Britaniya ordusunda ciddi ixtisarlar başlanır

Müdafiə naziri Con Hili Böyük Britaniyanın hərbi gücündə ciddi ixtisarların həyata keçiriləcəyini açıqlayıb.

İxtisarlar çərçivəsində Birləşmiş Krallıq Hərbi Dəniz Qüvvələrinin iki amfibiya hücum gəmisi, bir freqat və 31 hərbi helikopteri silahlı qüvvələrin inventarından çıxarılacaq.

Hökumət bu qərarın Mühafizəkarların müdafiə büdcəsində buraxdığı iddia edilən 22 milyard funt sterlinqlik kəsirlə bağlı olduğunu bildirib. Con Hili parlamentdəki çıxışında bildirib ki, Leyboristlərə müdafiə sahəsində “çox pis bir miras” qalıb və bu səbəbdən altı köhnəlmiş müdafiə layihəsinin dayandırılması zərurəti yaranıb. Bu addımın qarşıdakı beş il ərzində 500 milyon funt sterlinqə qənaət edəcəyi gözlənilir.

Bildirilib ki, 31 hərbi helikopter də daimi olaraq istifadədən çıxarılacaq. Böyük Britaniyanın yeni helikopter proqramının həyata keçirilməsi isə hələ bir neçə il çəkəcək. Qeyd edək ki, ötən il silahlı qüvvələrin inventarında ümumilikdə 294 helikopter mövcud idi.

Bununla yanaşı, 40 ildən çoxdur istismar olunan və hər biri təxminən 5 milyon funt sterlinq dəyərində olan “Watchkeeper” pilotsuz uçuş aparatları da istismardan çıxarılacaq. Bu dronların texniki problemlərlə üzləşməsi onların istifadə imkanlarını məhdudlaşdırıb.

Əvvəlki məqalə

Bu günə olan valyuta məzənnələri

Sonrakı məqalə

Qazaxıstan Bakı-Ceyhan kəmərinə 1,2 milyon ton neft göndərib