Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi general-mayor Mövlam Şıxəliyev, 2-ci şöbənin rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin rəis müavini Yasin Məmmədov və şöbə rəisinin müavini olmuş Sahib Ələkbərovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi bu gün də davam edib.
Azpost.info xəbər verir ki, prosesdə zərərçəkən Qulam Bağırov MTN polkovniki Sahib Ələkbərovun ötən iclasda səsləndirdiyi iddialara cavab verib.
O, çıxışında Sahib Ələkbərovun baş prokurorun birinci müavini olmuş Rüstəm Usubovu şantaj etdiyini bildirib: “Sahib Ələkbərov deyir ki, guya baş prokurorun müavini Rüstəm Usubov ona təzyiq göstərib. Bu inandırıcı deyil. Çünkü Sahib Ələkbərov öz otağında Rüstəm Usubovdan izahat aldığını dəfələrlə bildirib. Belə qənaətə gəlmək olar ki, MTN-in istintaq idarəsi Rüstəm Usubovun günahlarını ifşa etməklə onu şantaj edərək, pis niyyətlərinə nail olaraq millətdən külli miqdarda, hədə-qorxu ilə pul almaq üçün həmin təzyiq vasitəsi ilə Rüstəm Usubovdan tələb olunan qərarları və təqdimatları almağa nail olublar”.
Zərərçəkən daha sonra MTN polkovnikinin onda video görüntülər və səs yazıları olması barədə iddialarına toxunub: “Sahib Ələkbərov çıxışında bildirib ki, onda video görüntülər və səs yazıları var ki, onları ortaya çıxarsa faciə baş verəcək. Möhtərəm hakimlər, Sahib Ələkbərov bu ifadəsi ilə bir daha subut edir ki, o MTN-də yuva salmış mütəşəkkil cinayətkar quldur dəstənin tərkibində olub. Özünü sığortalamaq üçün dəstə tərkibindəki cinayətləri videoya çəkib, səslər yazıb. Onun bu ifadəsi həm də ittihamı sübut edir. Əgər cinayət əməlləri olmayıbsa, MTN istintaq idarəsi Azərbaycan Respublikasının qanunlarına riayət etməklə fəaliyyətdə olubsa, orada müstəntiq işləyən Sahib Ələkbərov niyə özünü sığortalamaq haqda düşünüb gizli videolar çəkib və yaxud səs yazırdı? Sahib Ələkbərov hər iki məhkəmə instansiyasında şantaj xarakterli çıxışlar etməklə özünün də MTN-dəki cinayətkar dəstənin tərkibində olmasını sübut edir. Təsəvvür edək ki, Sahib Ələkbərovda həmin səs yazıları və video görüntülər var və onu ortaya çıxardı. Həmin materiallar bizim məhkəməyə aiddir ya yox, bunu bilmirəm. Fərz edək ki, həmin yazılarla bağlı kimisə cəlb elədilər və o, hansısa ifadələr verdi. Bu zaman o da üzə çıxacaq ki, Sahib Ələkbərovun özü də həmin cinayətlərin içində olub və bu səsli və yaxud video görüntüləri yazıları yazıb. Buyurun aydınlıq gətirin, mən düz deyirəm yoxsa Sahib Ələkbərov?”
Qulam Bağırov Mövlam Şıxəliyevdən məşhur vəkil Elçin Qəmbərova 510 min manat rüşvət verməsindən danışıb: “Bu məhkəmə kürsüsündən Mövlam Şıxəliyevə ritorik sual verirəm: Niyə Elçin Qəmbərovdan 510 min manat görə şikayət etmisiz? Belə qənaətə gəlmək olar ki, Sizi 510 min manat pul itkisi ilə heç cürə razılaşa bilməmisiniz. Necə olur? Sizin qanunsuz yolla əldə etdiyiniz pullarınız dəyərlidir, amma bizim ailənin mənzilini satdırmaqla aldığınız pullar dəyərli deyil?! Əvvəlki məhkəmə prosesində Mövlam Şıxəliyevin çıxışını diqqətlə dinləmişəm və analiz etmişəm. Mən hüquqşunas deyiləm, amma ali savadlı maliyyəçiyəm və ümumiyyətlə analiz etmək mənim bilavasitə peşəmdir. Mövlam Şıxaliyevin çıxışı çap olunmuş vərəqlərdə idi və Şıxəliyev vərəqdən oxuyurdu. Burdan belə qənaətə gəlmək olar ki, həmin çıxış ona vəkilləri tərəfindən verilib. Çünki onun saxlandığı Bakı İstintaq Təcridxanasında printer və kompyuterə dustaqların çatımlılığı yoxdur. Mövlam Şıxəliyev uzun illər MTN İstintaq Baş İdarəsinin rəisi olub, 2 vəkili var. Bunlar çıxışa necə hazırlaşıblar ki, yazılı çıxışın əvvəli ilə sonunda ziddiyyət yaranır? Mən sualı boşuna vermədim, düşünürdüm ki, sualıma Şıxəliyev yox, onun vəkilləri cavab verib çıxışın saxtalığını ört-basdır edərlər, misal üçün deyə bilərdilər ki, “Şıxəliyev öz otağında heç kimi qəbul etməyib, müstəntiqlərin otağında görüşüb Fuad Kərimov və yaxud digərləri ilə”, amma vəkilləri susdular.
Şıxəliyevin cavabı şok oldu: “təbii”. Düşünürəm Şıxəliyev baş verənlərdən nəticə çıxarmalıdır!”
Hüseyn