“Bakıdan Balakənə, Astaraya, Yalamaya qatarlar nə vaxt yola düşəcək?” –Ekspertdən ADY-ə mesaj

“Azərbaycan Dəmir Yolları” QSC yenə də cəmiyyətin gözləntisini deyil, özünə xoş gələni paylaşır. Bakı – Balakən, Bakı – Astara, Bakı -Yalama və s. qatarları nə zaman işə düşəcək?”
Azpost.info bildirir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz ADY-nin sərnişin daşınma ilə bağlı açıqlamasını şərh edərkən bildirib: “ADY açıqlama yayıb ki, cari il ərzində neçəsə milyon sərnişin daşıyıb, artım olub. Maraqlıdır ki, ADY bu rəqəmləri bütün daxili reyslərin işlədiyi bir neçə il əvvəlki dövrlə deyil, pandemiyadan sonrakı dövrlə müqayisə edib. Amma cəmiyyəti maraqlandıran suallar odur ki, nə zaman bütün ölkə üzrə sərnişindaşıma bərpa olacaq? Nə zaman 4 il əvvəlki rəqəmlərə çata biləcəyik? 4 il ərzində işləmyən Bakı – Balakən, Bakı – Astara, Bakı- Yalama və s. qatarları nə zaman işə düşəcək?”
Ekspertin sözlərinə görə, son zamanlar ADY rəhbərliyinin Bakı -Gəncə və bu xətt üzrə bir neçə digər bölgələrə, Bakı – Qəbələ , Bakı ətrafı istiqamətlərə sərnişindaşınması ilə bağlı səyləri təqdirəlayiqdir: “Amma təəssüf edirəm hələlik ADY-nin yeni rəhbərliyi digər bir neçə vacib daxili istiqamətlər üzrə açıqlamalar verməkdə maraqlı görsənmir. Hələ də ölkədaxili qatarların hərəkətinin nə zaman bərpa ediləcəyi qeyri-müəyyəndir.
Əvvəllər deyirdilər ki, qatarlar yoxdur, gah deyirlər dəyişən cərəyanı sabit cərəyana çeviririk, gah da deyirlər dəmir yollar bərpa olunur. Ağlabatan bir açıqlama ortada yox idi. İndi isə görünən odur ki, bu tip nağılları yeni rəhbərlik təkrarlamaq istəmir, amma ağlabatan bir açıqlama da ortada yoxdur”.
O.Gündüzün sözlərinə görə, təbii inhisar subyekti hesab olunan qurumun ağlabatan bir əsas olmadan daxili istiqamətlərin çox hissəsi üzrə fəaliyyətini dayandırması Antiinhisar qurumu da narahat etmir: “Yeri gəlmişkən, Antiinhisar Xidmətin bu qurumda apardığı yoxlamaların da nəticəsi məlum olmadı. Eyni zamanda, gözlənilirdi ki, yeni rəhbərlik Prezidentin ADY-nin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı 7 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq hökumətdən subsidiya alacaq və gələn ilin əvvəli daxili istiqamətlərdə qatarlar işləyəcək. Görəsən hökumətdən yardım ayrıldımı, qatarlar alındımı , yaxud alınırmı, görəsən baxımsız vəziyyətdə olan dəmir yolları və stansiyalar bərpa olunurmu, adı çəkilən istiqamətlərə nə zamana nəzərdə tutulur sərnişindaşıma ? Vətəndaşlar, biznes, turizm sektoru işlərini necə nizamlasınlar? Cəmiyyət ADY-dən məhz bu istiqamətdə açıqlamalar gözləyir”.
Azpost.info
Əvvəlki məqalə

Məhkəmə Navalnıya daha 19 il həbs cəzası verdi

Sonrakı məqalə

Qazaxda 22 yaşlı gənc qadın intihar edib