Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndirici Ofisi, Azərbaycan Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən Beynəlxalq Xeyriyyə Yarmarkasında Çin Xalq Respublikasının (ÇXR) ölkəmizdəki Səfirliyi iştirak edib.
Çinin Azərbaycandakı Səfirliyindən Azpost.info saytına bildiriblər ki, səfir Qo Min tədbirin açılış mərasimində iştirak edib və Çin mallarını təqdim edib.
Xeyriyyə Yarmarkasına çoxlu sayda qonaq gəlib və orada geniş çeşidli malların nümayiş olunduğu stendlər təqdim olunub. Səfirliyin stendi milli bayrağı, qırmızı fənərlər, çin düyünləri və digər dekor əşyaları ilə əlvan şəkildə bəzədilib ki, bu da azərbaycanlı qonaqların və müxtəlif ölkələrdən gələn turistlərin diqqətini cəlb edib. Rəngarəng ipəkdən hazırlanmış mənzərə rəsmləri, möhtəşəm asma bəzəklər, panda şəklində suvenirlər, məşhur ətirli Çin çayı, eləcə də incə işlənmiş çay dəstləri, dekorativ boşqablar, yelpiklər, bloknotlar və digər məhsullar bir çox yüksək vəzifəli şəxslərin, səfirlərin, eləcə də qonaqların maraqlarına səbəb olub və məmnuniyyətlə alınıb.
Satışdan əldə edilən gəlirlə yanaşı, ÇXR-nın Azərbaycandakı Səfirliyi UNİSEF-in Azərbaycandakı layihələrini dəstəkləmək və Azərbaycanda uşaqların inkişafına töhfə vermək məqsədilə 81 360 manat (AZN) köçürüb.
Xarici işlər naziri Ceyhun Bayramov, gənclər və idman naziri Fərid Qayıbov, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi və digər vəzifəli şəxslər stendə baxıb, alış-veriş edib.
Onlar səfirliyin iştirakı və verdiyi ianə üçün minnətdarlıqlarını bildiriblər.
Azpost.info