Cənab Prezident Dünya Azərbaycanlılarının V Qurultayında etdiyi çıxışla qarşımıza konseptual, proqram xarakterli istiqamət qoydu”.
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Dünya Azərbaycanlılarının V Qurultayında “Post-müharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr, fəaliyyət planı/yol xəritəsi” mövzusunda panel çıxışı zamanı bildirib.
O vurğulayıb ki, Azərbaycan diasporunun qarşısında yeni çağırışlar dayanır. Hikmət Hacıyevin sözlərinə əsasən, erməni lobbi dairələri tərəfindən Azərbaycana qarşı təbliğat kampaniyaları indi də davam etdirilir: “Bu yaxınlarda Avropa Parlamentinin qəbul etdiyi qətnaməyə diqqət çəkmək istəyirəm. Belə bir qətnamə qəbul etdilər ki, guya Qarabağda erməni irsi məhv edilib. Onlar yaxşı olar ki, işğaldan azad edilmiş ərazilərə gələrək ermənilərin törətdiyi vəhşiliklərə şahidlik etsinlər. Bizim müraciətlərimizə baxmayaraq, hələ də işğaldan azad olunan ərazilərə faktaraşıdırıcı missiya göndərməyib”.
H. Hacıyev bildirib ki, digər ən böyük problem minalardır: “Humanitar mina problemi bütün bəşəriyyətin üzləşdiyi problemdir. Azərbaycan minalarla çirklənmiş ölkələr sırasında ilk beşlikdədir. Bunu təəssüflə qeyd edirik.
Birinci Qarabağ müharibəsində itkin düşən 4 minə yaxın azərbaycanlının taleyinə Ermənistan hələ də aydınlıq gətirməyib. Bu məsələ Azərbaycan Prezidentinin diqqətindədir və o, müxtəlif görüşlərdə, konfranslarda bu məsələni qaldırır”.
O, vurğulayıb ki, Azərbaycan bu gün regionda yeni reallıq yaradıb: “Bu reallıq regionun yeni sülh gündəliyidir. Azərbaycan tərəfindən Ermənistana 5 maddəlik prinsiplər təqdim olunub. Əgər Ermənistan rəhbərliyi və xalqı gələcəyə doğru baxmaq istəyirsə, bu fürsəti dəyərləndirməli və regionda sülh şəraitində yaşamaq barəsində qərarını verməlidir. Azərbaycan xalqı və Azərbaycan hökuməti öz xoş niyyətini göstərmişdir.