Çips, duzlu pretzel və digər bu tip qəlyanaltıları tez-tez yeyən yeniyetmələrdə bağırsağın iltihabi xəstəliklərinin inkişaf riski daha yüksək ola bilər. Əksinə, uşaqlıq və yeniyetməlik dövründə meyvə və balıq istehlakı bu xəstəliklərin bəzilərinin yaranma ehtimalının azalması ilə əlaqələndirilir.
Azpost.info bildirir ki, bu nəticəyə İsveçin Göteborq Universitetinin tədqiqatçıları gəlib. Araşdırma noyabrın 23-də Gut jurnalında dərc olunub.
Bağırsağın iltihabi xəstəliklərinə (BİX) Kron xəstəliyi və xoralı kolit daxildir. Bu xəstəliklər həzm traktının iltihabı ilə müşayiət olunan xroniki patologiyalardır. Onların yayılma səviyyəsi artır. Alimlər bunun müəyyən səbəblərindən birinin Qərb tipli qidalanma xüsusiyyətləri ola biləcəyini ehtimal edirlər.
Tədqiqatçılar 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində doğulmuş, təxminən 112 min insanın iştirak etdiyi üç böyük Skandinaviya araşdırmasının məlumatlarını təhlil ediblər. İştirakçılar uşaqlıq və erkən yeniyetməlik dövründə qidalanma vərdişləri barədə ətraflı məlumat veriblər. Daha sonra həmin məlumatlar 2024-cü ilədək qeydə alınmış diaqnozlarla müqayisə edilib.
Məlum olub ki, çoxlu duzlu qəlyanaltı qəbul edən yeniyetmələrdə bağırsağın iltihabi xəstəliklərinin inkişaf ehtimalı bu məhsulları daha az yeyənlərlə müqayisədə 32 faiz yüksək olub. Xoralı kolitlə bağlı əlaqə isə daha güclü olub: bu xəstəliyin yaranma ehtimalı 51 faiz yüksək qeydə alınıb.
Bununla yanaşı, yeniyetməlik dövründə çoxlu meyvə istehlakı Kron xəstəliyi riskinin 64 faiz azalması ilə əlaqələndirilib. Lakin tədqiqatçılar xoralı kolitlə meyvə istehlakı arasında oxşar əlaqə aşkar etməyiblər. Uşaqlıq dövründə daha çox balıq yeyənlərdə Kron xəstəliyi riski 35 faiz aşağı olub. Bu əlaqə uşaqlıq dövründə balıq istehlakı zamanı müşahidə edilib, yeniyetməlik dövründə isə qeydə alınmayıb.
Müəlliflər vurğulayırlar ki, araşdırma statistik əlaqələri ortaya qoyub, lakin qidalanma vərdişlərinin birbaşa xəstəlik yaratdığını və ya onların qarşısını aldığını sübut etmir.
Bununla belə, nəticələrin mümkün bioloji izahı var. Meyvələr bağırsaq mikrobiomunun müxtəlifliyinə kömək edən liflə zəngindir. Faydalı mikroorqanizmlər isə iltihabəleyhinə təsir göstərə bilən qısa zəncirli yağ turşuları istehsal edirlər.
Duzlu qəlyanaltılar isə əksinə, çoxlu doymuş yağ ehtiva edə bilər. Əvvəlki tədqiqatlara görə, bu yağlar iltihabı təşviq edən immun reaksiyalarını stimullaşdırmaq qabiliyyətinə malikdir.
Nadir