Beynəlxalq Qızlar Gününə həsr olunmuş maarifləndirmə kampaniyası başa çatıb-FOTOLAR

Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) təşkilatçılığı ilə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan 11 Oktyabr – Beynəlxalq Qızlar Gününə həsr olunmuş maarifləndirimə kampaniyası başa çatıb.

9 gün davam edən kampaniya çərçivəsində xüsusi tərtibatla dizayn edilmiş avtobusun iştirakı ilə səyyar maarifləndirmə tədbirləri Bakı şəhəri, Şamaxı, Salyan, Lənkəran, Yardımlı, İmişli, Yevlax, Şəki və Xaçmaz rayonlarında təşkil edilib.

Tədbirlərdə “Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri və könüllüləri tərəfindən sakinlərə qız övladlarının dəyəri, onların hərtərəfli inkişafı və səlahiyyətləndirilməsinin əhəmiyyəti barədə məlumatlar verilmiş, məlumatlandırıcı çap materialları paylanılmış, maraqlı müsabiqə və interaktiv oyunlar keçirilmişdir. Həmçinin, uşaqların səmərəli vaxt keçirməsi, qızların həvəsləndirilməsi məqsədilə təşkil edilən robotexnika və rəsm guşələri ziyarətçilər, xüsusən də uşaqlar tərəfindən böyük maraqla qarşılanmışdır.

Cəmiyyətdə qız uşaqlarının dəyərini təşviq etmək və onların öz potensiallarını reallaşdıra bilməsi üçün bərabər imkanların yaradılmasının əhəmiyyətini təbliğ etmək məqsədi ilə həyata keçirilən kampaniya Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondunun (UNFPA) icra etdiyi “Cənubi Qafqazda gender əsaslı cins seçimi və digər zərərli təcrübələrin aradan qaldırılması” və UNFPA və BMT-nin Qadınlar üzrə Agentliyi (UN Women) tərəfindən həyata keçirilən “Avropa İttifaqı gender bərabərliyi naminə: birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramları çərçivəsində təşkil olunub.

Əvvəlki məqalə

“Qərbdən fərqli olaraq, biz həmişə öz öhdəliklərimizi yerinə yetiririk”

Sonrakı məqalə

“Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı planlar var”