“Balığı at dənizə…”-Balıqçılıqda vəziyyət necədir?

Balıqçılıq və balıq məhsullarının dünyanın ən sağlam qidalarından biri olmaqla aclıq və qidalanmanın aradan qaldırılmasında xüsusi bir rol oynayır.

Ümumilikdə dünya əhalisinin 12 faizi həyatını balıqçılıqla təmin edir. 1960-cı ildən keçən dövr ərzində balıq istehlakı 2 dəfə çoxalıb və 2018-ci ildə adambaşına təqribən 19 kiloqram təşkil edib.

Hazırda dünyada zülal qəbulunun, təxminən, 17 faizi balığın payına düşür. Bəzi sahilyanı və ada dövlətlərində isə bu göstərici hətta 70 faizi ötür. FAO ekspertlərinin fikrincə, planetdə əhalinin sayının çoxalması ilə əlaqədar ərzağa artan tələbatı balıqçılıq təsərrüfatı hesabına ödəmək olar.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə 61,217 ton balıq ovlandığı və tutulduğu məlumdur. Balıq istehsalının 95,7%-i və yaxud 58 595 tonu fiziki şəxslərin payına düşüb.

Azərbaycanın qara kürüsü, demək olar ki, əksər ölkələrə, o cümlədən ABŞ, Türkiyə, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İndoneziya, Sinqapur və s. ixrac edilir. Azərbaycan tarixində ilk dəfə olaraq, 2021-ci ildə Rusiyaya əlvan forel ixrac edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu il balıq və xərçəngkimilər, molyuskalar və digər su onurğasızları üzrə ixracın dəyəri 1.392.59 min dollar (ümumi ixracın 0,01 faizi), idxalın dəyəri isə 27.058.64 min ABŞ dolları (ümumi idxalın 0,23 faizi) təşkil edib.

Ölkədə balıqçılığın perspektivləri necədir?

Rəsmilərin və ekspertlərin fikrincə, Azərbaycanda hələlik balıq məhsullarının yetişdirilməsi və bazara çıxarılması kortəbii xarakter daşıyır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru Mehman Axundovun açıqlamasına görə, Azərbaycanda şirin su və kənd təsərrüfatı istehsalı üçün torpaq ehtiyatları məhduddur. Odur ki, balıqyetişdirmə fəaliyyətinin genişləndirilməsi daha çox Xəzər dənizində mümkün olacaq. “Əhalinin balığa olan tələbatının təmin edilməsi proqramı çərçivəsində Xəzər dənizinin Azərbaycana aid sularında marikulturanın inkişaf etdirilməsi məqsədilə qəfəs tipli balıq təsərrüfatlarının yaradılmasına geniş imkanlar var. Marikulturanın inkişafı üçün Xəzər dənizinin sahilyanı rayonlarında xarici ölkələrin biotexnologiya təcrübələrindən istifadə etməklə yüksək məhsuldarlı balıqçılıq təsərrüfatları yaradıla bilər”.

M.Axundovun sözlərinə görə, bu sahədə görülən işlər Azərbaycanın kənd ərazilərində yeni iş yerlərinin və alternativ gəlir mənbələrinin yaranmasına səbəb olar.

Bu eyni zamanda Xəzər dənizində bioloji resursların tükənmə təhlükəsinin, brakonyerliyin qarşısını ala, həmçinin qanunsuz balıq ovunun azalmasına və dənizin ekoloji vəziyyətinin yaxşılaşmasına səbəb ola bilər.

Hökumət bir sıra addımlar atır. Təbii su hövzələrində daha səmərəli olan müasir fermaların yaradılması və akvakulturanın inkişafı hesabına balıq növlərinin artırılması üçün dövlət proqramı hazırlanır.

Bəs Azərbaycanda balıqçılığın inkişafına nə mane olur?

“Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyinin sədri Zaur Salmanlının açıqlamasına görə, Azərbaycanda balıqçılıq sahəsində problemlər çoxdur.

Ekspertin fikrincə, SSRİ dövründə Azərbaycanda balıqçılıq inkişaf etmiş sənaye sahəsi olan balıqçılıq bu gün dağınıq vəziyyətdədir. Balıqçılıqla məşğul olmaq istəyənlərin üzləşdiyi problemlərin önündə qeydiyyat məsələsi dayanır. Bu gün kiçik və orta balıqçılıq təsərrüfatlarının ilkin qeydiyyatı çox çətindir. Bunun üçün müəyyən edilmiş şərtlər çox ağır, qeydiyyat forması çox mürəkkəbdir.

Daha bir problem balıqçılıq üçün yaradılmış süni göllərin yerləşdiyi torpaq sahələri ilə bağlıdır. Kənd təsərrüfatına tamamilə yararsız bəzi torpaqlarda balıqçılarımız infrastruktur yaradıblar və fəaliyyət göstərirlər. Amma bu torpaqların təyinatı qeyri-müəyyəndir. Dövlət birgə komissiya yaratmaqla bu torpaqların təyinatını yenidən müəyyənləşdirməlidir. Torpağın təyinatı dəyişdirilsə, balıq istehsalçıları işini rahat görə bilər.

Digər problem odur ki, qəfəs balıqçılığı ilə məşğul olmaq istəyən sahibkarlar üçün Azərbaycan qanunvericiliyində müddəa yoxdur. Su səthini icarəyə götürmək qanuni yolla mümkün deyil. Məsələ hüquqi yolla tənzimlənməli, qanunvericilik vəziyyətə uyğunlaşdırılmalıdır. “Azərbaycanda istənilən sahəninin inkişafı üçün təməl baza sənədi lazımdır. Bizdə isə balıqçılığın inkişaf strategiyası yoxdur”, – deyən Assosiasiyası sədri vurğulayıb.

Ekspert balıqçılıqla məşğul olan sahibkarlara da subsidiya verilməsini təklif edib. Onun sözlərinə görə, dövlət dəstəyi olsa, balıq istehsalının maya dəyəri aşağı düşər, vətəndaşlarımız balıq və balıqçılıq məhsullarını ucuz alarlar. Yerli məhsul baha başa gəldiyi üçün ölkəyə müxtəlif istiqamətlərdən kütləvi idxal var. Son nəticədə yerli istehsal batıb gedir.

Subsidiyalaşma nəticəsində ölkədə nərəcincli, o cümlədən forel balıqlarının, çəkikimilərin və digər növ məhsulların istehsalı, yerli istehlak səviyyəsi, ixrac həcminin xeyli artacaq. Ən əhəmiyyətlisi isə budur ki, subsidiyalaşma nəticəsində balıqçılıq “ağ sahə”yə çevriləcək. Belə olan halda, ölkədə nə qədər və hansı növ balığın istehsal olunduğuna, hansı ərazilərdə yetişdirildiyinə dair bütün məlumatları əldə edə biləcəyik. Subsidiya hər bir istehsalçını öz istehsal mənzərəsini tam olaraq “açmağa” vadar edəcək.

Balıqçılıq müəssisələrin qeydiyyatı 2017-ci ildən Nazirlər Kabinetinin Qərarı əsasında həyata keçirilir. Balıqçılıq müəssisələrin qeydiyyatı üçün torpağa olan mülkiyyət növü ilə bağlı sənəd təqdim edilməlidir. Bu sənədi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri verir.

Nazirlik rəsmisi qeyd edib ki, balıqçılıq təsərrüfatlarının torpaqla bağlı problemlər mövcuddur. Balıq təsərrüfatları əsasən nohurçuluqla məşğuldur və onların əksər hissəsi kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşir. Bu isə kənd təsərrüfatı məqsədləri üçün təyinatına görə torpaqların dövriyyədən çıxmasına səbəb olur.

Balıqçılıq təsərrüfatları ƏMDX-nın verdiyi “Çıxarış” əsasında “su fondu”, “sənaye, nəqliyyat, rabitə müdafiə və digər təyinatlı torpaqları”, o cümlədən də az yararlı və yararsız təyinatlı torpaqlar üzərində yaradıla bilər.

Burada qanunvericiliyə müəyyən dəyişikliklərin edilməsinə ehtiyac var. “Hesab edirik ki, elə kənd təsərrüfatı təyinatlı torpaqlar var ki, əkinə az yararlı, yaxud da tam yararsızdır. Yararsız və az yararlı torpaqlarda balıqçılıq təsərrüfatlarının yaradılmasını məqsədə müvafiq hesab edirik”-deyə Axundov qeyd edib.

Nazirliyin rəsmi məlumatlarına görə, 600-dən çox balıqçılıq təsərrüfatlarını inventarlaşdırılıb. Bunların təqribən 10%-ni – 58 balıqçılıq təsərrüfatını qeydiyyata alınıb. 100-ə yaxın təsərrüfatın torpaq çıxarışları olsa da, həmin təsərrüfatlar münbit torpaqlarda fəaliyyət göstərirlər və orada nohurların yaradılmasına icazə verilmir. 400-ə yaxın təsərrüfat isə kənd təsərrüfatlı təyinatlı torpaqlarda yerləşir. Həmin torpaqlar isə əkinə az yararlı və ya yararsızdır.

Mütəxəssilərin fikrincə, Azərbaycan şirin su məhdudiyyəti olan ölkədir. Buna görə də Kür çayının suyunun azalması ilə bağlı son illər balıqçılıq təsərrüfatlarının yaranmasına maraq azalıb. Ölkəmizdə akvakulturanın inkişafı üçün Xəzər dənizinin potensialından istıfadə edilməlidir. Daxili təlabat balıqçılıq məhsullarında 90 %-i idxal hesabına formalaşır, digər 10 faiz isə daxili istehsal hesabına formalaşır. Bu, çox azdır.

Balıqçılıqda əsas rol oynayan amillərdən biri də yemçilikdir. Bəzi sahilyanı dövlətlər yemçiliyin, xüsusən də akvakultura (əmtəə balıqçılıq) sahəsində məhsuldarlığın artırılması, eləcə də balıqçılıq sahəsində məhsuldarlığın artırılması və məhsulun keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə hətta Dövlət Proqramlarında altproqramlar qəbul edir.

Dünyada balıqçılıq turizmi geniş inkişaf etsə də, ölkəmizdə turizmin bu növü elə də populyar deyil. Dənizdə, göllərin kənarında ara-sıra həvəskar balıqçılara rast gəlirik, ancaq turistlərə belə bir tur paket təqdim olunmur. Baxmayaraq ki, ölkəmizdə balıqçılıq turizm növünün inkişafı üçün böyük potensial var. Xəzər dənizi, kiçik göllərin olması hətta bölgələrimizdə də balıqçılıq turizmi üçün imkanlar açır.

Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun şöbə müdiri Şərifə Həsənova açıqlamasında bildirib ki, bu gün Azərbaycanın qonşusu olan Gürcüstanda da balıqçılıq turizmi var. Kutaisidə Qızılı göldə turistlərə balıq tutmaq imkanı yaradılıb. Azərbaycanda isə bu daha çox yerli turizm səviyyəsindədir. Tur agentliklərə bununla bağlı çox sorğu gəlmir. Daxili turistlər isə daha çox özləri Mingəçevir Su Anbarına gedərək balıq tuturlar. Bulvarda bəzi estakadalar var. Orada həvəskar balıqçılar üçün şərait var.

Ş.Həsənovanın sözlərinə görə, balıqçılıq turizmi ölkəmizdə peşəkar turistləri cəlb etmək üçün çox yeni sahədir: “Bununla bağlı müəyyən qanunvericilik bazası lazımdır. Yəqin ki, gələcəkdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Turizm Agentliyi birgə fəaliyyət həyata keçirə bilər. Hazırda Azərbaycanda bu, sırf həvəskar fəaliyyət növüdür. Bu, yerli turizmdə əlçatandır. Amma xarici turistlər üçün bu turizm növünü inkişaf etdirmək məqsədilə işlər görülməlidir”.

Balıqçılığın inkişafının qarşısını alan ən əsas amillərdən biri balıq və balıq məhsulları istehsalının kənd təsərrüfatı məhsulları istehsalına aid edilməməsidir. Bu gün dövlətin kənd təsərrüfatı sahəsinin müxtəlif istiqamətlərinə verdiyi dəstək sayəsində əsasən bağçılıq, fındıqçılıq, tərəvəzçilik sahəsində ciddi bir ixrac, istehsalat artımı formalaşır. Təəssüf ki, bu gün balıqçılıq sənayesi dövlətin kənd təsərrüfatı sahəsinə göstərdiyi dəstəkdən yararlana bilmir. Bundan başqa, ölkədə balıqçılıq üzrə strategiyanın olmaması, müvafiq ixtisaslı kadrların hazırlanmaması kimi məsələlər də sahənin inkişafına mane olur.

Bu sahədən ciddi gəlir əldə etmək üçün ölkəmizin güclü potensialı var. Hələ bir necə il əvvəl Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) üçün hazırladığımız xülasəyə görə, daxili su hövzələrinin – su anbarlarının, göllərin, axmazların düzgün idarə olunması nəticəsində ildə 30-40 min ton balıq və balıq məhsulları istehsal edə bilərik.

Balıqçılığın inkişafı ərzaq təhlükəsizliyinin təmin edilməsindən tutmuş, yeni iş yerlərinin açılmasına qədər müxtəlif sahələrə təsir edə biləcək amildir. Balıqçılığın dünyada tutduğu yerə, xüsusilə ərzaq təhlükəsizliyində oynadığı rola diqqət etdikdə də bunun əhəmiyyəti daha aydın görünür.

 

G.HÜSEYNOVA

Yazı MEDİA-nın dəstəyi ilə  “ekologiya və ətraf mühitin mühafizəsi” mövzusunda hazırlanıb

Əvvəlki məqalə

Dövlət xətti ilə 3 min 367 kirayə mənzil verilib

Sonrakı məqalə

“Qarabağ erməniləri bu halda ASAN Xidmətdən sənəd ala bilər…” –