Sonrakı məqalə

Şeyxülislam Vatikanın dövlət katibi ilə görüşüb –