Bakını və Yerevanı təəccübləndirən Putin –Moskva niyə məhz indi neytral mövqe tutub? (TƏHLİL)

Moskva Ermənistan və Azərbaycan arasında yeni döyüşlər zamanı neytral qalmaq cəhdləri ilə Bakı, Yerevan, Moskva və Qərbdə bir çoxlarını təəccübləndirib.

Azpost.info bildirir ki, bu sözləri ABŞ-ın tanınmış siyasi təhlilçisi Pol Qobl “Ceymstoun” Fondunun saytında dərc etdirdiyi təhlilində yazıb.  İcmal əslində Rusiya ekspertlərinin yazdıqlarının təhlilidir.

Rusiyalı hərbi şərhçi Aleksandr Staverə istinad edən politoloq qeyd edir ki, Moskvanın tərəflərdən eyni məsafədə aralı dayanmaq üçün həmişə tutarlı səbəbləri olub. Onun sözlərinə görə, indi isə, Türkiyənin uzaq Qafqazadakı münaqişəyə mümkün müdaxiləsindən və Rusiya şəhərlərində etnik azərbaycanlılarla ermənilər arasında toqquşmaların nəzarətdən çıxacağından olan nigarançılıq sözü gedən səbəbi bir az da möhkəmləndirib.

Qobl yazır ki, Moskva Ermənistana tərəf meyllənsəydi, Türkiyənin münaqişəyə birbaşa və ya dolayısı ilə müdaxiləsinin mümkünlüyü istisna edilməməliydi. Moskva bu qarşıdurmada Azərbaycana tərəf əyilsə idi, bu onun Cənubi Qafqazda və bəlkə də İranda uzun müddətdən bəri qurduğu nüfuza son qoyardı.

Staver “Voyennoye Obozreniye” jurnalında yazır ki, Kreml bu səbəblərdən neytral qalmağı seçib. Məqalədə deyilir ki, Moskvanın belə mövqeyi Yerevan və Bakıda siyasətçiləri qarşıdurmanı məhdudlaşdırmaq cəhdləri göstərməyə məcbur edib.

 

“Nə Bakı, nə də Yerevan döyüşmək istəmir”

Staverin fikrincə, hər iki tərəf narahatdır ki, bu qarşıdurma zamanı indi əldə edilmiş kiçik üstünlük, onların uzun müddətdə varlığı üçün təhlükəyə çevrilə bilər. Staver bu qənaətə gəlir ki, elə bu səbəbdən də bu qarşıdurmanın bir müddət sonra başa çatacağını gözləmək olar.

Məqalədə deyilir ki, Rusiya diplomatları bununla da hər iki tərəfə aydın mesaj veriblər: “Biz neytralıq. Biz hər iki xalqa hörmət bəsləyirik və onlardan heç birini digəri ilə qarşıdurmada dəstəkləməyəcəyik”.

 Qobl yazır ki, ermənilər bu vəziyyətdə Moskvadan daha çox umurdular, amma Yerevanın son anti-Moskva bəyanatlarının təsirsiz ötüşmədiyini başa düşdülər. Rusiyadan silah alan azərbaycanlılar da belə bir təmənnada ola bilərdilər, amma anladılar ki, Kremlin maraqları silah satışından daha genişdir.

Moskva başa düşür ki, bu münaqişə bitməlidir. Amma Staverin fikrincə o həm də başa düşür ki, öz neytral mövqeyi ilə tərəflərin dinc yanaşı yaşaması üçün daha çox iş görə bilər.

 Naxçıvandan Moskvayadək

Qobl qeyd edir ki, Staverin qənaətinə görə, Rusiya Türkiyənin son qarşıdurmada rol oynamasını indi keçmişdə olduğundan daha çox istəmir: “Ankara çətin ki, birbaşa Moskvaya qarşı çıxsın, amma o Azərbaycanın Naxçıvan eksklavından Ermənistana arxa tərəfdən həlledici zərbə endirməsini təşkil edə bilər. Azərbaycan son illərdə əsas ərazisindən aralı olan bu bölgədə gücünü artırmaq üçün addımlar atıb”.

Qobl yazır ki bu münaqişə üçün strateji bir bölgədir: “Əgər Azərbaycan hücumu buradan etmək istəsə, Yerevan üçün son həftələrdə mövcud olan təhlükədən qat-qat böyük təhlükə yarana bilər”. Politoloqun fikrincə, Moskvanın son neytrallığının səbəblərindən biri də elə budur.

Qobl yazır ki, Kreml həm də başqa bir yeni və ciddi problemlə üzləşib. Moskvada və Rusiyanın başqa şəhərlərində ermənilər və azərbaycanlılar arasında toqquşmalar baş verir. Bu küçə dava-dalaşları Cənubi Qafqaz münaqişəsinin Rusiyaya yayıla biləcəyinin xəbərdarlığıdır.

Politoloqun fikrincə hazırda Vladimir Putinin bunsuz da üzləşdiyi bir neçə başqa böhranlar var. Minlərlə etirazçı Xabarovskun və başqa şəhərlərin küçələrinə çıxır, koronavirus pandemiyası və iqtisadi problemlər sosial hiddəti alovlandırır. Belə bir şəraitdə Rusiyanın heç istəmədiyi bir böhran da onun öz paytaxtında millətlərarası zorakılığın qızışmasıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tovuz döyüşü Britaniya parlamentində müzakirə olunacaq

Sonrakı məqalə

Azərbaycanın valyuta ehtiyatları 51 milyard dolları ötüb