İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələri üç yeni miniatür pilotsuz uçuş aparatı (PUA) təqdim edib. Onlardan biri digər dronlarla mübarizə aparmaq, ikisi isə düşmənin yaxın məsafədəki hədəflərinə hücum etmək üçün nəzərdə tutulmuş kamikadze dronlardır.

Azpost.info bildirir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Yeni texnologiyalar Məşhəd şəhərində SEPAH-ın Aerokosmik Qüvvələrinin nailiyyətlərinə həsr olunmuş sərgidə, daha əvvəl təqdim edilmiş digər sistemlərlə birlikdə nümayiş etdirilib.

“Sayeh” (“Kölgə”) adlanan ilk pilotsuz aparat kiçik ölçülü kvadrokopterdir. O, müxtəlif tipli dronları, xüsusilə kiçik ölçülü PUA-ları ələ keçirmək və məhv etmək üçün hazırlanıb.

Açıqlanan məlumatlara görə, aparat demək olar ki, istənilən səthdən havaya qalxa, hava məkanında patrul xidməti apara və aşkarladığı hədəflərə hücum edə bilir. Bundan başqa, onu daha böyük dronlardan və ya daşıyıcı kimi istifadə edilən digər uçuş aparatlarından da buraxmaq mümkündür.

“Sayeh” gecə vaxtı və əlverişsiz hava şəraitində fəaliyyət göstərməyə imkan verən termal görüntüləmə sistemi ilə təchiz olunub. Bildirilən uçuş məsafəsi 10 kilometr, çəkisi 2 kiloqram, faydalı yükünün çəkisi isə 1 kiloqramdır. Mövcud məlumatlara görə, sürəti saatda 450–600 kilometrə çatır. Lakin uçuş müddəti təxminən 5 dəqiqə ilə məhdudlaşır.

“Qasedak” (“Zəncirotu”) adlanan ikinci aparat düşmən hədəflərinə hücum etmək üçün nəzərdə tutulub. O, radioelektron mübarizə və rabitənin basdırılması şəraitində istifadə üçün hazırlanıb.

Dron avtopilot və optik hədəf tanıma sistemi ilə təchiz edilib. Bu sistem ona operatordan və GPS daxil olmaqla peyk naviqasiyasından daha az asılı olmaqla müstəqil istiqamətlənməyə və müəyyən edilmiş obyektə yaxınlaşmağa imkan verir. “Sayeh” kimi bu aparatı da daha böyük drondan və ya başqa uçuş aparatından buraxmaq mümkündür.

“Qasedak”ın elan edilən uçuş məsafəsi 40–50 kilometr, çəkisi 13 kiloqram, faydalı yükü isə 3 kiloqramdır. Maksimal sürəti saatda təxminən 90 kilometr, uçuş müddəti isə 45 dəqiqədir.

Təqdim edilən üçüncü aparat da miniatür kamikadze dronlar sinfinə aiddir. Xarici görünüşünə görə Amerikanın “Switchblade 300” pilotsuz aparatını xatırladır.

Açıqlanan məlumatlara əsasən, istehsalçılar onun GPS olmadan da işləməsini nəzərdə tutublar. Dron avtonom idarəetməni təsvirlər əsasında naviqasiya və hədəflərin tanınması sistemi ilə birləşdirir. Bunun radioelektron mübarizə şəraitində effektivliyini artıracağı bildirilir.

Üçüncü dronun elan edilən fəaliyyət məsafəsi təxminən 20 kilometr, çəkisi 2,8 kiloqram, maksimal sürəti isə saatda 250 kilometrdir. Uçuş müddəti təxminən 5 dəqiqə qiymətləndirilir.

N.Talıblı