“ÇİP müharibəsi”nə hazırıq? –İnformasiya texnologiyaları bazarımızın vəziyyəti

2000-ci illərin əvvələrində Qərbin futurist -təhlilçiləri proqnozlarında yazırdılar ki, informasiya texnologiyalarına əli çatan yeni nəsil bundan sonra hökümətlərin taleyini həll edəcək. “İnternet nəsli” söz sahibi olacaq.

XX əsrin son on illiyindən başlayaraq informasiya kommunikasiya texnologiyaları (İKT) cəmiyyətin inkişafına təsir edən ən vacib amillərdən birinə çevrilib.  Bu prosesdə daha dolğun iştirak etmək və ondan faydalanmaq üçün informasiya kommunikasiya texnologiyalarının (İKT) tətbiqi və sənayenin bu sahəsinin inkişafı zəruridir.

Azərbaycan Avropa, Mərkəzi Asiya və Yaxın Şərq arasında həyat əhəmiyyətli keçid yolunu oynayır. Bu baxımdan qloballaşma prosesinin bu tələbinə qoşulmaq təxirəsalınmaz vəzifəyə çevrilib.

Respublikanın informasiya texnologiyaları sənayesinin ümumi ixracı 2001-ci ildə 10 milyon ABŞ dollarına bərabər olub. İxrac edilən əsas məhsulla sayğaclar, kalkulyatorlar, rəqəmli telefonlar, mikrodalğa stansiyaları, telefon kabelləri, hərbi işlər üçün yarımkeçirici cihazlardan ibarət olub.

Qeyd edək ki, respublikanın bu sahədə ticarəti defisitli xarakter daşıyır. Belə ki, 2004-cü ildə mənfi saldo 150 milyon ABŞ dolları olub. İdxal əsasən Türkiyə, ABŞ, Böyük Britaniya, Almaniya və Asiya ölkələrindən gəlib.

İKT böyük gəlir mənbəyidir. Bu gün informasiya-kommunikasiya texnologiyaları ilə bağlı biznes dünya iqtisadiyyatının ən dinamik və yüksək gəlirli sektorlarından biridir. İnformasiya kommunikasiya texnologiyaları özü isə bütün sahələrdə birinciliyi təmin edən güclü vasitədir. Statistikaya görə, dünya ölkələrinin gəlirlərində neftin payı 3% təşkil etdiyi halda, İKT sahəsində əldə olunan gəlirlər 8% təşkil edir. Dünyanın bütün ölkələrində informasiya texnologiyalarına olan diqqət və bu sahəyə qoyulan sərmayə durmadan artır. Bu böyük gəlir mənbəyindən daha da çox faydalanmaq üçün milli strategiyalar hazırlanır və həyata keçirilir.

Bu baxımdan Azərbaycan da istisna təşkil etmir.

Ölkəmizdə sənayenin bu sahəsinin inkişafını şərtləndirən potensial imkanlar genişdir. Azərbaycan ölkənin müqayisəli üstünlüklərindən istifadə edərək regionda tanınmış proqram təminatı və İKT xidmətlərinin təchizatçısına çevrilə bilər.

Ölkəmizdə İT sahəsinin yüksək inkişaf etdiyini söyləmək doğru olmazdı. Təəssüflər olsun ki, bu sektorda Azərbaycan bir sıra qonşularımızdan da geri qalır. Əksər mütəxəssislərin ortaq qənaəti bu yöndədir ki, qanunvericilikdə müəyyən dəyişikliklər və bir sıra güzəştlərlə ölkəmizdə İT sektorunun inkişafında irəliləyişə nail olmaq mümkündür.

Azərbaycan İnternet Forumun rəhbəri Osman Gündüzün sözlərinə görə, ilk növbədə, hökumət tərəfindən münbit şərait yaradılmalıdır. Qanunvericilik buna uyğunlaşdırılmalı, kvotalar və onlar üçün güzəştli vergilər, güzəştli qeydiyyat müəyyən olunmalıdır. İlk növbədə hüquqi mühitlə bağlı məsələlər dərhal yoluna qoyulmalıdır.

Ekspertin sözlərinə görə, Rusiyanın Ukraynaya təcavüzündən sonra bu ölkəyə tətbiq edilən sanksiyalar səbəbindən İKT sektorunu böhran bürüyüb və xarici İT şirkətlərin böyük əksəriyyəti Rusiyanı tərk edib.

Onun sözlərinə görə, Ukraynda müharibə ilə bağlı Rusiya, Ukrayna və Belarusdan təxminən 1 milyondan artıq İT mütəxəxssisi köç edib. Onların Azərbaycana gəlməsi, şirkətlərə qəbulu və ya özlərinin şirkətlər qurmasına da şərait yaradıla bilər: “Rusiyanın işsiz qalan yüz minlərlə İT mütəxəssislərinin kütləvi relokasiya prosesləri başladı. 50 000 İT mütəxəssis, xüsusən də proqramçılar Ermənistana relokasiya edibmiş”.

O.Gündüz vurğulayıb ki, düşmən ölkə olan Ermənistan bu dalğadan səmərəli istifadə etməyə cəhd edir. Hazırda Ermənistanda vergi ödəyicisi olaraq 850 Rusiya şirkətinin və 350 fərdi sahibkarın fəlaiyyət göstərdiyini, 40 minədək hüquqi və fiziki şəxsin Ermənistan banklarında hesab açdığını bildirib: “Xatırlayıram ki, bir neçə gün öncə Rusiya bazarından şıxan tanınmış Amerika şirkəti NVİDİA da İrəvanda ofis açdı. Bir müddət öncə Yandex də İrəvanda 1000 nəfəri işə cəlb etməklə ofis açmışdı”.

Ekspertin fikrincə, müşahidələr göstərir ki, müharibə başlayandan sonra Rusiyadan miqrasiya edən mütəxəssislər və şirkətlər əsasən Özbəkistan, Gürcüstan, Qazaxıstan və Ermənistan bazarlarına üz tutdular: “Relokasiya proseslərində Azərbaycan yer almayıb. Bildiyim qədər bəzi dövlət qurumları bu istiqamətdə Rusiya şirkətləri, İT komandalarla danışıqlar aparsa da, biznes mühitin cəlbedici olmaması baxımından uğulu yekunlaşmayıb.

Azərbaycana Rusiyadan və Ukraynadan yalnız məhdud sayda mütəxəssislərin və ailələrin gəldiyi bildirilir.

Düşünürəm ki, on minlərlə İT mütəxəssislərin, İT şirkətlərin , eyni zamanda xarici ölələrin İT şirkətlərinin bir anda Ermənistan bazarlarında yer alması və möhkəmlənməsi bizim üçün şox düşündürücü olmalıdır”.

Osman Gündüz vurğulayıb ki, erməni diasporası və erməni milyaderləri, xeyli xarici investorlar Ermənistanda texnologiyalara, innovasiyalara və startaplara, tədqiqatlara, İT hazırlığa hədsiz böyük investisiyalar yatırırlar.

Biz nə etməliyik ?

Eksperin sözlərinə görə, ölkədə çevik və effektiv rəqəmsal sahibkarlıq infrastrukturu qurulması üçün addımlar atılmalı,  nəhəng kadr korpusu qurulmalıdır.

“Düşünürəm ki, ölkəmizdə rəqəmsal sektorun inkişafı üçün, İT biznesin və İT təhsilin inkişafı üçün, İT eksportun gücləndirilməsi üçün münbit şərait daha da inkişaf etdirilməlidir. Cəlbedici vergi güzəştləri tətbiq edilməlidir.  Bu sahədə bütün maraqlı tərəflər, dövlət, biznes və vətəndaş cəmiyyəti bir araya gəlib köklü dəyişikliklərə start vermək lazımdır”.

Ekspert qeyd edib ki, dost Özbəkistan sanksiyalar nəticəsində Belarusdan və Rusiyadan köçən İT mütəxəssislərin ölkəyə gətirilməsi üçün bu ölkə çox ciddi işlər aparıb. Özbəkistan rəsmiləri bildirir ki, müharibədən sonra adı çəkilən ölkələrdən  Daşkəndə 5000 İT mütəxəssis gəlib. Yalnız Belarusdan  2000 İT mütəxəssisin gəldiyi açıqlanıb. Özbəkistan ciddi rəqəmsal transformasiya işlərinə 2017-ci ildən start verib. Ötən müddət ərzində, yalnız son 3-4 ildə çox ciddi inkişaf edə bilib,  İT sektorda, texnoparklarda Belarusdan və Ukraynadan da  münbit olan bir  şərait formalaşdırılıb. Daşkənddə yerləşən İT Parkda hazırda 650 İT şirkət qərarlaşıb ki onlar 2028-ci ilədək bütün vergilərdən və ödənişlərdən tam azaddırlar.

İT üçün gərəkli olan ingilis dili problemini həll etmək üçün bu ölkə 30 000 ingilis dili müəlliminin ABŞ –da təkmilləşməsini təşkil edib. İT məktəblərin və kursların sayını kəskin artırıb. Bu ölkədə yüksək ixtisaslı 20 000 İT mütəxəssis var.  58 Universitetdə İT ixtisaslar var, 20 universitet isə tam İT istiqamətlidir. Görünən odur ki, Özbəkistan Belarusun, Rusiyanın və Ukraynanın İT autsorsinq biznesinin xeyli hissəsini ələ keçirib və bu istiqamətdə ciddi səylər göstərir.

Hazırda İT eksport 100 milyon $ -dır, yaxın müddət üçün 1 milyarda çatdırmağı  hədəf götürüblər. Maraqlı məqam ondan ibarətdir ki, Amerikan şirkəti olan, Nasdaq-da qeydiyyatı olan tanınmış qlobal EPAM şirkətinin də Özbəkistanda ofisi var və burada təkcə bu ölkənin öz proqramçılarının sayı 1000 nəfərə çatır. Relokasiya edənlərlə birlikdə hazırda burada 3000 əməkdaş çalışır.

Mütəxəssilər bu ilin mayında Azərbaycanda keçirilimiş “Teknofest”I bu sahədə koordinasiya üçün addım sayırlar.

Bu sırada yerli stratapçıların formalaşması mühüm məqamdır. Bunun üçün yerli investorların iştirakı olmalıdır. Teknofest çərçivəsində baş tutan Take off Baku startap yarışmasında  isə yerli investorlar gözə dəymirdi. Nəinki investorlar, heç bizim İT şirkətlərin rəhbərləri belə orada yox idi. O.Gündüz vurğulayır ki, əslində uzun illərdir ki, bizdə investor problemi həll olunmadan qalıb. Ölkədə ya angel-lər (mələk yatırımçılar), ya da vençur fondlar şəbəkəmiz demək olar ki yoxdur. Yalnız bir neçə fərdi  investorlardan söhbət gedə bilər.

Uzun illərdi ki, vençur maliyyələşmə və vençur fondlar haqqında qanun qəbul etmək mümkün olmayıb: “Anlaşılmazdır ki, 3 cavabdeh dövlət qurumu, RİNN, ASAN və KOBİA indiyədək bu məsələni həll edə bilməyiblər. ASAN-nın bu məsələ üzərində çalışdığı bildirilsə də hələlik ortada layihə yoxdur. Son zamanlar RİNN bu istiqamətdə səyləri gücləndirib. Vençur qanunun qəbulu hədsiz uzandığından RİNN digər bir tənzimləyici akta istinad etməklə  dövlət və özəl tərəfdaşlığı səviyyəsində yeni bir  vençur fondun yadardılması istiqamətində işlər aparır”.

Ekspertlərin fikrincə, əvvəllər ilkin inkişaf dövrünü keçirən yerli startaplara maliyyə yardımı ilə bağlı hansısa bir dövlət dəstəyi olsa da, son illərdə bu dövlət dəstəyi yalnız KOBİA-nın verdiyi Startap Şəhadətnaməsindən ibarətdir.

“Hansı ki, bu sənəd də yalnız gəliri olanlar üçün müəyyən dərəcədə köməkdir. Amma start vəziyyətində olanlar, ilkin inkişafa başlayanlar üçün indiki anda dövlət dəstəyi yetərli deyil”-deyə O.Gündüz bildirib.

Startapların ilkin inkişafı və böyüməsi üçün zəruri dəstək mexanizmləri hazırlanmalıdır. Universitetlərlə dayanıqlı iş birliyi qurulmalıdır, regional və qlobal bazarlara çıxış imkanları yaradılmalıdır, inkubasiya və akselerasiya mərkəzləri formalaşdırılmalıdır. Teknofest- də diqqət çəkən məqamlardan daha birisi də ölkənin İT biznesinin, texnologiya şirkətlərinin burada  iştirak etməməsi olub. Maraqlıdır ki, Türkiyədən çoxsaylı texnoloji şirkətlər festivala qatıldığı halda, hətta dronları  min kilometrlərlə yol qət edərək festivala qatıldığı halda   bizin özəl biznes burada iştirak etmirdi.

Özəllərdən yalnız İDRAK şirkəti və A2Z gözə dəyirdi və aktiv iştirak edirdilər. Hətta əsas təşkilatçı olan RİNN-lə  əməkdaşlıq edən, onların hesabına yetərincə pul qazanan İT şirkətlər, festivalın əsas tərəfdaşı olan ASAN-nın AZİNTEX konsorsiumuna daxil olan , əsasən dövlət sifarişlərinin üzərində “oturan” texnoloji şirkətlərimiz də bu cür əhəmiyyətli tədbirə qatılmamışdılar.

O. Gündüzün sözlərinə görə, Azərbaycanın İnnovasiya strategiyası, 3 ildən çoxdur ki, təsdiq gözləyir. “Dronların qedyiyyatı və istifadəsi ” ilə bağlı normal qaydalar hazırlanmayıb. Mövcud müvəqqəti Qaydalar isə dron gətirilməsi və qedydiyyat üçün 6 dövlət qurumundan icazə alınmasını tələb edir. Uzun illər ki, RİNN, KOBİA və ASAN  cəmi 10 maddədən ibarət olan  “Vençur maliyyələşmə və vençur fondlar” haqqında qanun layihəsini ortaya çıxara bilməyib.

Kriptovalyutalar haqqında qanunun qəbuluna, e-ticarət haqqında  qanunun təkmilləşdirilməsinə də ciddi ehtiyac var.

İnformasiya texnologiyaları üzrə məşhur şirkətləri Azərbaycana gətirmək lazımdır.  İT və çip istehsalı dünyada bu gün prioritet və strateji sahə sayılır. Bu texnologiyaları istehsal edəcək zavodların qurulması əsas hədəflərimizdən olmalıdır. Dünyanın bu sahədə ən nəhəng şirkətlərindən sayılan ABŞ-ın NVIDIA şirkəti Ermənistanda tədqiqat Mərkəzini açıb. Bu 27 milyard dollar illik dövriyyəsi olan, süni intellekt üzrə ən prestijli şirkətdir. 2019-cu ildə isə mikroprossesorlar istehsalı üzrə digər nəhəng şirkət olan Xilinx İrəvanda Mərkəz açıb. Azərbaycanda hələ ki, bu sahədə işlər çox ləng gedir.

Dünyada isə yarımkeçiricilər uğrunda geopolitik savaş başlayıb. Bu müharibə dünayada informasiya texnologiyaları üzərində hakimiyyəti götürməyi hədəfləyib. Ölkəmiz də bu prosesdən kənarda qalmamalıdır.

X.SƏFƏRLİ

Yazı MEDİA-nın dəstəyi ilə “informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” mövzusunda hazırlanıb

Əvvəlki məqalə

Cəbrayılda günəş elektrik stansiyası layihəsi çərçivəsində danışıqlar davam edir

Sonrakı məqalə

“Yaşlı adamam, hər şey ola bilər…” –