CASCFEN-in təşəbbüsü dəstəklənib

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2022-ci il üçün kiçik qrant müsabiqəsinin qalibi olan “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) “QHT-lərin mətbuat və sosial media ilə iş bacarıqlarının inkişaf etdirilməsi” adlı layihənin icrasını uğurla davam etdirir.

Layihə çərçivəsində növbəti tədbir onlayn formatda olub. Birlikdən Azpost.info-ya  verilən məlumata görə, Azərbaycanın 10-dan çox rayonundan müxtəlif yönümlü QHT təmsilçilərinin, həmçinin mətbuat və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi onlayn təlim-seminarı giriş nitqi ilə Birliyin sədri, layihə rəhbəri, Əməkdar jurnalist Nadir İsmayılov açıb. Çıxışına qeyri-hökumət təşkilatlarına göstərilən diqqət, onların fəaliyyəti üçün yaradılan şəraitə görə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin timsalında Azərbaycan dövlətinə minnətdarlıqla başlayan N.İsmayılov bildirib ki, bu gün Azərbaycanda qeyri-hökumət təşkilatlarına dövlət tərəfindən hərtərəfli dəstək göstərilir: “Təbii ki, bunun da əsasında cənab Prezident İlham Əliyevin üçüncü sektora göstərdiyi diqqət və qayğı dayanır”.

Nadir İsmayılov: Hər iki tədbirdə səslənən fikirlər əsasında hesabat hazırlanacaq

Çıxışına davam edən layihə rəhbəri deyib: “Artıq layihənin üçüncü ayındayıq. Bu layihə çərçivəsində həm Respublika miqyaslı, həm də region QHT-lərinin təmsilçiləri, o cümlədən media rəhbərləri ilə söhbətlər edib problemi (söhbət təbii ki, QHT-lərin fəaliyyətinin mətbuatda kifayət qədər işıqlandırılmamasından gedir) araşdırmışıq. Bunun əsasında hazırladığımız 8 məqalə, o cümlədən layihə çərçivəsində oktyabrın 6-da Bakı, Abşeron və Sumqayıtdan olan QHT təmsilçilərinin iştirakı ilə keçirdiyimiz tədbir barədə məlumat ümumilikdə 80 dəfə müxtəlif media orqanlarında işıqlandırılıb. Həmçinin, layihənin gedişində sosial şəbəkə hesablarından paylaşımlar edilib”.

N.İsmayılov onu da bildirib ki, hər iki tədbirdə səslənən fikirləri də əsas götürməklə sonda bir hesabat hazırlanacaq: “O hesabatı həm QHT, həm MEDİA Agentlyinə, həm də Mətbuat Şurasına təqdim edəcəyik”.

Sonra çıxış edən layihə rəhbərinin köməkçisi, yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə bildirib ki, hazırda QHT-lərin mətbuat və sosial media ilə iş bacarıqlarının formalaşması istiqamətində layihənin reallaşması olduqca aktualdır: “Layihənin ideyasını QHT-lərlə jurnalistlər arasında peşəkar münasibətlərin qurulması yollarının tapılmasına, media ilə əməkdaşlıq mühitinin yaradılmasına, sosial media ilə işin düzgün qurulmasına dəstək üçün təkliflərin təqdim edilməsi, iş proqramının tutulmasına yardım edə biləcək tövsiyələrin verilməsi təşkil edir”.

Zaur İbrahimov: QHT-media əməkdaşlığı məsələsi uzun illərdir öz aktuallığını qoruyur

Tədbirdə çıxış edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Müşahidə Şurasının üzvü Zaur İbrahimov hazırda QHT-lərin mətbuat və sosial media ilə əlaqələrinin qurulması məsələsinin aktuallıq kəsb etdiyini deyib. Agentliyin 2022-ci il kiçik qrant müsabiqəsində bununla bağlı mövzunun salındığını deyən Z.İbrahimov bu addımın heç də təsadüfi olmadığını bildirib: “Məsələ burasındadır ki, Azərbaycanda QHT-media əməkdaşlığı məsələsi uzun illərdir öz aktuallığını qoruyur. Bu günə kimi QHT-lər tərəfindən kifayət qədər məhsuldar və əhatə dairəsi geniş layihələr reallaşdırılsa da onların əksəriyyəti barədə cəmiyyətə dolğun məlumat çatdırılmayıb. Bunun kökündə isə QHT-lərin media ilə əlaqələrinin düzgün qurulmaması dayanır. Nəticədə uduzan yenə ümumilikdə biz oluruq. Yəni sanki elə bir təəssürat yarana bilər ki, QHT-lər bu layihələri yalnız özləri üçün həyata keçiriblər, cəmiyyətə bunun heç bir dəxli yoxdur. Bir sözlə, bu gün görülən hər işin, o cümlədən QHT-lərin reallaşdırdıqları layihələr barədə cəmiyyətə məlumatların çatdırılmasında medianın əvəzi yoxdur”.

Z.İbrahimov qeyd edib ki, Agentlik bu məsələdə boşluqların aradan qaldırılması üçün konkert addımlar atır: “Həm də qeyd etdiyim istiqamətdə konkret layihələrin reallaşması üçün 2022-ci il kiçik qrant müsabiqəsində xüsusi bənd salınıb. Bu bənd üzrə 4 layihə qalib olub ki, həmin layihələr əsasında da maraqlı işlər görülür. Bu gün keçirilən tədbir həm də ona görə maraq doğurur ki, artıq İctimai Birliyin layihəsi çərçivəsində prosesə region QHT-ləri də cəlb olunub”.

Müşahidə Şurasının üzvü Agentliyin QHT-media əməkdaşlığının güclənməsi istiqamətində daha bir addım da atdığını bildirib: “İlk dəfə olaraq Agentlik tərəfindən PR məsələləri ilə bağlı artıq minimum standart müəyyən olunub. Yəni biz tövsiyyə etdik ki, hər hansı QHT öz layihəsi barədə ən azı beş KİV-də məlumat verməlidir. Bu minimumdur, bundan artıq neçə saytda, yaxud qəzetdə dərc edilməsi isə artıq QHT-nin öz işini media ilə necə qurmasından asılı olacaq. Bu onu göstərir ki, biz öz tərəfimizdən o mühiti formalaşdırmağa çalışırıq”.

Sözügedən istiqamətdə reallaşdırılan layihələrin gedişində ortaya çıxacaq təklif və nəticələrin maraqlı olacağını deyən Z.İbrahimov bildirib ki, problemin praktiki həlli yollarından biri hər hansı bir müstəvidə media və vətəndaş cəmiyyətinin bir araya gəlməsindən keçir: “Yəni hər iki tərəfin iştirakı ilə geniş müzakirələrə ehtiyac var, fikir mübadiləsi aparılması vacibdir. Düşünürəm ki, bu müzakirələrin bir nəticəsi, mediada daha çox QHT sektoru ilə işləyəcək, bu sahədə zəruri bilik və bacarığa malik müxbirlərin yetişməsi üçün müvafiq təşəbbüslərə qərar verilməsi ola bilər. Çünki mediada bu sahə üzrə ixtisaslaşma vacibdir”.

Əliməmməd Nuriyev: Həm media, həm də QHT özünü haqlı saya bilər

“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev də mövzunun aktual olduğunu deyib.

O, qeyd edib ki, məsələyə yanaşmada həm media, həm də QHT özünü haqlı saya bilər: “Ona görə də biz kimin haqlı, kimin haqsız olmasının axtarışına çıxmamalıyıq. Elə etməliyik ki, bu problemin həllinə dəstək olaq. Onun yolu da bu cür müzakirələrdən keçir. Əminəm ki, İctimai Birlik layihə başa çatandan sonra da bu məsələ ətrafında müzakirələri davam etdirəcək”.

Daha sonra layihənin təlimçiləri – Əməkdar jurnalist, filologiya üzrə fəlsəfə doktoru Nüşabə Hüseynova və Sevda Əskərova müvafiq olaraq “Region QHT-ləri: mətbuat onların fəaliyyətini işıqlandırmaqda nə dərəcədə maraqlıdır?” və “Bölgələrdə fəaliyyət göstərən QHT-lər mətbuat və sosial medianın imkanlarından yararlana bilirlərmi?” mövzularında təqdimatlarla çıxış edərək mövcud durum barədə iştirakçıları məlumatlandırdılar.

Bu tipli layihələrin gələcəkdə də davam etdirilməsi vacibdir

Təqdimatlardan sonra çıxış edən “İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyinin sədri Vüsalə Hüseynli, “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin rəhbəri Fərman NəbiyevQHT.az və ictimaishura.az saytlarının rəhbəri Cəsarət Hüseynzadəaktor.az saytının təsisçisi, “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin sədr müavini Telman İsaazpost.info saytının rəhbəri Xəqani Səfəroğlu, jurnalist, ictimai fəal, hazırda Türkiyədə yaşayan Oktay Hacımusalı, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Bilriyinin sədri Anar Mahmudov çıxış ediblər.

Çıxışlarda belə bir ümumi fikir ifadə olunub ki, mətbuatla, sosial media ilə davranış və əməkdaşlıq istiqamətində QHT-lərin, xüsusilə, region QHT-lərinin maarifləndirilməsinə ehtiyac vardır. Bunun üçün də “QHT-lərin mətbuat və sosial media ilə iş bacarıqlarının inkişaf etdirilməsi” tipli layihələrin gələcəkdə də davam etdirilməsi vacibdir.

Eyni zamanda, “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) media və QHT təmsilçilərinin iştirakı ilə geniş bri konfaransın keçirilməsi təşəbbüsü dəstəklənib.

Əvvəlki məqalə

“Türkiyəni 52 ildir Avropa İttifaqının qapısında saxlayanları cavabsız qoymayacağıq”

Sonrakı məqalə

AZAL biletləri niyə baha satır? –