BP Azərbaycandakı payını satır? –

Vitse-prezident şirkətin yeni strategiyasını şərh etdi
08 Avqust 2020 - 12:33

“Britiş Petrolium” özünün neft və qaz aktivlərinin böyük bir hissəsini satmağa hazırlaşır.

Azpost.info bildirir ki, Reuters agentliyi bu xəbəri BP-nin strategiyası ilə yaxından tanış olan üç mənbəyə isitnadən verib.

Sözü gedən strategiya BP-nin direktorlar şurasının iyul ayında keçirilən iclaslarından birində müzakirə olunub. Məlumatı verən mənbələr bildirirlər ki, BP neft qiymətlərinə dair proqnozunu bir barrel üçün 55 dollara endirib və bu, onun 17.5 milyard dollarlıq aktivlərini bundan sonra iqtisadi baxımdan sərfəsiz edib.

Üç mənbə bildirib ki, neft qiymətləri yenidən 65-70 dollara qayıtsa belə, BP çətin bu aktivləri özünün iş planlarına daxil etsin. Əksinə, şirkət bu halda onları daha sərfəli qiymətə satmaq üçün daha yaxşı bazar şəraiti axtaracaq.

Reuters-in mənbələri bildiriblər ki, adətən neft nəhəngləri aktivlərini uzun müddətdə, bazar şəraiti yaxşılaşanadək saxlayırlar.

Amma BP-nin əvvəllər haqqında xəbər verilməyən yeni divestisiya strategiyası o deməkdir ki, neft nəhəngi həmin aktivlərə bir daha qayıtmayacaq.

Reuters bildirir ki, BP onun sorğularına cavab verməyib.

Agentlik yazır ki, yeni strategiya habelə BP-nin baş icraçı direktoru Bernard Luninin neft və qaz hasilatını 40 faiz və ya günə 1 milyon barrel azaltmaq, 2030-cu ilədək bərpa olunan enerji növləri sahəsini genişləndirmək planlarına da aydınlıq gətirir.

Həmin mənbə xatırladıb ki, BP özünün neft hasilatında böyük ixtisar elan edən ilk nəhəng neft şirkətidir.

BP bu həftə habelə özünün aktiv satışından gəlir planlarını yüksəldib. Şirkət 2020 və 2025-ci illər arasında aktiv satışından 25 milyard dollar götürməyi planlaşdırır. Bunun 12 milyard dollarlıq hissəsi artıq prosesdədir.

Reuters yazır ki, BP hansı aktivləri satmağı planladırdığını hələ açıqlamayıb.

BP-nin Yaxın Şərq və Xəzər regionunda xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli “Caspian Barrel”-ə müsahibəsində BP-nin yeni strategiyasını şərh edib.

“Bütün bunlar konkret olaraq Azərbaycan üçün nə deməkdir?” sualını cavablandıran B. Aslanbəyli deyib ki, BP Azərbaycanda ölkənin iri neft və qaz ehtiyatlarının kəşfiyyatı və işlənməsinə cavabdehdir: “Bu bizim üçün çox vacib əhəmiyyət kəsb edir və biz bu məsuliyyəti çox ciddi qəbul edirik.  Biz burada neft və qaz biznesimizin keyfiyyət baxımından sənayedəki aparıcı mövqeyini qoruyub saxlamaqla bu ölkədə gördüyümüz bütün işlərimizi uğurla davam etdirəcəyik. Yəni Azərbaycanda neft və qaz üzrə fəaliyyətlərimizi təhlükəsiz, etibarlı və dayanıqlı şəkildə həyata keçirəcək, ölkə və səhmdarlar üçün gəlirlər yaratmaqda davam edəcəyik”.

B.Aslanbəylinin sözlərinə görə, BP təxminən otuz ildir Azərbaycanda və Xəzər regionunda varıq və hasilat, nəqletmə və kəşfiyyat sahələrinə sərmayə qoyur: “Növbəti bir neçə onillik ərzində də kəşfiyyat sahəsinə investisiya qoyuluşu da daxil olmaqla burada neft və qaz üzrə biznesimizi davam etdirəcəyik. Bununla belə uzunmüddətli enerji tərəfdaşlığımızın bir sıra digər sahələrində də Azərbaycan və region ilə əlaqələrimizi genişləndirmək üçün yeni imkanlara baxmaqda da davam edəcəyik”.

Strategiyanın əsas məqamları barədə danışan BP-nin vitse-prezidenti deyib ki, yeni məqsəd və hədəfləri insanlar və planetimiz üçün enerji haqqında təsəvvürləri yenidən formalaşdırmağa yönəlib: “Yeni hədəfimiz 2050-ci ilə qədər və ya daha tez bir vaxtda emissiyaları “xalis sıfır” səviyyəsinə çatdırmaq və dünyanın da bu hədəfə çatmasına yardım etməkdir. Bu hədəfə çatmaq üçün dediyimiz kimi biz bp-ni yenidən qurmaq, daha yığcam, daha sürətli və az karbonlu şirkətə çevirməliyik. Beləliklə, yeni strategiya bp üçün bu transformasiya prosesində növbəti böyük addımdır. Strategiya “xalis sıfır” hədəfinə doğru on illik fəaliyyətimizi müəyyənləşdirir. Bu strategiya bp-ni təbii ehtiyatların hasilatını həyata keçirən beynəlxalq neft şirkətindən müştərilər üçün çözümlər təmin edən inteqrasiyalı enerji şirkətinə çevirəcək”.

“Baş icraçı direktorumuz Bernard Luninin də dediyi kimi “bir əsrdən çoxdur ki, bp beynəlxalq neft şirkəti kimi fəaliyyət göstərir – bu, iki əsas biznesin hasil etdiyi iki əsas əmtəə ilə müəyyənləşir. İndi isə biz istiqamətimizi inteqrasiyalı enerji şirkətinə çevrilməyə yönəldirik, yəni beynəlxalq neft şirkətindən inteqrasiyalı enerji şirkətinə, daha dəqiq desək, təbii ehtiyatların hasilatına yönəlmiş şirkətdən müştərilər üçün enerji çözümləri təmin etməyə yönəlmiş şirkətə çevrilirik. Biz bunu etməyə indi başlamalıyıq və sürətlə hərəkət etmək niyyətindəyik”-deyə vitse-prezident vurğulayıb.

B.Aslanbəylinin sözlərinə görə, on il ərzində indikindən çox fərqli bir enerji şirkətinə çevriləcəklərini gözləyirlər: “Ona görə ki, görürük ki, yeni enerjiyə keçid prosesi sürətlənir və müştərilər – yəni ölkələr, sənaye sektorları, böyük və kiçik şirkətlər və eləcə də istehlakçılar – öz enerji ehtiyaclarını qarşılamaq üçün məhz öz ehiyaclarına uyğun, getdikcə daha az karbonlu çözümlər istəyirlər”.

Azpost.info