“Hazırda seçkilərin ən ciddi mərhələsindən sayılan təbliğat-təşviqat mərhələsinə hazırlaşırıq”.
Bunu Modern.az-a 48 saylı Yevlax seçki dairəsindən qeydə alınmış deputatlığa namizəd Süleyman İsmayılbəyli bildirib.
O, deyib ki, artıq bir müddətdir ki, seçki qərargahını formalaşdırıb və təbliğat dövründə görəcəkləri işləri müəyyənləşdiriblər: “Bundan başqa seçki dairəsinin hüdudlarına daxil olan seçki məntəqələrində müşahidəçilərimizin müəyyən edilməsi istiqamıtində işlər gedir və səsvermə günü tərəfimizdən bütün seçki məntəqələrində müşahidəçilərimiz olacaq. Təbliğat dövründə də qanunvericiliyin tələblərindən çıxış edərək təbliğat-təşviqat işimizi aparacağıq. Bu mərhələdə maksimum dərəcədə çalışacağıq ki, hər bir seçicimizlə görüşüb, onlara deputat seçiləcəyimiz təqdirdə Yevlax üçün, yevlaxlılar üçün görəcəyim işləri çatdıraq”.
Növbədənkənar parlament seçkilərində iştirak qərarına gəlincə, Süleyman İsmayılbəyli bildirib ki, əslində bundan əvvəlki seçkilərdə də namizədliyini irəli sürmək barədə düşünüb:
“Hələ ötən parlament seçkilərdə deputatlığa namizəd olmaq niyyətim vardı. Lakin müəyyən səbəblər və yerlərdə qüvvəmizi tam müəyyən etdikdən sonra budəfəki seçkilərə qatılmaq barədə qərar verdim. Qeyd edim ki, belə bir qərar verməyimə Prezident İlham Əliyevin “Gənclər seçkilərə fəal qoşulsunlar, yeni simalar, yeni ideyalar lazımdır” çağırışı da stimul vermiş oldu. Düzdür, yaş baxımından gənc hesab edilməsək də, lakin keyfiyyətli, səmərəli fəaliyyət baxımından gənc sayıla bilərik. Digər tərəfdən hələ seçkilərə start verildiyi ilk günlərdən, eləcə də müntəzəm olaraq rayona getdiyim zaman sakinlərlə görüşlərim, vətəndaşlarla söhbətlərimdən belə qənaətə gəldim ki, yevlaxlılar da cənab Prezidentin çağırışına dəstək olaraq parlamentdə yeni simalara ehtiyac duyurlar. Bununla yanaşı bir yevlaxlı olaraq rayonda bəzi sahələrdə mövcud olan müəyyən problemlərdən məlumatlı olduğum üçün həmin problemlərin həllinə öz töhfəmi vermək istəyim də deputatlığa namizədliyimi irəli sürməyimi şərtləndirdi”.
Süleyman İsmayılbəyli əmin olduğunu bildirib ki, fevralın 9-da Azərbaycan vətəndaşları azad və ədalətli şəkildə qanunverici orqanda görmək istədikləri şəxslərə etimad göstərib, onları deputat seçəcəklər:
“İndiyə qədər seçkinin bütün mərhələlərini izlədiyim və gəldiyim qənaət bundan ibarətdir. Deputatlığa namizəd olaraq ilk gündən 48 saylı Yevlax seçki dairəsində yalnız və yalnız xoş münasibət, öz işinə, fəaliyyətinə diqqətlə, keyfiyyətlə yanaşmaq, siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir namizədə hörmət və ehtiramla yanaşmaq gördüm. Bütün bunlar seçkilərin azad və ədalətli, demokratik şəraitdə baş tutacağına dəlalət edir”.
Qeyd edək ki, Süleyman İsmayılbəyli “Olaylar” qəzetinin əməkdaşıdır, bitərəfdir.