Birinci Qarabağ müharibəsinin itkinləri –Ermənistan onlar haqda heç bir məlumat vermir

Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində baş vermiş Birinci Qarabağ müharibəsi (1988-1994) zamanı Azərbaycan Respublikası ərazisinin 20 faizə qədəri işğal edilib. Bu ərazilərdən 800 min nəfərdən artıq sakin məcburi köçkün düşüb, Ermənistandan isə 230 min azərbaycanlı deportasiya edilib. Münaqişə zamanı Azərbaycanın 12 minə yaxın hərbi qulluçusu, minlərlə mülki şəxs həlak olub. Xocalı şəhərində, Ağdaban, Qaradağlı, Başlıbel və s. kəndlərdə dinc əhaliyə qarşı xüsusi qəddarlıqla soyqırım törədilib.

6 il davam etmiş müharibə həm də minlərlə dinc insanların itkin düşməsi, işğalçı ordu tərəfindən əsir, girov götürülməsi ilə nəticələnib. Onların əksəiyyətindən bu günə qədər xəbər yoxdur. Azərbaycanın qələbəsi ilə başa çatan İkinci Qarabağ müharibəsindən sonra (2020-ci il 27 sentyabr-10 noyabr) azad edilmiş ərazilərdə tapılan kütləvi məzarlıqlar əsir və girov götürülmüş dinc insanların erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla, işgəncələrlə qətlə yetirildiyini təsdiq edir.

Azərbaycan Avropa İttifaqının, Rusiya və ABŞ-ın vasitəçiliyi ilə aparılan sülh danışıqlarında birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şxslərin taleyinə aydınlıq gətirlməsini tələb edib. Bu tələb hazırda müzakirə masasındadır və yerinə yetiriləcək öhdəliklərin bir hissəsinə çevrilib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında I Qarabağ müharibəsində 3890 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxsdir. Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri yaşlı adamdır.

İtkin düşmüş şəxslərin ümumi sayından 872 nəfər, o cümlədən 29 uşaq, 98 qadın və 112 yaşlı adamın əsir-girov götürülməsi və ya işğal edilmiş ərazilərdə qalmasına dair təkzibedilməz məlumatlar var. Ermənistan bu şəxslərin saxlanılması faktını beynəlxalq təşkilatlardan gizlədərək onların sonrakı taleyi barədə hal-hazıra kimi məlumat vermir. Hərbçilərlə yanaşı, 719 mülki şəxs də I Qarabağ müharibəsində itkin düşmüş şəxs kimi qeydiyyatdadır. Yəni Azərbaycan Respublikasının yaşayış məntəqələrini işğal edərkən Ermənistan silahlı qüvvələrinin və terrorçu silahlı birləşmələrin əsas hədəfi daha çox mülki əhali olub.

III, həm IV Cenevrə Konvensiyalarının 3-cü maddəsi mülki əhalinin girov götürülməsini qadağan edir. Bu Konvensiyalar Ermənistan tərəfindən də qəbul edilib. Amma qarşı tərəf münaqişə dövründə mülki əhalini məqsədyönlü olaraq girov götürərək uzun müddət saxlayıb. Beynəlxalq humanitar hüququn əsas tələblərindən biri ondan ibarətdir ki, mülki şəxslər qorunmalıdır, onlar heç bir halda hədəf olmamalı, işgəncə və təcavüzə, ayrı-seçkiliyə məruz qalmamalı, qısa müddətdə aid olduğu tərəfə qaytarılmalıdır. Lakin göründüyü kimi, 1102 mülki Azərbaycan vətəndaşı uzun müddət girovluqda saxlandıqdan sonra Azərbaycan tərəfinin çoxsaylı tələbi və aparılmış zəruri tədbirlər nəticəsində azad olunub. Bu insanlar ağır işgəncələr altında, qeyri-insani şəraitdə saxlanılıblar. Girov götürülmüş xeyli sayda Azərbaycan vətəndaşı ağır işgəncələrə dözməyərək əsir, girovluqda həyatını itirib.

Xüsusən girov götürülmüş qadınlara qarşı daha çox qeyri-insani əməllər, fiziki, mənəvi, psixoloji işgəncələr və zorakılıq əməlləri törədilməsii lə bağlı çoxsaylı faktlar toplanıb. Bu faktların və materialların, Ermənistanın törətdiyi cinayət əməllərinin sistemləşdirilərək beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması və beynəlxalq məhkəmələrdə iddia qaldırılması sahəsində ciddi hüquqi əhəmiyyətə malikdir.

Yazı QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə Dsətəyi ilə həyata keçirilən “SOS! Əsir və girov götürülmüş Azərbaycan qadınları!” layihəsi çərçivəsində hazırlanıb.

Əvvəlki məqalə

Gürcüstanda rusdilli məktəblərin sayı niyə artıb?

Sonrakı məqalə

Finlandiya Rusiya ilə sərhəddə hasarın tikintisinə 380 milyon avro ayıracaq