Xüsusi icra məmuru olmaq istəyənlərə –Müsahibələr sentyabrın 14-dən başlayır

Xüsusi icra məmuru fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün müsabiqənin ikinci mərhələsinə başlanılır.

Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyasından bildirilib ki, 12 iyun 2026-cı il tarixində keçirilmiş test imtahanında uğur qazanan, həmçinin həmin imtahandan azad olunan namizədlər müsabiqənin ikinci mərhələsində iştirak edəcəklər.

Qeyd olunub ki, “Xüsusi icra məmurları haqqında” Qanunla müəyyən edilmiş tələblərə cavab verən namizədlərlə 14 sentyabr 2026-cı il tarixindən müsahibələrin keçirilməsinə başlanılacaq.

Müsahibələr fərdi qaydada Ədliyyə Nazirliyinin inzibati binasında – Bakı şəhəri, İnşaatçılar prospekti 1 ünvanında keçiriləcək.

Müsahibənin vaxtı barədə hər bir namizədə əvvəlcədən məlumat veriləcək.

Qanunvericiliyə əsasən, müsabiqənin nəticələrinə görə uğur qazanan namizədlər müqavilə əsasında Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında üç aylıq ilkin icbari hazırlığa və stajkeçməyə cəlb olunacaqlar.

Bununla yanaşı, Nazirliyin icra məmurlarının fəaliyyətinə nəzarəti bilavasitə həyata keçirən qurumunda xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə və ya dövlət icra məmuru vəzifəsində ən azı üç il işləmiş şəxslər ofisin idarə edilməsi və mühasibatlıq təlimləri istisna olmaqla, ilkin icbari hazırlıqdan və stajkeçmədən azad ediləcəklər.

İlkin icbari hazırlığın sonunda qiymətləndirmədən keçən və stajkeçmə planını yerinə yetirən şəxslərə Ədliyyə Nazirliyi tərəfindən şəhadətnamə veriləcək.

Əlavə məlumat almaq istəyən şəxslər (012) 510-10-01 nömrəsi ilə əlaqə saxlaya bilərlər. Daxili nömrələr: 10705, 10713, 10409, 10416.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.