Bölgələrdə olan hava limanlarından niyə uçuşlar olmur? –İşçi var, təyyarə yoxdur (ARAŞDIRMA)

FlightRadar beynəlxlaq uçuşları izləmə xidmətinin məlumatına görə, bu ilin aprel ayında Azərbaycandan ümumilikdə 1400-dən çox beynəlxalq uçuş həyata keçrilib ki, onların 97 faizi Bakı Beynəlxalq Hava limanından edilib.

Azpost.info BBC radiosunun araşdırmasına istinadən bildirir ki, qalan yeddi beynəlxalq hava limanının ümumi uçuşda payı 3 faiz olub, onlardan da Zaqatala və Füzuli hava limanlarından heç bir uçuş olmayıb. Müqayisə üçün, aprel ayında qonşu Gürcüstandan 1100-dən çox beynəlxalq uçuş həyata keçirilib ki, onların təqribən 35 faizi bölgədə olan beynəlxalq hava limanlarının payına düşüb.

Hazırda Azərbaycanda Bakı, Gəncə, Naxçıvan, Lənkəran, Qəbələ, Zaqatala, Füzuli bölgələrində beynəlxalq aeroportlar var. Hazırda bu hava limanlarından yalnız Bakı, Gəncə və Naxçıvana beynəlxalq və yerli uçuşlar həyata keçirilir.

Zaqataladan ümumiyyətlə beynəlxalq uçuş olmur, digər aeroportlarda da çox az və qısa müddətlərdə hansısa beynəlxalq uçuşlar baş tutub.

Azərbaycandakı bölgə aeroportlarının idarəçisi olan AZAL Zaqatala, Lənkəran və Qəbələ hava limanlarının niyə bütün gücü ilə işləməməsi, onlardan mütəmadi yerli və beynəlxalq uçuşların olmaması ilə bağlı BBC-nin suallarını cavablandırmayıb.

Yalnız Lənkəran aerportundan BBC-yə verilən məlumata görə, artıq Moskvaya həftədə iki dəfə uçuşlar başlayıb, gələn ay Sankt-Peterburqa da uçuşlar olacaq.

FlightRadar-ın aprel ayı məlumatına görə, iki uçuş Lənkəran, biri isə Qəbələ hava limanından olub. Bu aeroportlardan BBC-yə bildirilib ki, beynəlxalq sərnişin uçuşlarından başqa digər uçuşlar barədə onlar məlumat verə bilməzlər.

Qaxda yaşayan iqtisadi məsələlər üzrə müstəqil tədqiqatçı Elmir Muxtarov Zaqatala beynəlxalq hava limanı ilə bağlı araşdırma aparıb. Onun sözlərinə görə, regionlarda hava limanlarının tikintisi zamanı nəzərdə tutulan ticari-iqtisadi faydalılıqla bağlı düzgün analiz aparılmayıb: “Şəki-Zaqatala bölgəsi nə daxili, nə də xarici turizm məqsədilə bir aeroportu təmin edəcək potensiala malik deyil. Əsas daxili reys Bakıya idi və bu, avtomobillə səfərdən çox baha idi, vaxt fərqi də az idi. Avtomobillə Qaxa 4 saat yarıma çatmaq olursa, təyyarə ilə bu, [aeroporta və oradan gediş və gözləmə də daxil] 3 saat yarım çəkir, üstəlik bilet və nəqliyyat xərci 85 manat olurdu ki, bu da rayon əhalisinin əksəriyyəti üçün baha idi, əlverişli deyildi”, – Elmir Muxtarov deyib.

Onun sözlərinə görə, Gürcüstanın Kutaisi kimi ucuz hava limanının olması da Zaqatala, Qəbələ, Gəncə hava limanlarını kölgədə qoyur: “Azərbaycanın bölgələrində turizm infrastrukturu o qədər inkişaf etməyib ki, avropalı bir turist durub Zaqatalaya və ya Qaxa gəlsin”.

Türkiyənin “Pegasus” ucuz büdcəli aviaşirkəti 2016-cı ildə Qəbələdən uçuşlara başlasa da müştəri azlığından uçuşları dayandırıb. Şirkətdən BBC Azərbaycancaya bildirilib ki, hazırda Gəncəyə həyata keçirilən uçuşlarla da bağlı problemlər yaşanır, “hava limanın iş saatları elədir ki, oradan İstanbula uçan sərnişinlər yaxın vaxta olan bütün beynəlxalq reyslərə çata bilmirlər”.

İqtisadi məsələlər üzrə təhlilçi Nazim Bəydəmirli hesab edir ki, Azərbaycanda idarəetmədə, iqtisadiyyatda, siyasətdə rəqabətli mühit olsaydı, ölkədə regional hava limanları da istifadəsiz qalmazdı, digər sahələrdə də “Azərbaycan qabağa getmiş olardı”.

Nazim Bəydəmirliyə görə, regional aeroportların faydası ancaq “AZAL şirkətinə, onun podratçılarına, bu layihələri udanlara dəyib”.

AZAL bu ittihamlara cavab verməyib.

Millət vəkili Vahid Əhmədov Zaqatala, Qəbələ və Lənkəran hava limanlarının fəaliyyətsiz qalması fikrilə razılaşmayıb: “Hava limanları işləmir” demək düz deyil. Ola bilər ki, kifayət qədər daşınma yoxdur, amma mən hansısa hava limanının işləməməsi barədə eşitməmişəm”, – Vahid Əhmədov deyib.

Azpost.info

Əvvəlki məqalə

“Ukraynanı ərazilərini güzəştə getməyə çağırmamışam”

Sonrakı məqalə

Tehranda İran, Azərbaycan və Türkiyə XİN başçılarının üçtərəfli görüşü keçiriləcək