“Sən yaxşı qızsan, Gülnar…” – bu sözlər hər birimizin xatirində dərin iz salan “Səni axtarıram” tamaşasındandır. Həmin tamaşa ki, onu bir gecənin içərisində məşhur etdi, ona minlərlə tamaşaçı sevgisi qazandırdı. O, təpədən-dırnağa səmimiyyətlə, mehribanlıqla yoğurulmuş insandır, canı ilə, qanı ilə şuşalıdır. Bütün qəlbi ilə əsl aktrisadır. O, həmişə yaxşı qız olan Akademik Milli Dram Teatrının aktrisası, Xalq artisti Firəngiz Mütəllimovadır.
– Əvvəlcə gəlin Firəngiz Mütəllimovanın böyüdüyü mühitdən danışaq…
– Müəllim ailəsində doğulmuşam. Üç bacı, bir qardaş olmuşuq. Atam, anam, qardaşım rəhmətə gedib. Böyüdüyüm mühit elədir ki, indi də çox şeylər vərdiş halında qalıb. Məsələn, lazım olmayanda işığı söndürmək, bir yerə gecikməmək və bəzi şeylər… Bunlar, yəqin ki, müəllim ailəsində böyüdüyümə görə, o aldığım təlim-tərbiyədən irəli gəlir. Sadə bir ailədə böyümüşəm. Uşaqlığımın çox gözəl keçdiyini deyə də bilmərəm. Yəni, hər bir uşaq kimi xoş günlərim də olub, qəmli günlərim də… Uşaq yaşlarında hər halda hər kəs özünü xoşbəxt hiss eləyir. Mən də arzularla yaşayırdım, ağlım kəsəndən isə aktrisa olmağa qərar verdim. Çünki “Vaqif” kinoteatrı Şuşada bizim məhəlləmizdə yerləşirdi. Mən demək olar ki, hər gün gedib filmlərə baxırdım. Hətta içəri girə bilməyəndə qapıdan filmin bəzi yerlərinə qulaq asırdım. Bax, uşaqlığım belə keçib.
– Şuşalı Firəngizin Şuşasız günləri necə keçdi?
– Hər yay və qış tətillərində Şuşaya gedirdim. Atamın 60 illik yubileyini öz müəllim yoldaşları ilə evimizdə qeyd etdik. Sonra mən Şuşadan çıxdım, elə həmin il Şuşa işğal olundu. O hissləri dillə ifadə etmək olmur. Şuşa işğaldan azad olunan günə qədər mən hər gecə yuxumda görürdüm ki, məhəlləmizdə qaçıram, nəyisə axtarıram. Bütün verilişlərdə də ancaq Şuşa haqqında danışırdım ki, qayıdacağıq. Bəzən inanırdım, bəzən isə inanmırdım. Sosial şəbəkələrdə ermənilərin Şuşada çıxardıqları oyunları görəndə çox pis olurdum. Allah bütün əsgərlərimizə cansağlığı versin, şəhidlərimizə rəhmət eləsin.
Biz şanlı tarixi canlı yaşadıq. Dövlətimizin başçısına torpaqlarımızın işğaldan azad olunmasına görə təşəkkür edirəm. Otuz ildən sonra mən Şuşaya qayıdanda keçirdiyim hissləri anlada bilmirəm. Şuşanın daşı, torpağı, hər qarışı mənə əzizdir. Mən Şuşanı sanki beş yaşında uşağı qoyub gedən ana kimi bağrıma basıb sakitcə içimdə ağlayırdım…
Müzəffər Azərbaycan Ordusu tərəfindən qala şəhərimiz azad olunduqdan sonra dəfələrlə Şuşaya getmişəm. Hər dəfə gedəndə Şuşanı tam yeni, müasir, gündən-günə inkişaf edən görürəm. Hazırda işğaldan azad olunmuş bütün ərazilərimizdə olduğu kimi, qədim Şuşamızda da tikinti işləri aparılır, yeni binalar ucaldılır, hotellər, məktəblər, xəstəxanalar tikilir, qədim abidələrimiz bərpa olunur. Hər şey, hətta yollar belə yenilənir. Bunların hamısı məni sevindirir. Mənim üçün ən vacibi o idi ki, Qarabağ bizə geri qayıtsın, ona düşmən ayağı dəyməsin. O da şükür ki, indi belədir.
– Bir çox teatr və televiziya tamaşalarında rol almısınız. Peşəkar tamaşaçı kimi onları izləyəndə sizdə hansı düşüncələr canlanır?
– İlk dəfə həyəcanla izlədiyim “Səni axtarıram” televiziya tamaşası olub. Çünki bu, çəkildiyim ilk televiziya tamaşası idi. Tamaşanın necə alındığı, tamaşaçının bunu necə qarşılayacağı mənə çox maraqlı idi. İlk televiziya tamaşası idi ki, açıq havada çəkilişlər aparılmışdı. Düşünürdüm ki, görəsən necə alınacaq? Nəticə olaraq çox gözəl alındı. İndiyə qədər də mənə Gülnar deyirlər. Mərhum Yaşar Nuriyə də hamı Elçin deyirdi. Biz bu adı indiyə qədər tamaşaçıların qəlbində, yaddaşında, ürəyində, sevgi dolu dillərində saxlaya bildik. Sonrakı tamaşalarımın da hamısına baxmışam. Baxıb deyirəm ki, bunu gərək belə eləməzdim, elə edərdim. Amma hər zamanın bir hökmü var.
-“Səni axtarıram” tamaşası, sizi məşhurlaşdıran Gülnar obrazı, rəhmətlik Yaşar Nuri… O illəri indi necə xatırlayırsınız?
– Hələ tələbə ikən Yaşar Nuri mənim ən sevdiyim aktyorlardan biri idi. Mən onun yaradıcılığını izləyirdim, tamaşalara gedirdim. Universitetdə oxuyanda onu tez-tez görürdüm, orada dərs deyirdi. Yaşar həmişə məni görəndə soruşurdu ki, “Sən Ofelya Sənaninin qohumusan?”. Deyirdim xeyr. Hər dəfə bu sualı mənə verirdi. Bilmirdim, nəyə görə verir, yəqin oxşadırdı. Sonra “Səni axtarıram” tamaşasında eşitdim ki, Yaşar Nuri ilə tərəf müqabili olacağam. Çox sevindim. İlk məşqlərdə bir az utanırdım və deyə bilərəm ki, Yaşarın bu rolda mənə dəstəyi böyük oldu. Yaşar bənzərsiz aktyor idi. Çəkiliş zamanı sevimli rejissorumuz Tariyel Vəliyev məni bu rola dəvət etməsinin səbəbini belə açıqladı: “Çoxları deyir ki, o qız aparıcı olub, televiziyada veriliş aparıb, üzü tanışdı. Mən Firəngizi bu rola ona görə dəvət etmişəm ki, onun qeyri-adi gülüşü var. O gülüş bəzən insanı əsəbiləşdirir”. Tamaşada çox həyəcan keçirdim. O vaxt belə deyildi ki, kim nə gəldi çəksin. Tam fərqli idi…
Mərhum Aslan Qəhrəmanov çəkilişlərə başlayan kimi əlini stola vuraraq dedi ki, bu, elə mənim axtardığım Gülnardır. Çünki Elçin rolu məxsusi Yaşar üçün yazılmışdı. Bilmirdim ki, bu tamaşa bizə bu dərəcədə şöhrət gətirəcək. Biz o şöhrəti indiyə qədər çiynimizdə, ürəyimizdə, xalqın yaddaşında daşıyırıq. Bu da Allahın bir lütfüdür. Mənim televiziyada ilk tamaşam “Səni axtarıram”, sonra “Bağışla” və “Səndən xəbərsiz” oldu.
Çəkilişlər zamanı Yaşarla unudulmaz xatirələrim olub. Biz Botanika bağında çəkilişlərdə hava soyuq olduğundan üşüyürdük. Yaşar deyirdi ki, döz. Bəzi kadrlar alınmayanda mən narahat olurdum. Hətta bir yer var idi ki, mən ağlamalı idim. İndi dillər əzbəri olan bu söz – “Sən yaxşı qızsan, Gülnar”. Həmin yerində ağlaya bilmədim. Döndüm ki, Yaşarın yanağından yaş süzülür. Mənim yerimə ağladı. O da çox təsirli alınmışdı. Hətta bəzən Yaşar əsəbiləşirdi ki, sənə demişəm, gözümün içinə bax, amma bu dərəcədə də yox. Yarı zarafatla, yarı ciddi…
– Hazırda hansı tamaşa və ya film üzərində çalışırsınız?
– Hazırda heç bir film, tamaşa üzərində çalışmıram. Çünki mən ötən il çox böyük bir stres yaşadım. Özümə əkiz kimi saydığım, bir partada oturduğum çox yaxın qardaşımı itirdim. Ürəyimdə indi də ağır yükdür. Mən elə bilirəm ki, o yanımdadır, hər an, hər dəqiqə onu hiss eləyirəm. Özümə ümumiyyətlə söz verdim ki, sadəcə, “Azərbaycanfilm” kinostudiyasından və Azərbaycan televiziyasından gözəl tarixi çəkilişlər üçün dəvət alsam gedəcəyəm.
– Müsahibələrinizdən birində ən böyük arzunuzun Şuşada səhnəyə çıxmaq olduğunu söyləmisiniz. Bununla bağlı təklif almısınızmı?
– Bəli, ən böyük arzum Şuşada səhnəyə çıxmaqdır. Biz “Qarabağnamə” tamaşası ilə Şuşaya getməli idik. Həmin vaxt şəhidlərimiz oldu və biz getmədik. Şuşa Dövlət Musiqili Dram Teatrı Şuşaya yerləşəndə əgər dəvət alaramsa, böyük məmnuniyyətlə gedərəm. Dəvət olmasa da, yəqin ki, Akademik Milli Dram Teatrının bir tamaşası ilə qala şəhərimizdə mütləq səhnəyə çıxacağam. Ən əsası odur ki, doğma, əziz Şuşam bu gün azaddır və mən heç orada səhnəyə çıxmasam da, Cıdır düzünə qalxıb hansısa tamaşadan bir monoloqumu deyə bilərəm. Özü də ürəklə…(Azərtac)