Çayımızın adı və dadı –Çayçılıqda hansı məsələlər həllini gözləyir?

Dünyada geniş yayılmış kənd təsərrüfatı sahələrindən biri də çayçılıqdır. Azərbaycanda da çayçılığın inkişafına uzun illər öncədən başlanılıb.

Ölkəmizdə çay bitkisi ilk dəfə XIX əsrin sonlarında əkilib, çayın elmi əsaslarla becərilməsinə 1929-cu ildən, sənaye miqyaslı plantasiyaların salınmasına isə 1932-ci ildən başlanılıb. Ölkədə ilk çay fabriki 1937-ci ildə Lənkəranda qurulub və bundan sonra bizdə də çayın kütləvi istehsalına başlanılıb.

Bu sahənin inkişafı ötən əsrin 70-80-ci illərində daha da sürətlənib. Həmin dövrdən etibarən Lənkəran-Astara bölgəsində çay plantasiyalarının sahəsi genişləndirilərək 13,4 min hektara, yaşıl çay yarpağı istehsalı 34,5 min tona çatdırılıb.

Eyni zamanda, ölkədə çay yarpağı emal edən 14 müəssisənin və 2 çayçəkici fabrikin tikilməsi ildə 45 min ton çay yarpağının emalına imkan yaradıb, ölkə əhalisinin quru çaya olan ehtiyacının 65-70 faizinin yerli istehsal hesabına ödənilməsini təmin edib.

Lakin 1990-cı illərdən etibarən ölkədə çay sahələri və istehsalı tədricən azalmağa başlayıb və 2010-cu ildə çay plantasiyalarının sahəsi 587 hektara, məhsul istehsalı 545 tona düşüb.

Bu vəziyyəti aradan qaldırmaq üçün 2016-cı ildən başlayaraq çayçılığın inkişafına məhsul istehsalçılarının marağının artırılması istiqamətində görülən tədbirlər sayəsində 2017-ci ildə çay plantasiyalarının sahəsi 2010- cu illə müqayisədə 2 dəfə artaraq 1114,3 hektara, məhsul istehsalı isə 42,2 faiz artaraq 775,2 tona çatıb.

Çayçılığın təşkilinin, çay istehsalının tənzimlənməsinin və çay məhsullarının keyfiyyətinin təmin edilməsinin hüquqi əsaslarını müəyyən edən “Çayçılıq haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi ölkədə çayçılığın inkişafı üçün əlverişli mühit yaradıb. Prezident İlham Əliyevin  imzaladığı “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət Proqramı”ı ölkədə çay əkini sahələrinin genişləndirilməsi sahəsində aparılan işlərin daha da sürətləndirilməsinə imkan verəcək.

Qeyd edək ki, 2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana 11,8 min ton çay idxal edilib. İdxal edilən çayın dəyəri 51,6 milyon ABŞ dolları olub.

2020-ci ilin eyni dövründə dəyəri 46,2 milyon dollar olmaqla 11,4 min ton çay idxal edilib. Beləliklə, çayın idxalı dəyər ifadəsində bahalaşıb, həcm baxımından isə cüzi artıb.

“Dövlət Proqramı”nın məqsədi ölkədə quru çaya olan tələbatın əsasən yerli məhsul hesabına ödənilməsi, çay emalı müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, emal sənayesinin inkişaf etdirilməsi, çay məhsullarının ixracının artırılması və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün çayçılığın inkişafını stimullaşdırmaqdır. Həmçinin çay məhsulları üzrə idxalın əvəzlənməsi nəzərdə tutulur.

Konyakdan fərqli olaraq çayı çox saxladıqca “qızıl”a dönmür. Ən yaxşı çay yarpağını belə ən yaxşı şərtlər daxilində bir ildən artıq saxlamaq olmur. Çay keyfiyyətini sürətlə itirir. Tropik ölkələrdə çayı hər üç həftədən bir yığırlar. Əgər hansısa bir səbəbdən çayı vaxtında yığa bilməsələr, məhsul növbəti yığıma qədər sürətlə ucuzlaşır. Bir neçə aydan sonra belə keyfiyyətsiz çay artıq Avropada və Asiyada heç kimə gərək olmur. Odur ki, belə çayları çox ucuz qiymətə alıb iqtisadi vəziyyəti yaxşı olmayan ölkələrə ixrac edirlər. Orada onu yaraşıqlı qutulara doldurub əsl adı ilə satırlar. Ucuz qiymətə…

Çayın baha olmağının bir neçə səbəbi var. Çay kolu çox ləng böyüyür. Birinci məhsulu dərənə qədər gərək çay sahəsinə uzun müddət qayğı göstərəsən. Yalnız 7-9 ildən sonra çay kolu birinci məhsulunu verir.

Məhsul yığımı da asan prosedur deyil. Çay yığımı zamanı yalnız təzə yarpaqları yığmaq lazımdır. Bu prosesi avtomatlaşdırmaq cəhdi səmərə verməyib. Maşınla yığılanda köhnə çay yarpaqları da dərilir və məhsulun keyfiyyətini aşağı salır. Çayı əllə ən yaxşı yığan işçi gün ərzində və çox gərgin əməkdən sonra 10 kiloqram çay yarpağı yığa bilər.

 Bəs hazırda bu sahədə vəziyyət necədir?

Hal-hazırda respublika üzrə təqribən 1200 hektara yaxın çay sahələri mövcuddur. Bu sahələrdə seyrəkliyin çox olması nəzərə alınaraq məhsuldarlığın bu səbəbdən aşağıdır.

Professor, ömrünün 50 ilini çayçılıq məsələlərinin tədqiqinə həsr etmiş Fərman Quliyevin sözlərinə görə, çayçılığı dirçəltmək üçün bu sahəyə uzunmüddətli kreditlər verilməlidir. Bu kreditlər 15-20 ili əhatə etməlidir. Çünki bir hektar sahədə çay plantasiyası salmaq 6-7 min dollara başa gəlir.

“Çay starteji əhəmiyyətli, gündəlik istifadə olunan bitkidir. İnsanların tələbatı üçün vacib olan bitki kimi onun inkişafı da vacibdir”, – deyə Fərman müəllim bildirir.Onun sözlərinə görə, Azərbaycanın təbii iqlim şəraiti yüksək keyfiyyətli, dünya standartlarına uyğun çay yetişdirməyə tam imkan verir.

“Bizdə pis çay yoxdur, pis çay istehsal edən, yığan, onu emal edən, saxlayan və pis çay dəmləyən var” – deyən F.Quliyevin sözlərinə görə, hind çayının yarpağında 28-30 faizə qədər tanin maddəsi var. (Tanin çayda əsas keyfiyyət göstəricisidir). Bundan əlavə, hind çayında 4-5 faiz kofein və 45-50 faiz ekstrativ maddələr var.

“Bizim Lənkəran çayının tərkibində də 28-30 faiz tanin, 5-6 faizə yaxın kofein, 46-50 faiz ekstratlı maddələr var. Deməli, dünyaya meydan oxuyan hind çayı ilə bizim çay arasında keyfiyyətdə problem yoxdur”.

Çay ixracatçıları və istehsalçıları Assosiasiyasının İdarə Heyətinin sədr müavini, “Astaraçay” MMC-nin Baş aqronomu İsrafil İsrafilovun sözlərinə görə, çayçılıqla bağlı bir sıra problemlər mövcuddur.

Bunların sırasında suvarma məsələsi aktualdır. Su azlığı və qurqalıq ciddi problemlər yaradır. Digər məsələ çay becərilməsi ilə məşğul olan xırda fermerlərin satışla bağlı problemləridir.

Xırda fermerlər yerli çayı ölkədəki böyük şirkətlər olan “Azərsun” və “Beta”ya satırlar. Bu şirkətlər isə xaricdən ölkəyə çay gətirirlər.

Yerli quru çaylar kənardan gətirilən quru çaylardan dəfələrlə bahadır.

Bu böyük şirkətlər xırda fermerlərdən aldığı çayla qarşıdıraraq emal edirlər. Yerli fermerlərdən çay almaq bu şirkətlərə ucuz başa gəlir. Çayı təqribən 1 manat 60 qəpikdən alırlar. Halbuki fermerlərə 1 kiloqram çay yarpağı 2 manat 80 qəpiyə başa gəlir. Xırda fermerlərin xarici bazara çıxışı yoxdur. Onlar ancaq böyük şirkətlərə yerli çay satırlar. Belə şirkətlərin xarici bazarlara çıxışını isə yarmarkalar vasitəsi ilə aparıla bilər.

Çayçılıqla məşğul olmaq istəyən fermerlər varsa da, pul yoxluğu onları çətin vəziyyətə salır. Banklar kənd təsərrüfatına uzunmüddətli kredit verməkdə maraqlı deyillər. Çay bitkisi isə bəlli olduğu kimi, 7-8 ildən sonra məhsul verir. 8-9 ildən sonra əldə edəcəyi çayı satıb krediti ödəyəcəyi vədi banklar tərəfindən ciddi qarşılanmır. Kreditlərin böyük əksəriyyəti qısamüddətli olur. Məsələn, taxılçılıqla, kartof əkini ilə bağlı kredit götürmək imkanları çayçılığa nisbətən xeyli çoxdur.

Ekspertlərin fikrincə, bu sahə böyük investisiya tələb edir. Kiçik fermerlər bu sahəyə investisiya qoya bilmirlər, çünki investisiya qoyub 7-8 il gözləmək mümkün deyil. Bu sahəyə yalnız iri şirkətlər investisiya qoymalıdır. Çay bazarında ciddi rəqabət var. Hətta yerli çay istehsalını artırsaq belə, hökmən bazarın qorunması siyasəti həyata keçirilməlidir ki, çayımızı bazarda sata bilək. Azərbaycan çayı ekoloji baxımdan təmiz çaydır.

Aqrar sahə üzrə mütəxəssis Qadir Bayramlının sözləriə görə, hələlik daxili bazarı çayla tam təmin edə bilmirik. Bu sahə idxaldan asılıdır. Əsas problemlərdən biri də çay plantasiyalarının azalması ilə bağlıdır.

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşı Cahani Nüsrətzadənin araşdırmasına görə, aparılan elmi araşdırmalar nəticəsində müəyyən edilib ki, əsas hissəsi Lənkəran iqtisadi rayonunun payına düşməklə ölkədə 21 min hektara yaxın ərazinin təbii iqlim şəraiti, torpaqlarının mövcud vəziyyəti çay bitkisinin becərilməsinə imkan verir.

Prezident İlham Əliyev çay sahələrinin ən azından 2000 ha artırılmasını və məhsuldarlığın çoxaldılmasını qarşıya məqsəd olaraq qoyub.

Çay sahələrinin salınması üçün bir neçə məsələləri diqqətdə saxlamaq lazımdır. İlk növbədə çaya yararlı sahələrin təyinatının dəyişdirilərək digər kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə olunmasının qarşısı birmənalı olaraq alınmalıdır. Torpaq sahələrinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla sırf çaya yararlı sahələr müayinədən keçirilməli, torpağın turşuluq dərəcəsi müəyyənləşdirildikdən sonra çay əkininə hazırlıq görülməlidir.

Azərbaycanda çayçılığın inkişafı sahəsində qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün aşağıdakı istiqamətlərdə zəruri işlərin görülməsi nəzərdə tutulur: çay bitkisinin əkin sahələrinin genişləndirilməsi, intensiv becərmə texnologiyalarının tətbiqi, toxumçuluq və tinglik təsərrüfatlarının yaradılmasının dəstəklənməsi və maddi-texniki bazasının gücləndirilməsi, mövcud çay emalı müəssisələrinin fəaliyyətinin bərpası, modernləşdirilməsi və mütərəqqi texnika və texnologiyalar əsasında yeni çay emalı müəssisələrinin yaradılmasının təşviqi, idxalın əvəzlənməsi səviyyəsinin yüksəldilməsi.

İqtisadiyyat Nazirliyinin açıqladığı rəsmi rəqəmlərə görə, çayçılığın inkişafı ilə bağlı 14 investisiya layihəsinin maliyyələşdirilməsinə 10,3 milyon manat güzəştli kredit verilib.

Çay ölkə üçün strateji sahədir. Çay bizim süfrələrdə hər zaman olacaq. Bizdə yaxşı istirahət üçün əla dəmlənmiş ətirli çaya üstünlük verilir. Yaxşı, keyfiyyətli çay brendi isə həmişə axtarılan məhsuldur. Ölkədə çayçılığın inkişafı üçün kompleks tədbirlər mühüm məsələdir.

X.SƏFƏRLİ

Yazı MEDİA-nın maliyyə dəstəyi ilə “azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” mövzusunda hazırlanıb.

Əvvəlki məqalə

Bakıdan Moskvaya uçan təyyarə texniki problemə görə geri qayıdıb

Sonrakı məqalə

TƏBİB “Mirvari park”dakı yanğınla bağlı məlumat yayıb