Beynəlxalq axtarışda olan şəxslər Rusiyadan Azərbaycana ekstradisiya ediliblər

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 2002-ci il 7 oktyabr tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Əskərov Famil Allahverdi oğlu və Abdullayev Zamin Nurəddin oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Famil Əskərovun külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq və Zamin Abdullayevin mütəşəkkil dəstə tərəfindən xeyli miqdarda ziyan vurmaqla törədilən dələduzluq cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərarlar qəbul olunub. İstintaqdan qaçıb gizləndiklərinə görə onlar beynəlxalq axtarışa veriliblər.

Qeyd olunan şəxslər Rusiya Federasiyasının ərazisində saxlanılaraq 2024-cü il noyabrın 28-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.

Əvvəlki məqalə

Azərbaycan və Türkiyə sualtı hücum və sualtı müdafiə bölmələrinin birgə təlimi başa çatıb

Sonrakı məqalə

“Böhranları həll edə bilməyən BMT-də təcili islahatlara ehtiyac var”