İsveçrədə Ukrayna ilə bağlı keçirilən konfransın gündəliyi Çinin tələblərinə və dünyanın gözləntilərinə ziddir və Pekinin belə bir toplantıda iştirakını çətinləşdirir.
Azpost.info xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin brifinqdə bildirib.
“Çinin ədalətli və qərəzsiz və heç bir tərəfə qarşı yönəlməyən sülh konfransı tələbləri Ukrayna böhranının siyasi həlli ilə bağlı bu yaxınlarda Braziliya ilə birgə dərc edilmiş konsensusda öz əksini tapıb və beynəlxalq ictimaiyyətin ümumi narahatlıqlarını əks etdirir”, – Nin deyib.
XİN rəsmisi qeyd edib ki, bütün tərəflərin reaksiyalarına və konfransın elan edilmiş gündəliyinə baxılarsa, Çinin təklif etdiyi şərtləri yerinə yetirmək çətin görünür: “Konfransın gündəliyi Çinin tələbləri və beynəlxalq ictimaiyyətin ümumi gözləntiləri arasında uyğunsuzluq var və bu, Çinin bu görüşdə iştirakını çətinləşdirir”.
Mao Nin əlavə edib ki, Çin öz mülahizələri və narahatlıqları barədə müvafiq tərəfləri məlumatlandırıb.
Çin və Braziliya bu yaxınlarda Ukraynadakı vəziyyəti həll etməyin yeganə yolu kimi danışıqlar variantını irəli sürdülər və Ukrayna böhranının həllinə dair birgə memorandum dərc etdilər.
Azpost.info